Azərbaycanın Qazaxıstandakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA xəbər verir ki, əvvəlcə səfirlikdə Ulu Öndərin büstü önünə güllər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, Heydər Əliyevin rolu Azərbaycan tarixində həm diplomatik, həm iqtisadi, həm də strateji baxımdan əsas yer tutur. O, beynəlxalq arenada gərgin diplomatik iş aparıb, çoxsaylı dövlətlərlə danışıqlar nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın işğalçılıq siyasətinin pislənməsi ilə bağlı qətnamələrin qəbul edilməsinə nail olub.
Ağalar Atamoğlanov diqqətə çatdırıb ki, Heydər Əliyev Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaradarkən bunu həm də Qarabağın azadlığı üçün edirdi. Çünki güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi.
“Onun təşəbbüsü ilə reallaşdırılan nəhəng iqtisadi layihələr ölkəyə böyük maliyyə vəsaiti gətirməklə yanaşı, güclü ordunun yaradılmasına da şərait yaradıb. Qarabağın azadlığı üçün güclü ordunun yaradılması vacib məsələ idi”, - deyə səfir vurğulayıb.
Diplomat xatırladıb ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub və bu çərçivədə Qazaxıstanda bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.
“Eyni zamanda, Astananın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adı verilib, onun haqqında Qazaxıstan TV sənədli film çəkib və “Qazpoçt” tərəfindən poçt markası buraxılıb. Bütün bunlar Heydər Əliyevin xidmətlərinin və irsinin unudulmaz olduğunu göstərir”, - deyə səfir qeyd edib.
Digər çıxış edənlər vurğulayıblar ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusunun gücü və qüdrəti artıb. Bunun ən bariz nümunəsi isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir.
Tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, bu ölkədə yaşayan soydaşlarımız da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə