Zəfər Günü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyinin, Milliyyətçi Hərəkat Partiyasının nəzdində fəaliyyət göstərən Əhməd Cavad İnstitutunun və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankara Ticarət Palatasının Konqresium binasında möhtəşəm konsert proqramı təşkil olunub. SİA xəbər verir ki, üç minə yaxın qonağın olduğu tədbirdə Türkiyənin milli müdafiə, təhsil və səhiyyə nazirləri, çox sayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Türk Silahlı Qüvvələrinin rəhbər heyəti, ziyalılar və digər rəsmi şəxslər iştirak ediblər.
Proqram Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut, ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb.
Azərbaycan - Türkiyə qardaşlığını, qürurverici zəfəri tərənnüm edən qısametrajlı film nümayişinin ardından Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışı edərək, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı zəfərin həm Azərbaycan-Türkiyı münasibətlərində, həm də Türk dünyasının birliyinin güclənməsindəki rolundan danışıb.
Səfir Vətən müharibəsi dövründə Türkiyənin, Türkiyə Prezidenti və digər dövlət rəsmilərinin Azərbaycanın haqq savaşına verdiyi siyasi və mənəvi dəstəyin ikitərəfli münasibətlərin güclənməsinə verdiyi töhfəni vurğulayıb. Milliyyətçi Hərəkat Partiyasına tədbirin keçirilməsi üçün irəli sürdüyü təşəbbüsünə görə təşəkkürünü bildirən səfir, MHP və onun sədrinin türk dünyası ilə ilə bağlı həssasiyyətini xüsusi qeyd edib.
TÜRKSOY-un Baş katibi Sultan Rayev açılış çıxışında Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin Türk dünyasının hər bir guşəsində əks-səda verdiyini, ortaq zəfər kimi qeyd olunduğunu bildirib.
Əhməd Cavad İnstitutunun direktoru Ruhi Ersoy İsmayıl Qaspıralının səsləndirdiyi “Dildə, fikirdə, işdə birlik” şüarının bu gün gerçək olduğunu, türk dövlətlərinin sevinc və kədərlərini bərabər yaşadığını ifadə edib.
Türkiyə dövləti adından dövlət qonağı qismində iştirak edən milli müdafiə naziri Yaşar Gülər çıxış edərək, Azərbaycanın şanlı ordusunun var gücünü səfərbər edərək tarixi torpaqlarını düşmən işğalından azad etməsinin həm Azərbaycan, həm Türkiyə tarixində müstəsna yerini olduğunu vurğulayaraq, Azərbaycanın gücünün Türkiyənin gücü, Türkiyənin gücünün Azərbaycanın gücü olduğunu qeyd edib.
Konsert Türkiyənin Cümhurbaşkanlığı Simfonik Orkestrinin, Ankara Dövlət Çoxsəsli Xorunun, TRT Ankara Radiosu Çoxsəsli Xorunun müşayiəti, Azərbaycandan xalq artisti Azər Zeynalov, dirijor Mustafa Mehmandarov, kamança ifaçısı Xəyyam Məmmədov daxil olmaqla Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan tanınmış sənətçilər tərəfindən Azərbaycan bəstəkarlarının vətənpərvərlik ruhunda yazılmış sevilən əsərlərinin ifası ilə baş tutub. Tamaşaçılar tərəfindən böyük maraq göstərilən konsertdə, Azərbaycan-Türkiyə qardaşlığının simvollarından biri olan “Çırpınırdı Qara dəniz” mahnısı bütün Türk dövlətlərini təmsil edən sənətçilər tərəfindən hər biri öz dilində olmaqla səsləndirilərək, bir növ türk dünyasının milli marşı kimi təqdim olunub.
Proqramın keçirildiyi zalın foyesində “Qarabağdan əsintilər” adlı, Vətən müharibəsində şanlı Zəfərə gedən yolu, Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən sərgi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə