Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. SİA qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağımızın yaranmasının tarixinə qısa nəzər salır.
Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir.
Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.
Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.
2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.
Daha bir tarixi an isə 2023-cü il oktyabrın 15-də - dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi.
Ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrinə əbədi həkk olundu.
Hazırda düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsində böyük addımlar atılır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Artıq Qarabağda və Şərqi Zəngəzurda 30 minə yaxın insan məskunlaşıb və bu rəqəm sürətlə artmaqdadır. Yaxın üç ildə bu ərazilərə 140 min insanın köçürülməsi planlaşdırılır.
Bütün bu zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.
Qeyd edək ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Bütün xəbərlər Facebook səhifəmizdə