"Hökumət "Könüllü Qayıdış" proqramına da start verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Köç prosesi qısa müddətdə yekunlaşmalıdır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

O bildirib ki, çünki azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı həm də düşmən tərəfindən o bölgələrə olan iddiaları qarşısında spərdir: "İkincisi isə, insan resursuna qalib gəlmək mümkün deyil. İnsan varsa, həyat var, məskunlaşma var. Qarabağ Azərbaycanın leqallaşma anlamında mühüm əhəmiyyət kəsb edir. Bu mənada "Böyük Qayıdış" prosesi həm də strateji məqsəd kimi qiymətləndirilməlidir. Amma elə hesab edirəm ki, hökumət müəyyən müddətdən sonra artıq "Könüllü Qayıdış" proqramına da start verməlidir. Əlbəttə ki, burada əlverişli kommunikasiyaların olması nəzərə alınmalıdır ki, özləri öz təşəbbüsləri ilə də mülklərini bərpa etmək niyyətləri var. Buna da start verilsə, köç prosesi kifayət qədər sürətli başa gələr və tamamlanar.

Artıq şəhər mərkəzləri, xüsusilə də, Xankəndi, Şuşa, Ağdərə, Laçında yaşayış var. Dövlət qısa müddət ərzində qayıdışın müəyyən hissəsini təşkil edə bildi. Amma qarşıda Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcərin yenidən qurulmasının şahidi olacağıq. Dövlət buralarda mütləq yeni baxışlar ortaya qoymalıdır. Burada da iki vacib istiqamət izlənilir. Birinci, "Smart Qarabağ"ın qurulması üzərində qiymətləndirilməlidir ki, yeni standartlara uyğun həyat şəraiti təmin olunsun. İT dövləti yaratmaq ideyası üzərindən böyük yüklər ortaya qoymuş olsun. "Böyük Qayıdış" o bölgədə özü ilə potensial olaraq təhsili, mədəniyyəti yenidən qurmağa səsləyir və bunun əsasında başlamalıdır. Ona görə biz köç prosesi haqqında ilk olaraq həm də onu deməliyik ki, 2030-cu ilə qədər minimum yarım milyon vətəndaşı bölgəyə qaytarmalıyıq. Buna həm də məcburuq. İndiki vəziyyətdə isə Zəngilanın Ağalı kəndindəki ilk köçdən etibarən yeni dalğa yaşanır. Məncə, elə gün olmur ki, Bakıdakı qaçqın şəhərciklərindən Qarabağa doğru yük karvanı getməsin. Onlar yeni həyat, ocaq qurmağa gedirlər. Azərbaycanın sərhədini güclü şəkildə təmin etməyə doğru gedirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə