“Sülh qovşağı” adlı UYDURMA – TƏHLİL

İllərdir ki, Ermənistanın utopic xəyallar qurduğuna nəinki biz, bütövlükdə dünya ictimaiyyəti belə şahiddir. Ələlxüsus da Ermənistanın baş naziri Nikol Paşinyanın xəyalpərəstliyi, vaxtaşırı uydurmalara əl atması bütün dünyaya tanışdır. İndi erməni cəmiyyəti belə başa düşür ki, məhz Qərbin layihəsi olan Vovayeviçin xəyalpərəstliyinə, uydurmalarına aldanaraq, haylar onu Ermənistanın baş naziri seçiblər. Amma əli sarıqlı, beli çantalı küçə nümayişçisinin İrəvanın küçə və meydanlarında uydurduqlarının həqiqətdən uzaq olduğu qənaətində olan haylar belə erməni baş nazirin dediklərinə daha inanmırlar və “Sülh qovşağı” adı altında yeni uydurmasının da yalan olduğu zərrə qədər də şübhə doğurmur. Xüsusən də statistik məlumatlar, reallıqlar belə təsdiq edir ki, Paşinyanın “Sülh qovşağı” da bir uydurma, bir yalandır.

Ən sadə iqtisadi təhlil belə təsdiq edir ki, Nikolun fikirlərinin heç bir iqtisadi əsası yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə artıq utanmadan, çəkinmədən və əsassız şəkildə bəyan edib ki, ölkəsi təşəbbüs göstərdiyi “Sülh qovşağı” layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər. Amma necə və hanşı şəkildə əldə edə biləcəyini erməni baş nazir qətiyyən əsaslandırmayıb. Əslində, heç əsaslandıra da bilməz, çünki bu mümkün deyil axı. Ən sadə iqtisadi təhlil belə təsdiq edir ki, Nikolun fikirlərinin heç bir iqtisadi əsası yoxdur. Reallıq bundan ibarətdir ki, bütün mümkün tədbirlərə Paşinyan əl atsa belə, hər şey onun istədiyindən də yaxşı olsa belə, Ermənistan tranzitdən bu qədər gəlir əldə edə bilməz. Çünki Ermənistanın tranzit potensialı məhduddur və bu baxımdan da Nikol Paşinyanın proqnozları qətiyyən reallığa, həqiqətə uyğun deyil. Yəni, onun dedikləri, “Sülh qovşağı” ilə bağlı söylədikləri sadəcə, uydurmadır.

Yeri gəlmişkən, bu uydurma proqnozlar verərkən şəxsən Vovayeviçdən soruşmaq lazım idi ki, bu ilin birinci yarısında Ermənistan özü yük maşınlarının Gürcüstan ərazisindən tranziti üçün nə qədər vəsait ödəyib? Görəsən, “fantastik” proqnozlar verən Nikol bilirmi, yaxud da nəzərə alırmı ki, ölkəsi cari ilin altı ayı ərzində yük maşınlarının Gürcüstan ərazisindən tranziti üçün cəmisi 13 milyon dollar ödəniş edib? Belə çıxır ki, il ərzində Ermənistan həmin yük daşınmalarına görə cəmisi 26 milyon ABŞ dolları ödəməli olur. Bu rəqəm nə qədər şişsə belə 30 milyon dolları aşa bilməz. Hətta Nikol da bu rəqəmi istədiyi qədər şişirtsə belə dediyi proqnozların uydurma olmadığını təsdiq edən rəqəmi ala bilməz.

Nikol Paşinyan ağlına gələn proqnozu verdiyi zaman ən azından maraqlanmalı idi ki, görəsən yanvar-iyun aylarında Gürcüstan ərazisindən ümumilikdə nə qədər yük maşını keçib və bununla da həmin ölkənin büdcəsinə nə qədər vəsait daxil olub. Əgər maraqlansa idi və yaxud nəzərə alsa idi ki, cari ilin birinci yarısında qonşu ölkənin ərazisindən cəmisi 249,4 min yük maşını keçib və bununla da həmin ölkənin büdcəsinə cəmisi 32 milyondan bir qədər artıq ABŞ dolları daxil olub, bu qədər şişirtmə proqnoz verməkdən çəkinər, ya da bir ar-abır edərdi. Əgər Gürcüstan ərazisindən keçən hər bir nəqliyyat vasitəsinə görə Ermənistanın tranzitə görə 130 dollar ödədiyini və sadalanan statistik göstəriciləri ona xatırladan belə olsaydı bu qədər uydurma proqnoz verməyə bəlkə də cəsarət etməzdi. Fəqət bu sadalananlarla bağlı erməni baş nazir nə özü düşünüb, nə də ona xatırlatma edilib deyə, əsassız şəkildə ağlına gələn proqnozu verib. Daha doğrusu uydurub.

Paşinyanın uydurmalarına heç cür don geyindirmək mümkün deyil

Doğrudur, yeni nəqliyyat dəhlizlərinin yaradılmasına maraq məntiqidir və Cənubi Qafqaz ölkələrinin marağı da başadüşüləndir. Ermənistan özünün də son dövrlərdə perspektivli görünən layihələrdən geridə qalmaq istəməməsi anlaşılandır. Amma anlaşılmayan Ermənistanın baş naziri Nikol Paşinyanın fantastik proqnozlar verməsi, “Sülh qovşağı” uydurma səsləndirməsidir. Ermənistanın qonşu ölkəsi olan Gürcüstanın tranzit rüsumlarından əldə etdiyi gəlirləri nəzərə aldıqda, Paşinyanın uydurmalarına heç cür don geyindirmək mümkün deyil. Əvvəla ona görə ki, Ermənistan məhz Gürcüstandan artıq hansısa coğrafi üstünlüklərə sahib deyil. Əksinə, Gürcüstanın coğrafi üstünlükləri və imkanları Ermənistana baxanda daha çoxdur. Gürcüstandan fərqli olaraq, Ermənistanın heç dənizə çıxışı da yoxdur və tranzit baxımında da müqaisəyə gəlməyəcək dərəcədə qonşu ölkədən geri qalır. Belə olan halda, Gürcüstanın tranzit rüsümündan əldə edə bilmədiyini Ermənistan necə əldə edə bilər axı?

Dənizə çıxışı olmayan bir ölkənin, yəni Ermənistanın öz ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edəcəyi tranzit rüsumlarından xəyal etdiyi qədər gəlir əldə etməsi barədə proqnozlar həddən artıq dərəcədə, hətta fantastik şəkildə şişirtmədir. Şəxsən Paşinyan bilirmi, yaxud nəzərə alırmı ki, 2021-ci ilin yanvarından bu vaxta qədər Ermənistan nəqliyyat vasitələrinə tətbiq olunan tranzit rüsumlarından Gürcüstan büdcəsi ümumilikdə təxminən 73 milyon ABŞ dollar məbləğində gəlir əldə edib? Yəni, erməni baş nazir bu statistik göstəricini heç olmasa nəzərə alsa idi başa düşərdi ki, Gürcüstan kimi dənizə çıxışı olan bir ölkə dörd ilə yaxın müddət ərzində Ermənistandan heç bir milyardın onda biri qədər də vəsait ala bilməyibsə, onun soylədiklərinin ağ yalandan başqa bir şey olmadığı qənaətinə gəlmək heç də çətin deyil. Bəs yaxşı bütün bunların fonunda öz uydurmalarına Paşinyan necə don geyindirməyi düşünür? Maraqlı və məntiqi suallar ortaya çıxır, amma deyəsən bu sualları Ermənistanın baş naziri qətiyyən özü-özünə verməyib. Yaxud, görünür erməni cəmiyyətində belə suallar ona qətiyyən ünvanlanmayıb, əks halda, yalanlarına, uydurmalarına hərhansı şəkildə don geyindiməyə çalışardı, baxmayaraq ki, bu boyda uydurmaya, yalana hansısa don geyindirmək qətiyyən ağlasığan deyil.

“Sülh qovşağı” ilə bağlı fantastik proqnozun, daha doğrusu uydurmaların əsassız olduğunu təsdiq edən məqamlar

Beli çantalı, əli sarıqlı küçə nümayişçisi, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan ola bilsin başa düşə, ya da hesablaya bilməyib ki, Ermənistanın tranzitdən 10 milyardlarla dollar qazanması üçün bu ölkədən təxminən 77 milyon ədəd yük maşını keçməlidir. Əgər bunu başa deşə, yaxud hesablaya bilsəydi dərk edərdi ki, onun fantastik proqnozunun gerçəkləşməsi qətiyyən mümkün deyil və statistik rəqəmlər də dediklərinin uydurma olmasını təsdiq edən məqamlardır. Belə məqamlar heç də az deyil və erməni baş nazir bunlar haqqında gərək vaxtında düşünərdi ki, əsassız proqnozlarla, yəni uydurmalarla özünü gülünc vəziyyətə salmasın. Amma görünür uydurmalara elə alışqandır ki, gülünc olmaqdan belə qətiyyən çəkinmir.

“Sülh qovşağı” dediyi layihənin, daha doğrusu uydurmanın işə düşməsinin ilk ilində Ermənistanın nəqliyyat sisteminin 4,7 milyon ton yükün tranzitini təmin edə biləcəyini Nikol Paşinyan əsassız şəkildə iddi edir və bunun da əsassız olduğunu statistik göstəricilər təsdiq edir. Xüsusən də 2050-ci ilə qədər qeyd olunan göstəricinin 10 milyon tona çatacağı barədə fantastik proqnoz verən Nikol Paşinyan belə görünür heç dərk etmir ki, yüklərin əksər hissəsi avtomobillərlə daşınacaq və 26 il ərzində keçən avtomobillərin 26 milyondan artıq ola bilməyəcəyi 10 milyard ABŞ dolları qazanmaq üçün tələb olunan avtomobil sayının üçdə birindən də azdır. Sözsü ki, sadalananlar məhz “Sülh qovşağı” ilə bağlı fantastik proqnozun, daha doğrusu uydurmaların əsassız olduğunu təsdiq edən məqamlardır. Ümid edirik ki, həmin sadalanan məqamları nə vaxtsa Nikol Paşinyan başa düşər, yaxud nəzərə alar və bir daha “Sülh qovşağı” adlı uydurma səsləndirmək istəyinə düşməz...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə