Döyüş meydanında qazanılan Zəfər TƏHLİL

Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına səbəb oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilib. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağının tezliklə Qarabağ torpağında azad olunacaq ərazilərdə sancılacağı gün qarşıda idi.Həmin zaman yetişdi. 27 sentyabr 2020-ci il tarixi.

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi günlərini yaşadı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edildi. Tarixin yaşanılacaq zamanlarında Zəfər tariximiz şərəf tarixi olaraq vərəqlənəcəkdir. Müharibənin qızğın getdiyi günlərdə demək olar ki, hər gün kənd, qəsəbə və şəhərlərin işğaldan azad olunması xəbərini eşidirdik.

"İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏT HƏR ŞEYƏ QADİRDİR"

44 gün milyonlarla insanın səbirsizliklə gözlədiyi CƏBHƏ XƏBƏRLƏRİ. Hər gün eşitdiyimiz xəbərlər bizi qələbəyə daha da yaxınlaşdırırdı. Otuz ilə yaxın bir zamanda insanların əzəli torpaqlarımıza dönəcəyi arzularının reallaşmasına hər ötən gün yaxınlaşırdıq. Azərbaycan Ordusu respublikamızın ərazi bütövlüyünü təmin etmək uğrunda Ermənistanın hərbi təxribatına qarşı mübarizə aparırdı. İşğal altındakı torpaqlarımızın bir hissəsi, bir neçə strateji əhəmiyyətli yüksəklik qısa bir vaxtda azad olundu və düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edildi, mühəndis-istehkamları dağıdıldı. Təbii ki, əldə olunan qələbəmizin əsasında hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizdə güclü iqtisadiyyatın yaradılması istiqamətində apardığı uğurlu və məqsədyönlü siyasət dayanırdı. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikri bir daha Vətən müharibəsində öz təsdiqini tapdı.

Vətən müharibəsində xalqımızın düşmənə qarşı apardığı mübarizə ədalətli və özünün işğal olunmuş torpaqlarının azad olunması məqsədini daşıyırdı. Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, xalqla hakimiyyətin həmrəyliyi, ölkəmizdə yaranan siyasi birlik, xalqımızın ruh yüksəkliyi və qələbəyə möhkəm inamı sayəsində mənfur düşmənin torpaqlarımızdan qovulacağına qəti əminlik yaratmışdır.

"ƏGƏR ONLAR İŞĞALÇINI DAYANDIRA BİLMİRLƏRSƏ, AZƏRBAYCAN ƏSGƏRİ ONLARI DAYANDIRACAQDIR"

Düşmən təxribatlarına son qoymağa və torpaqlarımızdan bir dəfəlik getmələri tələb olunarkən, "Qarabağ Azərbaycandır", "Qarabağa Azadlıq" şüarları səsləndirildi. Azərbaycan gəncləri mübarizəni sosial şəbəkələr vasitəsi ilə də apararaq, müasir dövrün tələblərinə uyğun olaraq informasiya müharibəsində fəallıq göstərdilər. "Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim", - deyən Azərbaycan Prezidenti bildirib ki, bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır: "Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir".

ZƏFƏR GÜNÜ QARŞIDA İDİ

Heç kəsdə şübhə doğurmurdu ki, güclü orduya, iqtisadi gücə, milli birliyə malik olan Azərbaycan işğal altında olan torpaqlarımızı qarış-qarış azad edirdi. Ordumuzun yüksək döyüş hazırlıq qabiliyyəti, ən son növ döyüş texnikası və hərbi avadanlıqlar ilə təmin olunması eləcə də gənclərimizin ölkə rəhbərliyinə və ordumuza verdiyi dəstək bunu deməyə əsas verdi. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın yağı düşməndən azad edilməsi istiqamətində yürütdüyü siyasət xalqımıza Zəfər sevincini yaşatdı. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Dövlət başçısına ünvanlanan məktublarda da qələbə əzmi, dövlət başçısna minnətdarlıq özünü açıq-aydın göstərirdi. Erməni vandalları tarixən xalqımıza qənim kəsilmiş və həmişə Azərbaycan torpaqlarına göz dikmişlər. Cənab Prezident rəhbərliyi ilə Azərbaycan Ordusu tariximizdə yeni zəfər səhifəsi açaraq ərazi bütövlüyünün təmin olunması və Qarabağın işğaldan azad edilməsi tarixini yazırdı. Məktublardan birində belə yazılırdı: "Başladığınız haqq davası ilə dünyaya bir daha sübut etdiniz ki, Azərbaycan xalqı sülhsevər olduğuna görə ərazi bütövlüyünü sülh yolu ilə təmin etmək üçün uzun illərdir hərbi yola əl atmamış, səbir etmişdir. Ermənistan hakimiyyətinin və şovinist ermənilərin pis xislətləri bu savaşda da özünü göstərir. Belə ki, bizim ordumuz öz torpaqlarımızda erməni hərbçiləri ilə döyüş apardıqları halda, onlar yaşayış məntəqələrinə atəş açaraq günahsız və dinc əhaliyə, yaşlı və körpə insanlara qarşı müharibə cinayəti törədirlər. Onların bu əməlləri sübut edir ki, müzəffər Ordumuzun qarşısında tab gətirə bilmədiklərinə görə dinc əhalidən qisas alırlar. Müzəffər Ali Baş Komandan, məlumdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün əlinizdən gələni əsirgəmirsiniz. Buna görə də şanlı Ordumuz bu gün ön cəbhədə mühüm uğurlar qazanır. Xalqımız inanır ki, Sizin siyasətiniz və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın ərazisi bütövləşəcək, işğal olunmuş ərazilər azad ediləcək və ölkəmizin rifahı yüksələcəkdir. Bu yolda biz də Sizin yanınızdayıq. Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük. Həyatınızı dövlətimizə və xalqımıza həsr etdiyinizə görə Sizə minnətdarıq. Qarabağ Azərbaycandır!".

Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bəyanatda göstərilirdi ki, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq: Bəyanatdan da göründüyü kimi, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək təhvil verməli idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti, Prezident İlham Əliyev həmişə olduğu kimi humanizm prinsiplərinə böyük üstünlük vermiş oldu.

Azərbaycanın qazandığı Zəfərdə dövlət-xalq birliyi, Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna olan inam, son 30 ildə ölkəmizin keçdiyi inkişaf yolu əsas rol oynadı. Əlbəttə ki, müharibənin gedişi deməyə əsas verirdi ki, düşmən döyüş meydanında çox böyük itkilər verərək uduzmuş dövlətə çevrilirdi. Vətən müharibəsi Azərbaycanın böyük Zəfəri ilə bitdi. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə idi ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 44 günlük müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində, sadəcə, müharibə meydanında deyil, həmçinin diplomatik cəbhədə də mübarizə aparan Azərbaycan hər iki döyüşdən qalib çıxdı. Beləliklə, 30 ilə yaxın davam edən münaqişə başa çatmaqla yanaşı, tarixi ədalət bərpa olundu, bölgədə yeni reallıqlar yarandı.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə