"Hətta Qarabağın azad bir dövlət kimi qurulmasının tərəfdarıdırlar" - ŞƏRH EDİLDİ
"“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında, guya, Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılması kimi dezinformasiyalar, hətta bəzən bizi təəccübləndirəcək mənbələrdən də yayımlanır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, bunun da səbəbi yenə özümüzük, çünki biz bizə yaxın bildiyimiz bölgələri, xalqları, dövlətləri və onların mediasını nəzarətdən və diqqətdən kənar qoyuruq: "Bu "EekadFacts" adlı resurs da ərəb bölgəsinə aid, ərəb dilində yayımla məşğul olan resursdur. Onlar belə anlaşılır ki, ərəblərin maraq və mənafelərinə xidmət edən paylaşımlarla məşğuldurlar. Ərəblərin də əksəriyyəti müsəlmandır. O baxımdan biz azərbaycanlıların din qardaşı sayılırlar. Gəlin fikirləşək ki, bu din qardaşlarımız niyə bizimlə bağlı dezinformasiya yayır? Bunun arxasında nə var, kim var, niyə bu baş verir? Bunun səbəbini mən bilirəm. Biz oraları nəzarətdən və diqqətdən kənar qoymuşuq. Azərbaycanda özəlliklə "Twitter"in ərəb dilli seqmenti ilə işləyən adamlar demək olar ki, yoxdur. Bu boşluğu kim doldurmalıdır? Əlbəttə ki, dövlət qayğısına qalmalıdır".
"Yəni özfəaliyyət də mümkündür. Ərəb dili bilənlərin arasında təəssüflər olsun ki, böyük siyasətlə, bu cür məsələlərlə məşğul olanlarımız elə də çox deyil. Nəinki çox deyil, bəzən heç yoxdur. Ona görə də dövlət uyğun adamlardan bir komanda formalaşdırmalıdır ki, sadəcə Amerika, Avropa, Rusiyanın mediasını deyil, ərəblərin mediasını da izləyək və belə məsələlər olanda uyğun cavabları verək. Problemi, məncə, özümüzdə axtaraq, həlli yolunu da mən dedim. Kimlərsə bunu eşidib edər, lap yaxşı, etməzsə, o boşluq yenə də bizim əleyhimizə işləyəcək. Özəlliklə də ermənilər həmin boşluqdan ciddi şəkildə istifadə edəcəklər. Bilirsiniz ki, ərəb ölkələrində yetərincə çox sayda erməni yaşayır. Onlar erməni cəmiyyətinə inteqrasiya olunublar. Ərəb dilini çox gözəl bilirlər. Hətta vəzifələr tuturlar. Təbii ki, olduqları yerlərdə də anti-türk fəaliyyətindən də qalmırlar. Fələstin məsələsində Azərbaycanda bir sıra adamlar bizi də tənqid edir ki, niyə Fələstini dəstəkləmirsiniz? Biz də izah etməkdən yorulmuşuq ki, Fələstin ərəbləri ermənilərin təsiri altındadır. Hətta Qarabağın azad bir dövlət kimi qurulmasının tərəfdarıdırlar. Biz onları boş buraxdığımız üçün baş verir. Ona görə də, işləmək lazımdır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə