"Paralel olaraq bizdə milli adaptasiya planı hazırlanır" - MÜNASİBƏT BİLDİRİLDİ

"“Troyka” deyəndə üç ölkəni – Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Brazilyanı nəzərdə tuturuq. Bu üç ölkədə ard-arda keçirilən COP tədbirləri silsilə xarakteri daşıyır". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

O bildirib ki, iqlim dəyişmələrinə qarşı mübarizə və yeni milli töhfə sənədlərinin qəbul olunmasına keçid baxımından çox böyük əhəmiyyət kəsb edir: "Ümumiyyətlə, Azərbaycanda keçiriləcək COP29 tədbirinin əsas qayəsi yeni mənbələrin iqlim dəyişmələri ilə mübarizədə tapılması olacaqdır. Yeni maliyyə mənbələrinin axtarılması, onların tapılması və iqlim dəyişmələrinə sərf olunması COP29-un əsas prioritetlərindən biri olacaq.

Bu maliyyə, əlbəttə ki, yeni infrastruktura, alternativ enerji mənbələrinin istehsal proseslərinin təşkilinə, istiliyə davamlı yeni meşə massivlərinin salınmasına, iqlimə adaptasiya proseslərinin gücləndirilməsinə bu kimi bütün məsələlərə sərf olunacaq. Təsəvvür edin ki, biz ənənəvi avtomobillərdən elektrik avtomobillərinə keçiriksə, bu zaman hökmən elektrik enerjisinin mənbəyini də alternativ enerjidən təşkil etməliyik. Başqa halda bunun o qədər də əhəmiyyəti olmur. Bu isə günəş və külək enerjisi ola bilər ki, onların tikintisi, istifadəyə verilməsi və şəbəkəyə qoşulması üçün çox böyük xərclər lazımdır. Məhz Azərbaycanın təşəbbüsü ilə yeni bir fondun yaradılacağı gözlənilir. Bu fond o məqsədi daşıyacaq ki, neft istehsal edən ölkələr mütləq şəkildə inkişafda olan ölkələrə iqlim dəyişmələri ilə mübarizədə onların milli töhfə sənədlərinin həyata keçirilməsində kömək edə bilsinlər. Bu həm də Azərbaycanın neft ölkəsi kimi öz gələcəyini necə görməsini ortalığa qoyur. Bilirik ki, Azərbaycanda milli töhfə sənədi kifayət qədər ambisiyalı sənəddir. Bu məqsədlə ölkəmizdə çox böyük elektrik stansiyaları tikilir. Günəş, külək elektrik stansiyaları istifadəyə verilir. Azərbaycanın enerji istehsalı payında alternativ enerji mənbələrinin gücü artırılır. Paralel olaraq bizdə milli adaptasiya planı hazırlanır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə