"Qələbə əhəmiyyətinə görə Azərbaycan coğrafiyasını aşır" - ŞƏRH EDİLDİ

"2020-ci il 27 sentyabr günü qədim və zəngin dövlətçilik tariximizdə xüsusi yer tutur. Həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsinin gedişində təcavüzkar Ermənistan məğlub edildi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qarşısında diz çökdü. Vətən müharibəsi öz xarakterinə görə ədalətli, azadlıq müharibəsi idi. Azərbaycanın haqq işini bərpa etmək, işğalçını qovub torpaqlarımızı azadlığına qovuşdurmaq məqsədi güdürdü. 27 sentyabr tarixində başlayan proseslər bir müddət sonra sərhədlərimiz üzərində nəzarətin tam bərqərar edilməsi ilə nəticələndi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

O bildirib ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edilsə də, sərhədlərə heç bir zaman tam nəzarət edilməyib: "İşğalçı ölkə Azərbaycana silah-sursat və terrorçu qrupları daşımaqda davam edirdi. Vətən müharibəsindən sonrakı möhtəşəm addım isə 2023-cü il sentybar ayının 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləridir. Bu tədbirlər nəticəsində düşmən tamamilə ləğv edildi, separatçı rejim ağ bayraq qaldırdı. 1988-ci ildən bəri ilk dəfə olaraq Xankəndində dövlət bayrağımız ucaldıldı. Bunu həyata keçirən Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev oldu.

Azərbaycanın qazandığı qələbə ilə tariximizdə yeni bir dövr başladı. Azərbaycan dinc quruculuğa qədəm qoydu. Qazanılan qələbə ilə cənab Prezident İlham Əliyev Azərbaycan xalqının arzu və istəklərini gerçəkləşdirdi. Millətimiz başlıca hədəfinə nail oldu. Əldə edilən qələbə əhəmiyyətinə görə Azərbaycan coğrafiyasını aşır. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dövləti təkcə Ermənistan, dünya erməniliyi deyil, onların havadarları üzərində qələbə qazandı, orta əsrlərdən bəri yürüdülən siyasəti darmadağın etdi, ermənilərin uydurma Böyük Ermənistan xülyalarını parçalayıb dağıtdı. Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi. Qazanılan qələbə ilə cənab Prezidentimiz yeni müstəmləkəçilik ünsürlərindən əziyyət çəkən xalqlara da yol göstərdi, dünyada haqq-ədalətin rəmzi oldu. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər ağıllı şəhər və kəndlərin tikilməsi, cənab Prezidentimiz İlham Əliyevin gələcək Azərbaycan baxışlarıdır. Həmin ərazilərimizə qısa müddət ərzində vətəndaşlarımız, keçmiş məcburi köçkünlər qaytarılıb, lazımi bütün infrastruktur yaradılıb. Azərbaycan elmi, təhsili və mədəniyyəti işğaldan azad edilmiş ərazilərimizə qaytarılır. Aparılan işlər dövlət başçısının rəhbərliyi altında iqtisadi-maliyyə planlaşdırılmasının dəqiq aparıldığını göstərir. 27 sentyabr şəhidlərimizin anım günüdür. Allah şəhidlərimizə rəhmət etsin".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə