"Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın Dövlət Suverenliyi Günü Müstəqillik, Bayraq və Zəfər günləri ilə yanaşı dayanan ən önəmli bayramlarımızdan biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

O bildirib ki, suverenlik dövlətin mövcudluğunun və müstəqilliyinin əsas elementidir: "Dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir.

Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir".

Onun sözlərinə görə, dövlət suverenliyinin iqtisadi, siyasi və hüquqi əsasları var: "Dövlət suverenliyinin iqtisadi əsaslarını onun ərazisi, təbii və mədəni sərvətləri, siyasi əsasını isə sabit, bərqərar olmuş dövlət və onun institutlaşmış dövlət idarəçiliyi mexanizmləri təşkil edir. Suverenliyin hüquqi əsasında isə dövlətin konstitusiyası və digər hüquqi-normativ aktları, eləcə də dövlətlərin bərabərliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suveren hüquqlarına müdaxilənin yolverilməzliyi hüququnu təsbit edən beynəlxalq hüququn qəbul edilmiş prinsipləri dayanır. Bu baxımdan, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin bərpasını ifadə edən Dövlət Suverenliyi Gününün təsis edilməsinə doğru aparan yolun hər qarışını millət olaraq qürur və şərəf tariximizin parlaq səlnaməsi hesab edirəm!

Yaşasın müstəqil, suveren Azərbaycan Respublikası!

Tanrı millətimizi, dövlətimizi qorusun!"

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə