“Antiterror tədbirləri hər zaman Azərbaycan tarixində xüsusi yer tutacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
“Antiterror tədbirlərinin artıq ildönümüdür. Azərbaycan tarixində anti-terror tədbirləri çox böyük əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsindən sonra çox gərgin vəziyyət yarandı, ölkəmizə qarşı çoxsaylı basqılar oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Musayev deyib.
O bildirib ki, Azərbaycan bütün basqı və təhidlərin öhdəsindən gəldi: “2023-cü il sentyabrın 19-20-i tarixlərində 23 saat ərzində antiterror tədbirləri həyata keçirildi. Bu əməliyyat əhəmiyyəti baxımından çox böyük hadisə idi. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərimizin hər birinin azad edilməsi prosesi çox mühüm əhəmiyyətə sahibdir. Antiterror tədbirləri isə ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazıldı.
Antiterror tədbirləri nəticəsində ermənilər Azərbaycan ərazilərini könüllü surətdə tərk etdilər. Xarici qüvvələr, Qərb dövlətləri isə ərazilərimizdə olan ermənilərdən bizə qarşı istifadə etmək istəyirdilər. Lakin bu planları da suya düşdü.
Bütövlükdə antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini təmin etdi. Eyni zamanda separatçılar və terrorçu qruplaşmalar ölkəmizdən çıxarıldı. Buna görə də antiterror tədbirləri hər zaman Azərbaycan tarixində xüsusi yer tutacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə