Azərbaycan Milli Məclisə seçkilər sağlam rəqabət şəraitində keçirilir - Dmitri Juk

Azərbaycan Milli Məclisə seçkilər sağlam rəqabət şəraitində keçirilir - Dmitri Juk

Azərbaycan Milli Məclisə seçkilər sağlam rəqabət şəraitində keçirilir. SİA “Seçki 2024”Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlament Assambleyasının nümayəndəsi, Belarus parlamentinin senatoru Dmitri Juk açıqlamasında deyib.

"Seçki müşahidəçisi kimi məni namizədlərin çoxluğu - Milli Məclisə 125 yer üçün 900-dən çox namizədin olması - çox müsbət şəkildə təəccübləndirdi. Bu, çox yaxşı rəqabətdir. Bütün namizədlər üçün bərabər şərait yaradılıb, bu da beynəlxalq normalar və seçkilərin ədalətliliyi baxımından çox vacibdir. Ümid edirəm ki, Azərbaycanda parlament formalaşacaq və effektiv fəaliyyət göstərəcək", - o bildirib.

Jukun fikrincə, seçkilər çox yaxşı təşkil olunub və bütün məntəqələrdə insanlar rahat şəkildə səs verə və seçimlərini edə biləcəkləri bütün şərait mövcuddur.

"Seçkilərin erkən keçirilməsi və hazırlıq üçün bir neçə ayın sərf edilməsi ölkədə siyasi gərginliyə heç bir təsir göstərməyib, insanlar bu vəziyyəti sakit qarşılayıblar. Bu gün səsvermə prosesi də sakit keçməkdədir, heç bir qeyri-adi hal yoxdur, heç kimə təzyiq göstərilmir", - Juk vurğulayıb.

Seçkilərin hazırlıq prosesi ilə bağlı Juk qeyd edib ki, 30-31 avqust tarixlərində Konstitusiya Məhkəməsində və Mərkəzi Seçki Komissiyasında müşahidəçilərə Milli Məclis seçkilərinin hazırlıq mərhələsi haqqında çox ətraflı məlumat verilib ki, bu da çox vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə