Yaxın Şərqdə müharibə kimə lazımdır? – GÜNÜN SUALI

Yaxın Şərqdə müharibə kimə lazımdır? – GÜNÜN SUALI

Tehran Haniyyənin qətlinə cavab axtarır

Bütün hazırlıqlar İran-İsrail müharibəsinə doğru gedir. İsrail Müdafiə Qüvvələri (İDF) İrandan gələn təhdidlə əlaqədar öz hərbçilərinə ölkəyə qayıtmaq əmri verib. Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb. Kan vurğulayır ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari İrandan ola biləcək hücuma görə qoşunların “yüksək hazırlıq səviyyəsində” olduğunu bildirib. İsrail kəşfiyyat xidmətləri İranın yaxın bir neçə gün ərzində İsraili vura biləcəyi barədə məlumatlar əldə edib. “İsrail kəşfiyyatının əldə etdiyi xəbərə görə, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib və bunu hətta avqustun 15-nə planlaşdırılan Qəzzada girovla bağlı danışıqlardan əvvəl də bir neçə gün ərzində edə bilər”.

Bundan əlavə, Kanal 11-in hərbi müxbiri Roi Şaron bildirir ki, təhlükəsizlik sistemində İranın apreldə olduğundan daha güclü hücum edəcəyinə dair məlumatlar var. Şaron deyib ki, həftənin sonunda İranın deyilənlərə "soyuq" davranışı illüziyadır. O, müdafiə naziri Yoav Qalantin “İran keçmişdəkindən fərqli hücum etmək qərarına gəlsə, apreldəkindən fərqli hücum edəcəyik” sözlərini xatırladıb. Şaron İranın daha “həssas hədəfləri” vura biləcəyindən söhbət açıb. Belə bir hücumun nə vaxt baş verəcəyi sualı açıq qalır. Nəhayət, ABŞ Yaxın Şərqə “USS Georgia” nüvə sualtı qayığını və “Abraham Linkoln” təyyarədaşıyan gəmisini göndərib. Müvafiq əmri avqustun 11-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin verib. Bu barədə Ostin ilə israilli həmkarı Yoav Qalant arasında telefon danışığının nəticələri barədə danışan departamentin sözçüsü Pat Rayder məlumat verib.

Onun qeyd etdiyi kimi, Pentaqonun rəhbəri ABŞ-ın İsraili qorumaq üçün bütün mümkün addımları atmağa sadiqliyini təsdiqləyib. Ostin gərginliyin artması fonunda Vaşinqtonun regionda hərbi mövcudluğunun güclənməsini də qeyd edib. Xüsusilə, o, F-35C qırıcıları ilə təchiz edilmiş USS Abraham Linkoln aviadaşıyıcısının zərbə qrupunun təcili şəkildə İran körfəzində mövqelənəcəyindən danışıb. Gəmilər qrupuna USS Georgia idarə olunan raket sualtı qayığı da qoşulacaq. Ostin və Qalant İsrailin Qəzzadakı əməliyyatlarını, atəşkəs və girovların azad edilməsi səylərini müzakirə ediblər. Mövzulara İran, Livan Hizbullahı və regiondakı digər qrupların təcavüzünün qarşısının alınması da daxildir. Gördüyümüz kimi, hər şey böyük bir İran-İsrail müharibəsinə doğru gedir.

Yeri gəlmişkən…

Ermənistan İsrail mətbuatının “Azərbaycan və Gürcüstandakı hərbi qulluqçularının dərhal İsrailə dönmələrini” tələb etməsindən “isti-isti” istifadə etmək qərarına gəlib. Azərbaycan və Gürcüstan ərazilərində İsrailin guya hərbi bazalarının olmasını doğru xəbər kimi təqdim edən ermənilər bundan öz maraqları üçün istifadə etmək qərarına gəliblər. Hətta İranın Azərbaycana zərbə endirəcəyi xəbərini tələm-tələsik dərc etməklə, artıq İranla Azərbaycanın düşmənə çevrildiyi tiraşlamaqdadırlar. Bunu hətta, özləri üçün qələbə adlandırırlar. Yəni, baxmayaraq ki, İranda azərbaycanlı prezident seçilib, amma maraqlar heç də milliləşməyib, münasibətlər əvvəlkindən də artıq pis ola bilər. Təkcə ona görə yox ki, İsrail Azərbaycanı 44 günlük müharibədə hər cür silahlar tədarük edən dövlətdir. Ona görə ki, İsrail ordu komandanlığının “bütün hərbçilər gedi dönsün” əmri guya sübut edir ki, Azərbaycan ərazisində İsrailin hərbi bazası var. Əlbəttə, rəsmi Bakı öz ərazisində İsrail hərbi obyektlərinin olmasını inkar edib və indi də inkar edir.

Ermənilər Britaniyanın “The Telegraph” nəşrində İran prezidentinin köməkçisindən sitat gətirilən məqaləni xatırladırlar. Həmin yazıda İran prezidentinin köməkçisinin Azərbaycanda İsraillə əlaqəli hansısa yeri hədəf almaq barədə qeydlərdən söhbət gedir. Əlbəttə, ermənilərin sevinməsinə əsas verən heç bir fakt yoxdur. Bundan əvvəl ABŞ, Fransa, Niderland və s. ölkələr öz vətəndaşlarına Ermənistana getməməyi tövsiyyə etmişdilər. Bu da səbəbsiz deyildi, ermənilər dövlət çevrilişinə hazırlaşırdılar, revanşistlər müharibədən dəm vururdular. Azərbaycana gəlincə, İsrailin ölkəmizin ərazisində hərbi bazasının olmadığını hər kəs, o cümlədən İran da bilir. Azərbaycan da o ölkələrdən deyil ki, qonşusuna, soydaşlarının yaşadığı ölkəyə qarşı xəyanət etsin. Bəli, İsraillə Azərbaycan arasında əlaqələrin diapozonu çox genişdir, iqtisadi, siyasi və hətta hərbi sahədə uğurlu əməkdaşlığımız var. Amma bu əməkdaşlıq üçüncü ölkəyə, o cümlədən milyonlarla soydaşımızın yaşadığı İrana qarşı deyil.

Dünya Yaxın Şərqdə İsraillə İran arasında yeni genişmiqyaslı müharibə ərəfəsində donub qalıb. Media gərginliyin artmasının qarşısını almaq üçün hər iki tərəfin çağırışları ilə bağlı xəbərlərlə doludur. Təhlükənin mənbəyi, bir qayda olaraq, Tehran göstərilir. Amma faktlara nəzər salsaq, vəziyyət bir az başqa prizmadan görünür. Əvvəla, eskalasiyanın görünən səbəbləri olmadığı diqqəti cəlb edir. İsrail HƏMAS-ın hərbi nüvəsini məğlub edib. Radikallar istər-istəməz Misir, Qətər və digər vasitəçilərin köməyi ilə müəyyən güzəştlərə gediblər, tərəflər arasında danışıqlar aparıldı və Qəzza zolağı probleminin müvəqqəti də olsa, həllinin tapılacağına ümid etmək olar.

İyulun 19-da isə İsrail qəfildən danışıqları dayandırdı və əlavə şərtlərin formalaşdırılmasının zəruriliyini izah edib. Belə bir nəticəyə gəlmək olar ki, Təl-Əviv mövqeyini sərtləşdirməyə qərar verib, çünki İsrail hərbçiləri danışıqlar olmadan öz məqsədlərinə çata biləcəyini hiss edirdilər. İyulun 23-də baş nazir Benyamin Netanyahu Vaşinqtona səfər edib və burada konqresmenlərlə və Amerikanı “dizayn edənlər”, yəni qərar qəbul edənlərlə danışıqlar aparıb. Baxmayaraq ki, indi Ağ Evdə kimin qərarlar qəbul etdiyini başa düşmək çətindir. Amma aydındır ki, indi hər şey təkcə onlardan asılı deyil. Biz buna öyrəşmişik ki, Vaşinqtonun İsrailin istənilən hərəkətini dəstəkləməsi qeyd-şərtsizdir. Bu, Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ Müdafiə Nazirliyi və Energetika Nazirliyinin müqavimətini qıraraq, Yaxın Şərq münaqişəsində İsrailə arxalanan Harri Trumenin dövründən belədir.

Lakin 2024-cü il Amerikası Trumanın dövründə olduğu kimi deyil. İsrail baş nazirinin səfəri çoxsaylı etiraz aksiyaları ilə müşayiət olunub. Onun ABŞ Konqresindəki çıxışı Nümayəndələr Palatasının və Senatın demokrat üzvlərinin təxminən yarısı tərəfindən boykot edilib. Konqresmen Raşida Tlaib Netanyahunun çıxışı zamanı “Müharibə cinayətkarı” yazılmış lövhə tutub. Təbii ki, bütün bunlar ABŞ və İsrail liderləri arasında aparılan danışıqlarda müzakirə olunmaya bilməzdi. Bu danışıqların təfərrüatları açıqlanmasa da, həm Tel-Əvivin, həm də Vaşinqtonun hərəkətlərində ciddi vurğu dəyişikliyi müşahidə oluna bilər. Formal olaraq İsrail-Fələstin münaqişəsi onların siyasətinin mərkəzində qalsa da, indi ABŞ siyasi elitasının HƏMAS-a qarşı ehtirasları alovlandırmaq deyil, Qəzzadakı münaqişədən İran probleminin həlli üçün bəhanə kimi istifadə etməsi daha vacibdir.

İran bir milyon yarım nəfərlik orduya, müasir silahlı qüvvələrə malikdir və ÇXR ilə hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, oradan döyüş təyyarələri, gəmi əleyhinə raketlər, hərbi nəqliyyat təyyarələri, artilleriya qurğuları, tanklar, eləcə də dəyəri 4 milyard dollardan çox olan bir sıra texnologiyalar Tehran tərəfindən idarə olunur. Lakin Vaşinqtonu və daha çox Təl-Əvivi narahat edən ən mühüm məsələ İranın nüvə silahı əldə etməsi ehtimalıdır. 2015-ci ildə altı dövlət, o cümlədən ABŞ, İranın nüvə problemi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA). Lakin 2018-ci ildə ABŞ İranı öz öhdəliklərindən faktiki olaraq azad edən sazişdə iştirakını dayandırıb. Sual yaranır ki, Vaşinqton və Təl-Əviv Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsindən İranın nüvə problemini güc yolu ilə həll etmək üçün - məsələn, İranın Natanzdakı nüvə tədqiqat mərkəzinə zərbə endirməklə istifadə etmək niyyətindədirmi? İsrailin Tehrana qarşı təxribatçı hərəkətlərini başqa necə izah edə bilərik? Netanyahu hələ ABŞ-da olarkən HƏMAS lideri İsmayıl Haniyə artıq Tehranda öldürülmüşdü. İsrail nazirlərindən biri, rəhbərliyin sərt göstərişlərinə zidd olaraq, Haniyənin öldürülməsinin "dünyanı bu çirkabdan təmizləmək üçün doğru yol" olduğunu bəyan edib.

HƏMAS liderinin öldürülməsi Qəzza ərazisində törədilsəydi, bu, çətin ki, güclü beynəlxalq rezonans doğurardı. Amma bu halda İran birbaşa olaraq münaqişəyə sürükləndi. Xarici dövlətlər onun ərazisində özbaşınalıqlar edəndə Tehran təbii ki, səssiz qala bilməz. İran lideri İsrailə qarşı “qisas zərbəsi” veriləcəyini açıqlayıb. Və dərhal bölgədə Amerika hərbi qüvvələri gücləndirilib, aviadaşıyıcı Abraham Linkoln, əlavə kreyserlər və ballistik raketləri vura bilən esmineslər göndərilib. Avqustun 4-də Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı general Maykl Kurilla oraya gəlib. Rəsmi bəhanə “İranın İsrailə mümkün hücumuna hazırlıq”dır. Vəziyyətin gərginləşməsinə səbəb kimi Haniyyənin öldürülməsi ilə bağlı bir kəlmə də deyilmir.

Eyni zamanda, hadisələrin miqyasına və orada iştirak etmək üçün ayrılmış silahlı qüvvələrə diqqəti cəlb edilməyə bilməz. Bu, yeni regional münaqişəyə və onsuz da çətin olan beynəlxalq vəziyyətin ciddi şəkildə gərginləşməsinə səbəb olacaqmı? Amma bu vəziyyətdə hər şey təkcə Vaşinqton və Təl-Əvivdən asılı deyil. “Cavab zərbəsi” ilə bağlı qərar Tehranda qəbul edilib. İran rəhbərliyi isə artıq keçmiş prezident Mahmud Əhmədinejadın İsraili yer üzündən silməklə bağlı ehtiyatsız hədələri dövründə olduğu kimi deyil. İranlılar başa düşürlər ki, indi onlara ABŞ-la genişmiqyaslı müharibə lazım deyil, çünki bu, artan İran hərbi-sənaye kompleksinə qabaqlayıcı zərbə ilə nəticələnəcək və onu on il geriyə atacaq.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə