Son vaxtlar Ermənistana məxsus mətbuat səhifələri bir-birinin ardınca haylara sevindirici xəbər çatdırmaq üçün bir “səbəb” tapıb. İşğalçı ölkə mediası hay-küy salıb ki, Ermənistanla viza rejiminin liberallaşdırılması məsələlərində Avropa Komissiyasının dialoqa başlamaq niyyətini artıq Avropa İttifaqı Şurası da alqışlayıb. Hətta XİN rəhbəri Ararat Mirzoyanın davamlı olaraq Avropa Komissiyasına təşəkkür etməsi də haylara əbəs yerə xatırladılmır və guya böyük nailiyyət əldə edildiyi barədə fikir formalaşdırmaq niyyəti güdülür, amma əslində, çox cazibədar olan pendirin cəlbedici tələdə olduğu göz önündədir.
İşğalçı ölkə hakimiyyəti yenə də daxili auditoriyaya hesablanmış fəaliyyət sərgiləyir və erməni cəmiyyətini aldatmaq yenə də ön planda durur
Bəli, həqiqətən də Ermənistanın baş naziri Nikol Paşinyan və onun hakimiyyət komandası artıq özünü sevincək göstərmək üçün illər sonra da olsa bir bəhanə tapıb. Amma bunu, daha dəqiq desək, özünü sevincək olaraq gözə soxmaq üçün olan bəhanəni səbəb kimi sırımağa çalışır. “Ermənistan vətəndaşları üçün viza öhdəliyinin ləğvi imkanlarına yalnız standartlar tam şəkildə tətbiq edildikdən sonra baxılacaq”, deyə Aİ Şurasının bəyanatında vurğulanır və bu hələ heç də Nikol kimilərinin timsalında kimlərinsə “sevincək” olmalarına əsas vermir. Bunu bəhanə olaraq istifadə edənlər bilməlidirlər ki, bu məsələyə baxmağa başlamaq vədləri ilə Paşinyan və komandasının artıq təbliğ etdiklərini, sırıdıqlarını Ermənistan vətəndaşlarının əməli şəkildə qəbul etməsi arasında çox böyük məsafə, kəskin fərq var. Amma görünən odur ki, işğalçı ölkə hakimiyyəti yenə də daxili auditoriyaya hesablanmış fəaliyyət sərgiləyir və yenə də erməni cəmiyyətini aldatmaq ön planda durur. Əks halda, Ermənistana məxsus mətbuat səhifələri həmin bəhanəni əsas kimi xalqa sırımaq üçün bir-biri ilə yarışa girməzdilər. Görünən odur ki, başda elə erməni baş nazir özü olmaqla, Ermənistan hakimiyyəti guya uğurlar əldə etdiklərini, nəticələrin də, fəaliyyətin də guya qənaətbəxş olduğunu göstərmək niyyətindədir. Əslində isə, ortada real heç nə yoxdur və məhz işğalçı ölkədə hələ də utopiya ilə reallıq arasındakı fərqi göstərmək istəyən də yoxdur, çünki gizlədilir və hətta yanlış fikir də formalaşdırılır.
Narazılıqların qarşısının alınması məqsədi ilə həmin məsələsini ortaya atmaqla, səbəbsiz şəkildə nəyə isə ümid edilir
Bəli, etiraf olunmalıdır ki, əli sarıqlı, beli çantalı nümayişçi məhz etiraz aksiyalarından istifadə edərək hakimiyyəti ələ keçirdikdən sonra bir dənə də vədini reallaşdıra bilməyib. Sözsüz ki, vədlərini reallaşdıracağı da heç zaman reallıq kimi görünməyib və bunun əvəzində ermənilər rüsvayçı məğlubiyyət acısını dadmalı olublar deyə, haylar arasında onun barəsində kimlərinsə yüksək fikirdə olmasını təsəvvür belə etmək çətindir. Hətta ona qarşı narazılıqların da yetərincə olduğu çoxdandır ki, bəllidir. Maraqlıdır ki, həmin o qeyd olunan və hələ də gözlənilən, utopiya olan vizanın liberallaşdırılması məsələsi Ermənistana heç nə verən deyilsə də, erməni baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası nədənsə istifadə edib müəyyən narazılıqların qarşısını almaq məqsədi ilə həmin məsələsini ortaya atmaqla, səbəbsiz şəkildə nəyə isə ümid edir.
Azərbaycanla müharibənin başlamasına rəvac verən Nikol Paşinyan sələflərinin avantürası ucbatından öz övladlarını yad ölkədə itirmiş minlərlə erməni əsgərinin valideyinlərinin lənətinə tuş gəlib və vəziyyəti heç də onu qane edə bilməz. Xüsusən də, erməni cəmiyyəti Qarabağ bölgəsini və anklavlarını tanımağa məcbur qaldığı zaman Nikol haqqında yüksək fikirdə ola bilməz və bunu da, narazılıqlarını da erməni baş nazir yaxşı bilir. Hər halda, Paşinyan yaxşı bilir ki, Köçəryan da, Serj Sarkisyan da, komik Baqrat Qalstanyanda bu narazılıqlardan istifadə edərək, Nikol Paşinyana qarşı etiraz aksiyası ilə nəyə isə ümid edib. Elə daşnaklar da arxiyepiskop kimi, Serj və Robert kimi hakimiyyətə qarşı müqaviməti məhz buna görə gündəmə gətiriblər. Təəccüblüdür ki, vizanın liberallaşdırılması məsələsini Nikol və komandası hansı əsasa gözə soxmaq fikrindədirlər? Axı bu, sadəcə səfirliklərdə növbəyə dayanmamaqdan başqa haylara və Ermənistana nə verə bilər ki, erməni baş nazir də, onun komandası da bunu bayraq etməkdədirlər?
İşğalçı ölkədə alıcıların yox dərəcəsində və ya olduqca az olacağı barədə də indidən proqnoz verilir
Ermənistanın indi demoqrafiya ilə bağlı daha da dərin problemlərlə üzləşdiyi barədə qeyd olunanlar həqiqətdir. İşğalçı ölkəni daha çox narahat etməli məsələ budur. Hayların böyük sürətlə Ermənistan ərazilərini tərk etdiyi bir reallıqdır və bu, indi rəsmi İrəvanı daha çox narahat etməlidir. Ona görə ki, yaxın zamanda Ermənistanın demək olar ki, tamamilə boşalacağı proqnozlaşdırılır. Hətta cəmi bir milyon yarımdan da az insanın Ermənistanda qalacağı qeyd edilir. Ələlxüsus da bunun məhz Ermənistan iqtisadiyyatı üçün dəhşətli problmlər vəd etdiyi də bildirilir. Yerli istehsalçıların sadəcə olaraq böyük miqdarda nə isə istehsal etmək üçün heç kimlərinin olmayacağı, həmçinin həmin ölkədə alıcıların yox dərəcəsində və ya olduqca az olacağı barədə də indidən proqnoz verilir. Belə bir ölkənin hansı vəziyyətlə qarşılaşacağını təsəvvür etmək qətiyyən çətin deyil və indi paşinyanın əleyhində olanlar həmin o təsəvvürlərini açıq şəkildə bəyan da etməkdədirlər. Eyni zamanda bir çox politoloqlar onu da erməni cəmiyyətinin diqqətinə çatdırırlar ki, demoqrafik problemləri olan Ermənistan heç kim üçün maraqlı bir ölkə ola bilməz və işğalçı ölkənin sərhədlərindən, hüdudlarından kənarda heç kim onunla maraqlanan deyil.
Heç bir masada Ermənistan yoxdur
Beynəlxalq aləmdə Ermənistanın deməyə sözünün belə olmadığı da açıq şəkildə bildirilir. Məsələn, Nikolu “gözü götürməyən” və cinayətkar rejimin marioneti olan Baqrat bu qənaətdədir. “Heç bir masada Ermənistan yoxdur. Biz dünyanın hər yerindən insanların bizə dediyini edirik”, deyən Qalstanyan əslində, yalnız bu mənada da olsa haqlıdır. Elə onun yeganə haqlı sözlərini nəzərə alan hazırki Emənistan hakimiyyəti, şəxsən Nikol Paşinyan öz cəmiyyətinə uğursuzluğun ardınca yenə də uğursuzluq, rüsvayçılığın ardınca yenə də rüsvayçılıq gətirdiyinə görə, nədənsə istifadə edib maksimum siyasi dividendlər əldə etməyə çalışır. Doğudur, təzadlı məqam ondan ibarətdir ki, işğalın qurbanı olan ölkəyə deyil, işğalçı ölkəyə, özü də Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinə məhəl qoymayan ölkəyə viza rejiminin liberallaşdırılması vədi verilir. Ədalətsizliyin növbəti təzahürü də budur və bundan da Ermənistan hakimiyyəti istifadə etmək, yararlanmaq fikrindədir. Amma nəzərə almaq lazımdır ki, Avropa İttifaqı rəsmi İrəvana təzyiq göstərməyi vacib hesab etdiyi anda viza rejiminin liberallaşdırılması məsələsi hər an asanlıqla aradan qaldırıla bilər, baxmayaraq ki, nə erməni baş nazir Nikol Paşinyan və nə də onun komandası bu barədə öz vətəndaşlarına qətiyyən bildirmir.
Şirnikləndirici vədlər çox cəlbedici bir tələdə təqdim olunur
Avropa yenə də Ermənistanı şirnikləndirir. Yenə də işğalçı ölkəyə pafoslu vədlər verilir. Ümumiyyətlə, haylar son zamanlar ancaq vədlərlərdən başqa, utopiyadan, xəyallardan başqa heç nə görmürlər. Hər dəfə avropalılar bir yağlı tikə ilə hayları aldadıb bildikləri kimi istifadə edilər. Hansısa vədlərlə ermənilər dərhal lazım olan istiqamətə yönəldilirlər. Həmin ölkədə inqlab adlandırdıqları etiraz aksiyaları da, narazılıqlar da, mitinqlər də məhz vədlər sayəsində baş tutur. Haylara iyanələri də vəd edənlər onları istədikləri şəkildə görmək istəyirlər və onların həyatını asanlaşdırmağı deyil, istədiklərini də gerçəkləşdirməyi planlaşdırırlar. Bunun üçün şirnikləndirici vədlər çox cəlbedici bir tələdə haylara təqdim olunur. Hətta onların başbilənləri də bunu həvəslə qəbul edir, çünki ona da lazım gəlir.
Təkcə avropalılar, yaxud amerikalılar deyil, elə hayların öz liderləri də, hakimiyyət komandası da məhz yağlı vədlərlə ictimaiyyəti aldadır. İşğalçı ölkə ictimaiyyətinə əsrlər boyu ancaq vədlər verərək onlardan istifadə edildiyini də yaxşı bilirik. Bilirik ki, artıq özlərinə də nağıl kimi görünən və mifləşdirilən qondarma “Böyük Ermənistan” uydurmaları ilə haylar bu vaxta qədər münaqişələrə, müharibələrə cəlb olunub, hər dəfə də vədlərin boş və mənasız olduğu ortaya çıxıb. Amma buna baxmayaraq avantüristlərin eyni ənənədən, eyni tendensiyadan hələ də istifadə etdikləri göz önündədir. Məhz Nikol Paşinyan özü vəd verib aldatmaq ənənəsindən istifadə etməkdə israrlıdır. Əks halda, Ermənistanla viza rejiminin liberallaşdırılması məsələsini şişirdib erməni cəmiyyətiningözünə kül üfürməyə çalışmazdı. Bu, məhz Paşinyanın daxili auditoriyaya hesablanan manipulyasiyasıdır və cəledici tələdən erməni baş nazir də istifadə etmək fikrindədir. Vəd verməyi öz siyasətinin əsası hesab edən Nikol Paşinyan həmin vədlərə inananları bir növ tələdə görmüş olur və əmin olur. Eləcə də Ermənistanla viza rejiminin liberallaşdırılması məsələsini dövriyyəyə buraxması da daxili auditoriyaya hesablanıb və bunu məhz erməni cəmiyyətində ona inananlar üçün cəlbedici tələ olaraq nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə