“Azərbaycan beynəlxalq təşkilatların seçkiləri müşahidə missiyasına görə öndə gedir” - ŞƏRH EDİLDİ

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu ilə Azərbaycan hökumətinin hər zaman seçkilərin daha təkmil keçirilməsi ilə bağlı əməkdaşlığı olmuşdur. Digər beynəlxalq təşkilatlarla olduğu kimi bu qurumla da Azərbaycan yaxından əməkdaşlıq edir və seçkiləri müşahidə etmək üçün ölkəmizə dəvət edir. Azərbaycanda beynəlxalq təşkilatların seçkiləri müşahidə etmək üçün dəvət göndərdiyi müxtəlif qurumlar vardır. Deyərdim ki, Azərbaycan beynəlxalq təşkilatların seçkiləri müşahidə missiyasına görə ilk yerdə gedənlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, sözsüz ki, ayrı-ayrı dönəmlərdə bu qurumun seçkilərin müşahidəsi ilə bağlı qərəzli rəyləri və fikirləri olmuşdur: “Bu da daha çox bu qurumun dəvət etdiyi ekspertlərin şəxsi rəylərindən aslı olur. Ona görə hesab edirəm ki, bu təşkilat müşahidə missiyasını formalaşdırarkən daha diqqətli olmalı, gələn tərkibin ölkələr haqqında daha çox bitərəf mövqedən çıxış etməsinə fikir verməlidir. Lakin ümumilikdə demək olar ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu Azərbaycanda müntəzəm və davamlı olaraq bütün seçkiləri müşahidə edir və tərəflər arasında artıq oturuşmuş və ənənəvi bir əməkdaşlıq mövcuddur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə