"Bu tədbirin Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Son illər Azərbaycan bir çox uğurlu beynəlxalq layihələrə, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hesab edirəm ki, bu tədbirlərin Azərbaycanda keçirilməsinin çox böyük siyasi, iqtisadi, mədəni əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Azərbaycan bu tipli beynəlxalq tədbirləri keçirib təşkil etməklə dünyadakı yerini və nüfuzunu bir qədər də artırır: "Ölkəmizi beynəlxalq arenada daha çox tanıyırlar. Ölkəmizin xoş niyyətini, beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə, həmçinin mədəniyyətlərarası dialoqa, ekologiyaya, digər istiqamətlərdə töhfələr verdiyini bütün beynəlxalq aləm görür, yüksək qiymətləndirir. Təbiidir ki, həm idman yarışları, həm mədəni tədbirlər, həm siyasi və iqtisadi tədbirlər, Azərbaycanın nəhəng layihələrə imza atması, Avropanın enerji təchizatı ilə bağlı son illər həyata keçirilən tədbirlər, alternativ bərpa olunan enerji sahəsində ölkəmizin beynəlxalq arenaya verdiyi töhfələr Azərbaycana çox böyük dividentlər gətirir".

Onun sözlərinə görə, xüsusilə də, COP29-la bağlı vurğulamaq istərdim ki, bu tədbir də çox böyük beynəlxalq tədbirdir: "Bu tədbirin Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycana inam və etibarı daha da artırır. Azərbaycan Cənubi Qafqazda, bölgəmizdə xüsusi söz sahibi olduğunu bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yenidən sübut edir. Belə tədbirlərin ölkəmizdə keçirilməsinin xüsusi anlamları var və Azərbaycan dövlətinin həyata keçirdiyi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü bu siyasət ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır.

Ölkə ictimaiyyəti də bu siyasəti dəstəkləyir. Çünki ölkəmizin durmadan artan nüfuzu, dünyada tutduğu mövqe və yer hər bir Azərbaycan vətəndaşının məmnunluqla qəbul etdiyi məsələdir. Çünki ölkəmizin nüfuzu artdıqca dövlətimizin güclənməsi və qüdrətlənməsi Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasətinin əsas prioritetlərindən biridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə