"Azərbaycan növbəti dəfə öz qələbə və uğurunu təmin edəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"1 sentyabr növbədənkənar parlament seçkiləri bir çox baxımdan xüsusi önəm daşıyır. Birinci ona görə ki, bu gün Azərbaycan bütün torpaqlarını azad edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, biz müstəqilliyimizi, suverenliyimizi tam bərpa etmişik: "Bu gün ilk dəfə olaraq parlament seçkiləri bütün Azərbaycan ərazilərində keçiriləcək. Eyni zamanda həm Qarabağda, həm də Şərqi Zəngəzurdan olan seçicilər bu ərazilərdə səs verəcəklər. Həmin bölgənin deputatları da o ərazidə səs verib mandat qazanacaqlar. Eyni zamanda seçki bildiyiniz kimi, noyabrda keçirilməli idi. COP29 oyunlarına görə bir neçə ay önə çəkildi. Hər zaman olduğu kimi bu seçkilər də qanunvericiliyə uyğun şəkildə demokratik formada, peşəkar şəkildə keçiriləcək. Bu seçkilər növbəti dəfə bütün dünyaya Azərbaycanın növbəti uğuru kimi təqdim olunur.

Seçkilərdə müxalifət partiyalar, eyni zamanda ayrı-ayrı qurumların nümayəndələri də iştirak edəcəklər. Müxtəlif müşahidəçilər də müşahidələr aparacaqlar. Ümumilikdə bizim qarşımıza qoyduğumuz hədəf və məqsədlərə doğru növbəti uğur kimi qiymətləndiriləcək. Azərbaycan növbəti dəfə öz qələbə və uğurunu təmin edəcək. Bu gün bu istiqamətdə atılan addımlar da bir daha bunu göstərir. Bu gün cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan inkişaf edir, daha da güclənir, daha da möhkəmlənir, irəliyə doğru addımlayır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə