İrəvanda yeni çaxnaşmalar və hakimiyyət dəyişikliyi ssenarisi - TƏHLİL

Qarabağ konfliktində Azərbaycana güzəştə getməyə məcbur qalan və bir müddət əvvəl daha 4 kəndin geri verilməsini təmin edən Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etirazlar yenidən alovlanıb. Ötən gün İrəvan və ölkənin digər şəhərlərində keçirilən aksiyalarda şiddətli qarşıdurmalar və kütləvi həbslər yaşanıb.

Paşinyanın istefasını tələb edən müxalif kütlə İrəvanda etiraz yürüşü təşkil edərək, etiraz hərəkatının başına arxiyepiskop Baqrat Qalstanyanı təyin edib və yeni Baş nazir kimi onu namizəd göstəriblər. Nümayişlər zamanı həbs edilənlər arasında Qalstanyan da olmaqla 273 nəfər saxlanılıb. Nümayişdə “Paşinyana istefa” şüarları da səsləndirilib. “Vətən naminə” siyasi hərəkatının rəhbərlik etdiyi mitinqdə Qalstanyan “Aksiyadan sonra Paşinyanın evinə gedəcəm, onu tapanda istefasını qəbul etdiyimi deyəcəm” deyib.

Ermənistanda keşişin başçılıq etdiyi yeni üsyan dalğası, eyni zamanda ölkədəki mürəkkəb siyasi, iqtisadi və sosial narazılıqların əksi kimi qiymətləndirilməlidir. Bu etiraz aksiyalarına din xadiminin başçılıq etməsi isə Ermənistanın dünyəvilikdən kifayət qədər uzaq olmasının və dinin siyasi müstəvidə təsirinin əsas göstəricisidir. Lakin arxiyepiskopun bu üsyana başçılıq etməsinin yeganə səbəbi bu deyil. Belə ki, siyasi təcrübəyə baxdıqda onu demək olar ki, siyasi arenada özünü ifadə edən dini qruplar, xüsusən qeyri-demokratik və ya zəif institutlaşmanın mövcud olduğu şəraitdə ictimaiyyətin diqqətini və dəstəyini cəlb edə bilər. Belə olan halda din xadiminin belə bir siyasi fiqura çevrilməsi təəccüblü olmamaqla birlikdə gözlənilən idi.

Fırtınanın ilk dalğalarını nəzərdən keçirərək onun irəlidə güclənəcəyi ehtimalını düşünsək, bu hadisələrin Azərbaycanla olan münasibətlərdə də bir sıra dəyişikliklərin ola biləcəyini gözdən keçirməliyik. Bu dəyişikliklərin mahiyyəti və nəticələri yeni liderin üzərində yaranacaq siyasi təziqlərdən və yeni siyasi gedişlərin kontekstindən asılı olacaq. Potensial ssenariyə görə yeni Baş nazir Azərbaycanla münasibətlərdə daha sərt mövqe sərgiləyə bilər. Bu, həll olmaqda olan münaqişənin yenidən qızışmasına və gərginliyin yenidən artmasına səbəb ola bilər. Xüsusilə, radikal milliyətçi siyasətin gündəmə gəlməsi, regionda sülh və status-kvonu riskə atıb, qeyri-sabitliyi təşviq edə bilər.

Nəticədə Baqrat Qalstanyanın üsyana başçılıq etməsi və Baş nazirliyə namizədliyi Ermənistanın daxili siyasətində və xarici əlaqələrində ciddi dəyişikliklərə səbəb ola biləcəyi ilə birlikdə, Azərbaycanla olan sülh prosesini də təhlükəyə atır. Lakin bu dəyişikliklərin xarakteri və nəticələri müxtəlif amillərin qarşılıqlı təsirindən asılı olacaq. Belə ki, regionda balanslaşdırılmış və öncədən razılıq əldə olunmuş danışıqların nəticələri konkret olsa da daha irəlidəki müddətin müzakirə mövzusu olan məsələlər sual altına düşə bilər. Məsələn, belə bir radikal mühafizəkar hakimiyyətlə Zəngəzur dəhlizi ilə bağlı diplomatik dialoq kifayət qədər ləng və qəliz olardı. Bu ssenaridə revanşist proseslərin də yenidən alovlanacağını təxmin etsək, deyə bilər ki, belə bir siyasi dəyişiklik Azərbaycan tərəfi üçün qətiyyən arzulanan deyil.

Bu vəziyyətin Azərbaycan üçün potensial risklər ehtiva etdiyini nəzərə alaraq Azərbaycanın milli maraqlarını qorumaq üçün müəyyən addımlar atacağı gözləniləndir. Azərbaycanın qarşılıqlı dialoq və beynəlxalq vasitəçilik səylərini dəstəkləməklə regionda sabitliyin qorunmasına töhfə verəcəyi və regionda qeyri-sabitlik riskinə qarşı önləm alacağını da təxmin etmək olar.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə