Dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan-Tacikistan münasibətləri bu gün özünün ən yüksək inkişaf mərhələsindədir və qardaş ölkənin Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri və burada Azərbaycanın inkişafı, görülən işlər barəsində dəyərli fikirlər söyləməsi əməkdaşlığın, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə verdiyi dəstək bunu bir daha sübut edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu əlaqələr hər iki dövlətin gələcək inkişafı, xalqların xoşbəxtliyi və milli təhlükəsizliyin təmin edilməsi baxımından çox vacib və əhəmiyyətlidir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyənatında da bunu bir daha vurğulamış və bildirmişdir ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Əlbəttə ki, bu, sevinc doğurur. Çünki bu gün Azərbaycan Mərkəzi Asiya respublikaları ilə, eləcə də dünyanın bir çox ölkələri ilə əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə böyük önəm verir. Məhz artan iqtisadi qüdrətimiz, möhkəmlənən ordumuz, əldə etdiyimiz nailiyyətlər bu əlaqələrin yaxşılaşdırılmasının və beynəlxalq aləmdə böyük nüfuz qazanmağımızın bir bəhrəsidir. Bu görüşdə də bir çox vacib olan sənədlər imzalanmışdır. Əlbəttə ki, iki respublika arasında, Azərbacan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqda bəyannamənin imzalanması gələcək uğurlarımızdan xəbər verir və dəyərli bir sənəddir. Nəqliyyat, ekologiya, ticarət, xarici əməkdaşılıq, miqrasiya və digər sahələrdə imzalanan mühüm sənədlər hər iki ölkənin bundan sonra da bir-birinə dost, qardaş münasibətində olacağına bir zəmanətdir.

Tacikistan bu gün özünün unkişaf yolundadır. Azərbaycanla münasibətlərin yaxşılaşması əlbəttə ki, bu ölkəyə yeni faydalar verə bilər və Tacikistan Prezidenti də özünün bəyanatında bunu bir neçə dəfə vurğulamışdır. O bildirmişdir ki, bütün sahələrdə əməkdaşlığımız güclənir və bu əməkdaşlıqlar, həyata keçirilən layihə və proqramlar gələcək inkişaf üçün yeni yollar açır və ölkələr arasında münasibətlərin yaxşılaşdırılması gələcək perspektivlərə hesablanmış sənədlərin imzalanması iki ölkənin inkişafında mühüm amil olacaqdır. Əlbəttə ki, hər bir səfər, hər bir görüş uğurludur və deyildiyi kimi, bu, ölkələrin, xalqların dostluğuna, qardaşlığına xidmət etməklə bərabər, həm də dünyada birliyə, əmin-amanlığa, sülhə dəstəkdir və gələcək uğurların təməlidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə