Xudafərin” və “Qız qalası”nın istifadəyə verilməsi əhəmiyyətli hadisədir - ŞƏRH
Qədim tarixi kökləri olan Azərbaycan-İran münasibətləri bu günə kimi müxtəlif müqavilə və razılaşmaların imzalanması ilə daha da möhkəmlənmişdir. İranla Azərbaycan arasında imzalanmış ilk müqavilə XIX əsrin ortalarına (Gülüstan və Türkmənçay müqavilələri), növbəti razılaşma isə sovet hakimiyyəti illərinə təsadüf edir.
1977-ci ildə Sovet hakimiyyəti İranla “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarını birgə istifadə edə bilmək üçün razılaşma imzalayır. Ancaq 1990- cı ilin əvvəllərindən Dağlıq Qarabağda baş verən proseslər həmin razılaşmanın ləğv edilməsi ilə nəticələnir. “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının birgə fəaliyyəti iki ölkə arasında mühüm əhəmiyyətli məsələlərdən biri kimi diqqətdə qalır və 2016-cı ildə İran və Azərbaycan arasında yenidən Saziş imzalanır.
Ölkə başçısı, cənab prezident İlham Əliyevin uzaqgörənliyi və sülhsevərliyi onun hər zaman qardaş ölkələrlə münasibətləri tənzimləməsi və düzgün qərarlar verməsi ilə nəticələnib. Bu baxımdan, cənab prezident İlham Əliyev İranla Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi istiqamətində təxirəsalınmaz işlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görərək, İran İslam Respublikasının prezidenti ilə görüşə razılıq verir. 2024-cü il may ayının 19-da İran və Azərbaycan prezidentləri arasında növbəti görüş baş tutur. Bu mühüm görüşün səbəbi “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının işə salınması, iki ölkə arasında yenidən dostluq və əməkdaşlıq münasibətlərinin bərpa edilməsi idi.
“Xudafərin” və “Qız qalası” hidroqovşaqları ilə əlaqədar təşkil edilmiş mühüm görüşdə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə yanaşı, İİR-nın energetika naziri Əli Əkbər Mehrabian da iştirak edərək, bu görüşün mühüm əhəmiyyətindən və iki ölkə arasındakı dostluq münasibətlərinə göstərəcəyi müsbət təsirdən danışır. “Xudafərin” və “Qız qalası” hidroqovşaqları iki ölkə arasında “Cəbrayıl” enerji stansiyası vasitəsilə qovuşacaq, bununla da Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısı olacaq, layihənin tikilməsinə isə 36 ay sərf ediləcək.
Bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, “Xudafərin” və “Qız qalası” hidroqovşağı hər iki ölkə arasında həm ekoloji, enerji, iqtisadi, həm də digər əhəmiyyətli infrastruktur layihələrin həyata keçirilməsi və münasibətlərin
tənzimlənməsi istiqamətində atılan növbəti mühüm addımdır. Ölkə başçısı həmin görüş zamanı çıxış edərək qeyd edir ki, “bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada da qeyd olundu ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu gün biz əyani şəkildə gördük ki, bu layihə doğrudan da böyük bilik, səriştə və təcrübə tələb edirdi”.
Bundan başqa ölkə başçısı çıxışı zamanı bu görüşün iki ölkə arasındakı qardaşlıq münasibətlərinə müsbət təsirindən də danışaraq, bu işdə hər iki tərəfə uğurlar arzulayır. İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi də ölkə başçımızın fikirlərini dəstəkləyərək qeyd edir ki: “iki milyard kubmetrə yaxın su tutumu olan “Xudafərin” bəndi fəaliyyətə başlayır və bundan hamımız yararlanacağıq. Eyni zamanda, vətəndaşlar üçün 40 mindən çox iş yeri yaradılır. Həmçinin əkin sahələri üçün və içməli su mənbəyidir. Bu, təbii ki, bölgədəki inkişafın bir simvoludur. Bu layihə, eyni zamanda, regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisidir. Bu layihə çox böyük önəm kəsb edir və təbii ki, iki ölkənin xalqları arasında çox böyük ümid, eyni zamanda, düşmənlər üçün isə qısqanclıq yaradır”.
Qeyd etmək lazımdır ki, “Xudafərin” 1.6 milyard, “Qız Qalası” isə 56.75 milyon kubmetr su tutumuna malikdir. Bu da özlüyündə 140 MVt elektrik enerjisi deməkdir. İki ölkə arasında imzalanan bu müqavilə bununla
yekunlaşmayacaq, iqtisadi-ticari, siyasi-mədəni sahələrdə də yeni-yeni layihə və razılaşmalarının imzalanmasına geniş şərait yaradacaq.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli
Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB