"Görüşün əsas məqsədi konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi idi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bir neçə gün öncə Bakıda hakim partiyanın və digər 25 siyasi partiya nümayəndələrinin görüşü olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, görüşün əsas məqsədi konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi idi: "Ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunması dövlətimizin əsas məqsədidir. Məhz bu görüş də onun bariz nümünəsidir.

Tədbirdə yeni qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanunun tətbiqindən sonra yaranmış situasiya müzakirə olunub. Düşünürəm ki, milli məsələlərdə siyasi həmrəyliyi və ölkəmizdə siyasi institutlaşmanı inkişaf etdirmək baxımından belə görüşlərin keçirilməsi təqdirəlayiqdir. İqtidar hər zaman geosiyasi mənzərəni qiymətləndirməyi bacaran, iqtisadi proseslərin nəbzini tutan, cəmiyyətə təsir imkanları olan müxalifətin təklif və tövsiyyələrindən bəhrələnir. Məhz görüşdə bu məsələlər müzakirə olunub. Təəssüf ki, çox zaman Azərbaycan müxalifəti qarşısında duran missiyanı yerinə yetirə bilmir və bu səbəbdən də dövlətin idarə olunması prosesindən kənarda qalmasına səbəb olur. Bu tədbirdə də iqtidar və müxalifət bir-birinə artıq düşmən kimi deyil, dövlətin və cəmiyyətin problemlərinin həllində müttəfiq kimi baxmalı olduğu qənaəti ortaya çıxdı".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə