Artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır

“Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşanlar Azərbaycanda dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal duruma şahidirlər”. SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Asif Əsgərli deyib ki, forumun əsas məqsədi münaqişələri həll etmək və sülhü qurmaqdır: “Forumda qlobal əməkdaşlıq formalarının, rəhbərlik üsullarının müzakirə edilməsi bunu deməyə əsas verir. Bu formula bağlı təşəbbüs Prezident İlham Əliyev tərəfindən verilib və 2008-ci ildə keçirilməyə başlanıb. Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək mümkündür. Əcnəbi qonaqların hər biri bu forumda müxtəlif həyat təcrübələrindən çıxış edərək müxtəlif mədəniyyətləri təmsil edirlər. Azərbaycan dövlətinin onları bir araya gətirməsi möhtəşəm bir haldır. Əminik ki, forum yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqla təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq. Bununla Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. Cənab Prezidentin dediyi kimi, bu forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Dövlətimzin başçısının forumda əhatəli çıxışı beynəlxaq aləmə növbəti çağırış idi: “…bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”. Bütün bunlar Azərbaycanın təşəbbüsü ilə olub. Cənab Prezidentin düşünlümüş siyasəti nəticəsində Ermənistan sülh təşəbbüslərini qəbul etmək məcburiyyətində qalıb”.

YAP rəsmisi bildirib ki, artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır: “Bunu dövlətimiz tərəfindən atılan addımlar da açıq-aydın göstərir. Elə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu istiqamətə keçirilən tədbirlərin tərkib hissəsinə daxildir. Azərbaycan sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasını istəyir. Bu kimi beynəlxalq tədbirlərlə ölkəmiz ümumi səylər və çağırışlarla dünyaya müsbət yöndə töhfəsini verir”. yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə