Müstəqil Azərbaycanda mətbuat və söz azadlığı TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir"

"Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir… Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada keçirilən mətbuat konfransında Ona ünvanlanan sualı cavablandırarkən bildirib.Azərbaycan müstəqil dövlət olaraq insan hüquqlarının qorunmasına öz töhfəsini verir. Hər bir ölkədə mətbuat və söz azadlığının olması və onun inkişafı respublikanın demokratikləşməsi prosesinin vacib amillərindəndir.Zamanın tələbinə və çağırışlarına uyğun olaraq Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib və bu davamlı xarakter alıb. "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir", - deyə dövlətimizin başçısı çıxışlarının birində diqqətə çəkmişdir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atmaqda davam edir.

DEMOKRATİK CƏMİYYƏTİN MEYAR VƏ ÖLÇÜSÜ

3 May - Ümumdünya Mətbuat və Söz Azadlığı Günüdür. 1993-cü il dekabr ayının 20-də BMT Baş Məclisinin qərarı ilə may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü elan olunmuşdur. Ümumdünya Mətbuat Azadlığı Günü demokratik proseslərin inkişaf etdiyi, fikir və söz azadlığına önəm verildiyi ölkələrdə, o cümlədən, Azərbaycanda da qeyd olunur. Təbii ki, söz və mətbuat azadlığı cəmiyyətdə demokratiyanın meyarı və ölçüsüdür. Bu baxımdan ölkəmizdə bu dəyərlərin mövcudluğu Azərbaycan mətbuatın inkişafında önəmli rol oynayır.
Uzun bir yol keçən milli mətbuatımıza müstəqillik dövründə daim diqqət və qayğı göstərilib və bu davamlıdır. Belə ki, dövlətimizin inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmaqla yanaşı, rəqabət qabiliyyətini daha da yüksəltmişdir. Müstəqillik dövründə milli mətbuatımızın inkişafı, ölkəmizdə söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Milli mətbuata olan münasibət və qayğısı nəticəsində azad və demokratik mətbuatımız cəmiyyətin operativ və obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Təbii ki, Ulu Öndər Heydər Əliyevin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın inkişafında mühüm amillərdir. Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da, əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Dahi Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

YENİ DƏYƏRLƏRLƏ ZƏNGİNLƏŞƏN MEDİA SİYASƏTİ

Uğurlu bir inkişaf yolu keçən milli mətbuatımıza dövlətimizin diqqəti davamlıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasətini yeni dəyərlərlə zənginləşib. Mətbuatımızın son illəri əhatə edən qısa bir tarixinə nəzər salsaq bunu görmüş olarıq. Belə ki, dövlət başçısı İlham Əliyevin səyi ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. 2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.

MƏTBUATA DÖVLƏTİN DİQQƏT VƏ QAYĞISI

"Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında" 16 iyul 2018-ci il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının bir nümunəsi idi. Məlum Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılmışdı. Milli mətbuatımıza göstərilən diqqətin bariz nümunəsidir ki, dövlət başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" 22 iyul 2019-cu il tarixli Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrıldı. Qeyd edək ki, dövlətimiz tərəfindən qəzetlərə ayrılan diqqət və qayğı sistemli və davalı xarakter daşıyır. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.
Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti milli mətbuatımıza daim diqqət göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.

"JURNALİSTLƏR BƏLKƏ DƏ ÖZLƏRİ DƏ BİLMƏDƏN MƏNİM KÖMƏKÇİLƏRİMDİR"

Mətbuata ayrılan bu və digər qayğı, diqqət onun üzərinə məsuliyyət qoyur. Obyektivlik qorunmalı, şəffaflıq təmin edilməlidir. Cəmiyyətdəki uğur və nöqsanlar mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim olunmalıdır. Cəmiyyəti narahat edən problemlərin üzə çıxarılmasında mətbuat işçilərinin rolu əvəzsizdir. "Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz."
Müasir dövrdə Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşmışıb. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə