"Şuşanın “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi..." - ŞƏRH EDİLDİ

“Şuşa şəhərinin İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçilməsi faktının özü və cənab Prezidentin müvafiq sərəncamı mahiyyət etibarilə böyük mənəvi əhəmiyyət daşıyan hadisə olmaqla yanaşı, bütün islam dünyasına, gənclərə Azərbaycandan verilən mesajdır. Bəlli olduğu kimi, torapqlarımız işğal altında olduğu zaman kəsiyində işğalçı Ermənistan Azərbaycan ərazilərindəki tarixi və dini abidələri, ziyarətgahları dağıdıb, yararsız hala salıb, təhqir edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, müsəlman azərbaycanlılara məxsus məscidlərin donuz tövləsi kimi istifadə edilməsi, dağıdılması, ziyarətgahların, məzarlıqların dağıdılması, təkcə azərbaycanlılara deyil, bütün İslam dünyasına, İslam mədəniyyətinə qarşı törədilən cinayətdir:
“Digər tərəfdən, bəlli olduğu kimi Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, bütün azərbaycanlılar üçün müqəddəs şəhərdir və şübhəsiz ki, müqəddəs məramlı tədbirlər də məhz müqəddəs Şuşa şəhərində keçirilməlidir. Eyni zamanda ayrı-ayrı müsəlman ölkələrindən, o cümlədən erməni diasporunun da mövcud olduğu ərazilərdən gələn müsəlman gəncləri Ermənistanın törətdiyi dəhşətli vandalizm aktlarına şahidlik etməli, eyni cinayətlərin onların yaşadıqları ölkələrdə də baş verməməsi üçün həmrək olmalıdırlar.

Düşünürəm ki, Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi və Prezident İlham Əliyevin sərəncamı əsasında həyata keçiriləcək tədbirlər, islam ölkələrindən gələn gənclərin Azərbaycanın zəngin mədəniyyəti ilə yanaşı erməni vandalizminin təzahürləri ilə də tanış olmalarına zəmin yaradacaq, İslam mədəniyyətinin qorunması üçün həmrəyliyin zəruri olduğu mesajını verəcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə