"Sülhməramlıların ölkəni tərk etməsi İlham Əliyevin diplomatik məharətidir" - Fəzail Ağamalı

“Son bir neçə gündür, Rusiya sülhməramlılarının ölkəni vaxtından əvvəl tərketmə prosesi gedir. Bu, dövlət başçısı İlham Əliyevin siyasətinin, diplomatik məharətinin davamıdır və belə qiymətləndirilməlidir. Azərbaycan xalqının mütləq əksəriyyəti rus sülhməramlıların Qarabağda yerləşməsini müvəqqəti hal olaraq qəbul edirdi”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Fəzail Ağamalı deyib.

“Sülhməramlıların ölkəni tərk etməsi ölkə başçısının növbəti hədəflərindən biri idi. Bu yolda ən müxtəlif üsullardan istifadə edən Prezident İlham Əliyev nəhayət buna nail oldu. 2023-cü ildə antiterror tədbirlərindən sonra əmin idik ki, zaman gələcək sülhməramlılar ərazimizi tərk edəcək. Bu gün Əli Kərimlinin ətrafında olanlar əgər özlərində ləyaqət hissi daşıyırlarsa, Prezident İlham Əliyevdən və Azərbaycan xalqından danışmış olduqları yalanlardan dolayı üzr istəməlidirlər”,-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə