“Azərbaycan-Serbiya arasında siyasi dialoq hər zaman yüksək səviyyədə olub” - ŞƏRH EDİLDİ

“Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən dövlətlər təbii olaraq respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Bu da təbiidir. Belə ki, respublikamız artıq Avropanın enerji təhlükəsizliyi təminatıda əsas rol oynayan ölkələrdən birinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, Azərbaycanın qaz ixracı coğrafiyası da getdikcə genişlənir: “Hazırda ölkəmizin təbii qazı Serbiya da daxil olmaqla doqquz ölkəyə ixrac edilir ki, bunlardan da yeddisi Avropa ölkəsidir.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulub. 8 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasında, 2011-ci ilin fevral ayında isə Serbiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq hər zaman yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər və təmaslar isə iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün daha geniş zəmin yaradıb. İndiyə qədər Azərbaycan və Serbiya arasında çoxlu sayda sənədlər imzalanıb və bu sənədlər iki ölkəni strateji tərəfdaşa çevirib. Onu da qedy edim ki, Azərbaycan və Serbiya təkcə sənəd üzərində deyil, həm də sözdə və əməldə yüksək əməkdaşlığa sadiqlik nümayiş etidirirlər.
İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. Beynəlxalq arenada ölkələrimiz bir-birinin suverenliyi, ərazi bütövlüyünü birmənalı şəkildə qarşılıqlı surətdə dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsidə hər iki ölkə tərəfindən irəli sürülən təşəbbüslər nəzərə alınır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər. Buna əyani misal kimi Serbiyanın 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə məsələnin lehinə mövqe nümayiş etdirməsidir. Daha bir nümunə olaraq bu ilin fevralında Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə ilə bağlı Assambleyanın sədri Teodoros Rousopoulosa ünvanladığı etiraz müraciətini göstərmək olar.

İkitərəfli münasibətlərin inkişafı baxımından 2011-ci ildə yaradılmış Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın da rolu əhəmiyyətlidir. Eyni şəkildə iki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu da inkar etmək olmaz. Belə ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərirlər. Parlament sədrlərinin, eləcə də dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin daha da inkişafına güclü təkan verir. İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda da yeni imkanlar açılıb. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. Serbiya həmçinin Azərbaycandan elektrik enerjisinin Avropaya ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsinə qoşulma perspektivlərini də nəzərdən keçirir.

İki ölkə arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq iqtisadi münasibətlərin inkişafında da özünü göstərir. Kənd təsərrüfatı, hava nəqliyyatı, turizm, tibb, nəqliyyat-infrastruktur və digər sahələrdə əməkdaşlıq hər iki tərəfin maraq dairəsindədir və bununla bağlı çoxtərəfli əməkdaşlıq perspektivləri mövcuddur.
Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. Serbiyanın Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Azərbaycan Dillər Universitetində isə Serb dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksələn xətt üzrə inkişaf edən bu münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə