"Onlar erməni vandalizmini gözləri ilə görəcəklər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Onlar erməni vandalizmini gözləri ilə görəcəklər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda keçirilən müxtəlif məzmunlu beynəlxalq toplantılar dövlətimizin, cənab Prezident İlham Əliyevin nüfuzundan xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, beynəlxalq toplantıların hər hansı ölkədə keçirilməsindən ötrü bəlli ilkin zəruri şərtlər lazımdır: "Onların içərisində ölkənin daxildə təhlükəsizliyinin hansı səviyyədə təmin olunması, belə toplantıların keçirilməsi üçün ölkənin təşkilati baxımdan hazır olması və digər amillər əsas götürülür. Bu gün Azərbaycan təhlükəsizlik baxımından ən etibarlı ölkədir. Gecənin istənilən saatında Azərbaycana gələn qonaqlar təkcə Bakıda deyil, bütün şəhər və rayonlarda sərbəst şəkildə hərəkət edə bilərlər. Hətta xaricilər özləri bu baxımdan Azərbaycanı örnək ölkə hesab edirlər. Azərbaycan belə toplantıların keçirilməsindən ötrü təşkilati-texniki baxımdan da ən mükəmməl ölkələrdən biridir. "Bakı Forumu", "Formula1" yarışları, sivilizasiyalararası, mədəniyyətlərarası dialoq toplantıları bunu göstərib. COP29-un ölkəmizdə keçirilməsi həm bu amillərlə, həm də cənab Prezident İlham Əliyevin şəxsi beynəlxalq nüfuzu, ona olan inam və etimadla bağlıdır. Bu tədbir onu göstərir ki, Azərbaycan ətraf mühitin qorunmasında öndə gedən ölkələrdən biridir.

Bəs bu toplantılar ölkəmizə nə verir?

Belə toplantıların keçirilməsi ölkəmizə xarici siyasətimizdə bir vasitə olan "yumuşaq güc" siyasətinin həyata keçirilməsinin nümunəsidir. Hər şeydən əvvəl toplantıların keçirildiyi günlərdə bütün dünyanın gözü Azərbaycanda olur. Azərbaycan haqqında informasiyalar dünyaya yayılır. Tariximiz, mədəniyyətimiz təbliğ olunur. Azərbaycana gələn qonaqlar əyani şəkildə gerçəklikləri görürlər. Xarici ölkələrdə əleyhimizə Ermənistanın və erməni təşkilatlarının apardığı çirkin təbliğat bloklanır. Bu toplantıların keçirilməsinin maddi, maliyyə tərəfləri də vardır. COP29-un keçirildiyi günlərdə ölkəmizə təxminən 100 min nəfərin gəlməsi otellərin dolub-daşması, ölkəmizə bəlli vəsaitlərin daxil olmasıdır. Həm də bu səfərlər növbəti turist səfərləri üçün zəmin hazırlayır. Xüsusən, işğaldan azad edilmiş ərazilərimizə xaricdən gələn qonaqların aparılması böyük strateji əhəmiyyət daşıyır. Onlar erməni vandalizmini gözləri ilə görəcəklər. Azərbaycanın quruculuq siyasətinin əyani şahidi olacaqlar. Ona görə də hesab edirəm ki, belə toplantıların keçirilməsi ictimaiyyətimiz tərəfindən müsbət qarşılanır. Dövlətimizə və millətimizə yalnız faydası vardır. Onun əleyhinə olanlar düşünürəm ki, erməni təbliğatı ilə eyni mövqedə dayananlardır - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə