"Regionun zəif həlqəsindən – Ermənistandan istifadə olunur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Yeni dünya düzəni uğrunda mübarizədə beynəlxalq hüququn norma və prinsiplərinin əhəmiyyətini itirməsi, qlobal sülhü təmin edən təhlükəsizlik mexanizmlərinin sıradan çıxarılması və güc amilinin ön plana keçirilməsi, şübhəsiz ki, bütün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyub". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

Deputat bildirib ki, belə bir şəraitdə dövlətlərin öz təhlükəsizliklərini təmin etməsi, daxili sabitliklərini qoruyub saxlamaları, inkişaflarını təmin etmələri çox çətindir və bəzən dünyanın yüzillik davamlı dövlətçilik tarixinə malik olan ölkələri belə az qala hər gün dəyişən geosiyasi reallıqlardan doğan çağırışlara cavab verməyə çətinlik çəkirlər: "Bu xüsusda, ölkəmizin nə qədər uğurlu bir siyasət yürütdüyü və doğru strategiya seçdiyi daha aydın görünür. Azərbaycan, məhz belə bir mürəkkəb şəraitdə öz ərazi bütövlüyünü, suverenliyini təmin etməyi bacarıb. Nəinki özünün, bütövlükdə regionun təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm nəticələrə nail olub".
Onun sözlərinə görə, amma bununla yanaşı, hazırda Cənubi Qafqazın geosiyasi qarşıdurmalar arenasına çevrilməsi istiqamətində səylərin səngimədiyini də müşahidə edirik: "Bu prosesdə hər zaman olduğu kimi regionun zəif həlqəsindən –Ermənistandan istifadə olunur. Bu ölkənin ənənəvi olaraq, bölgədə xarici güclərin maraqlarının ifadəçisi kimi çıxış etməsi də diqqətdən yayınmır. Baş verənlərlə bağlı Azərbaycan, Türkiyə və Rusiya açıq və birmənalı mövqe sərgiləsələr də, nədənsə ənənəvi olaraq Qərb ölkələrinə münasibətdə gurultulu bəyanatlar verən İranın səsi eşidilmir, daha dəqiq desək, zorla eşidilir. Rəsmi Tehran özündən min kilometrlərlə kənarda “maraqlarını və təhlükəsizliyini təhdid edən” hansısa qüvvələrə qarşı mübarizə apardığını, Qərbin Yaxın Şərq və Aralıq dənizi hövzəsində yürütdüyü siyasətə qarşılıq verdiyini bəyan etsə də, nədənsə öz sərhədlərinin yaxınlığında, az qala bir neçə metrliyində bölgədənkənar güclərin mövcudluğunu və onların yürütdükləri təhlükəli siyasəti, həmçinin buna imkan yaradan Ermənistanın çirkin oyunlarını görmək istəmir. Şübhəsiz ki, rəsmi Tehranın bu qəbildən olan davranışları İranın digər məsələlərlə, o cümlədən Azərbaycanla “dost, qardaş” münasibətləri ilə bağlı verdiyi bəyanatların, eləcə də İslam həmrəyliyi ilə bağlı iddiaların səmimiliyini şübhə altına alır. Şübhəsiz ki, bütün bunlar təəssüf doğursa da, Azərbaycan, Türkiyə və Rusiyanın prinsipial mövqeyi, bölgədəki qüvvələr nisbəti regionu geosiyasi maraqlarının plasdarmına çevirmək istəyən qüvvələrin niyyətlərinin qarşısını alan əsas amil kimi dəyərləndirilməlidir. Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi isə bu prosesdə önəmli rol oynayır və mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən, ölkəmizin öz milli maraqlarının müdafiəsi istiqamətində nümayiş etdirdiyi qəti mövqe regionun digər ölkələri üçün də nümunə olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB