31 Mart soyqırımı erməni faşizminin daha bir sübutudur – DEPUTATIN ŞƏRHİ

31 Mart soyqırımı erməni faşizminin daha bir sübutudur – DEPUTATIN ŞƏRHİ

“Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Sözügedən tarixdə dinc əhaliyə qarşı törədilmiş cinayətlər ölçüyəgəlməzdir. Dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki zədələr yetirilmişdir. Cinayətlərin miqyasına diqqət etsək görərik ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar”. Bunu SİA-ya açıqlamasından Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur: “Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb”.

A.Hüseynov əlavə edib ki, soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Ulu Ğndər Heydər Əliyevin xüsusi xidmətləri olub: “Soyqırımı faktının bütün dünyaya tanıdılmasında Prezident İlham Əliyevin rolu böyükdür. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini yad etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü elan edilib. Bu Fərman ermənilərin törətdiyi soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində tədqiqatların aparılmasına, həqiqətin üzə cıxarılmasında göstərilən səylərin atrırılmasına təkan verdi. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq Azərbaycanlılara qarşı törədilən faciənin qanlı epizodlarından biridir”.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə