"Türkiyə və Azərbaycan Gürcüstanın şərq və qərbə açılan qapısıdır" - RƏYLƏR
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib. Görüşün Azərbaycan, Türkiyə və Gürcüstan əlaqələrinə təsiri necə olacaq? SİA mövzu ilə bağlı Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay və politoloq Oqtay Qasımovun fikrini öyrənib.
Hasan Oktayın sözlərinə görə, Gürcüstan Azərbaycanla Türkiyə arasında çox mühüm keçid nöqtəsindədir: “Türkiyə və Azərbaycan Gürcüstanın şərq və qərbə açılan qapısıdır. Ermənistanın mövcud faktiki vəziyyəti Azərbaycan-Türkiyə münasibətlərində Gürcüstanın əhəmiyyətini günü-gündən artırır. Gürcüstanın son 30 ildə gördüyü işlər baxımından böyük dəyər kəsb etdiyi üçün danışıqlar sürətlənib. Cənubi Qafqaz ciddi şəkildə müharibə və ya sülh arasında ilişib qalıb. Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü sayəsində sülh əldə olunarsa, rəsmi İrəvanla tam razılıq əldə olunarsa, bölgəyə sabitlik və təhlükəsizlik gələcək”.
Oqtay Qasımov bildirib ki, Azərbaycan və Türkiyə dost, qardaş və müttəfiq ölkələrdir. O cümlədən Türkiyə, Azərbaycan və Gürcüstanın illərdir davam edən əməkdaşlığı var: “Gürcüstan müstəqillik qazanandan bəri həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlər qurub. Bu üç ölkənin bir çox layihələri var və bunların arasında xüsusilə də nəqliyyat-logistika məsələləri, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsi, enerji məsələləri önəmlidir. Bildiyimiz kimi Azərbaycan neft və qazı Gürcüstan üzərindən keçərək Avropaya və dünyaya çatdırılır. Tərəflərin iqtisadi-mədəni sahədə ciddi əməkdaşlıqları var. Gürcüstan hər iki ölkə ilə strateji tərəfdaş kimi çıxış edir. 3 ölkənin hərbçiləri vaxtaşırı olaraq birgə təlimlər, seminarlar keçirirlər. Bu da hərbi-texniki istiqamətdə əlaqələrin inkişafı deməkdir. Digər tərəfdən Türkiyə cənubi Qafqazın ən yaxın qonşularındandır və bölgədə stabilləşdirici rol oynayan dövlət statusundadır.Azərbaycan, Gürcüstan, Türkiyə XİN başçılarının görüşü olduqca əhəmiyyətlidir. Cənubi Qafqaza müdaxilə edərək müəyyən gərginlik yaratmaq istəyən dövlətlər var. Onların Gürcüstan üzərində də təsirləri var. Fransa və müəyyən qərb strukturları Gürcüstana təzyiqlər edirlər. Xüsusilə də Fransadan Ermənistana göndərilən zirehli maşınların Gürcüstan üzərindən daşınması təbii ki, Azərbaycan cəmiyyətində ciddi suallar doğurdu. Düşünürəm ki, bu cür görüşlərdə o məsələlərə də toxunulacaq. Cənubi Qafqaza nüfuz etmək istəyən dövlətlərin qarşısının alınmasında bu üç ölkənin önəmli rolu ola bilər. Burada Türkiyə və Azərbaycanın rolu bəllidir. Gürcüstanın Avropa ilə də sıx əlaqələri var. Avropa İttifaqı üzvlük namizədliyi alıb. Bu baxımdan Gürcüstana müəyyən təzyiqlər ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB