Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan, Qərb dövlətlərinin, eləcə də xüsusi xidmət orqanlarının çətiri altında fəaliyyət göstərən hər cür təşkilat və fondların dərhal maraq obyektinə çevrilib və diqqəti cəlb edən odur ki, onlar istər ölkə müxalifətini, istərsə də çoxsaylı QHT-ləri səxavətlə maliyyələşdirməyə başlayıblar. “Demokratik inkişafa dəstək” adı altında ölkəmizin daxili işlərinə burun soxulmasında demokratiyaya aid heç nə görünməsə də, xoş niyyətin olmadığı açıq-aşkar görünməkdədir.
Maliyyə donorlarının hansı marağı güdməsi, məqsədlərinin nədən ibarət olması barədə dərhal sual yaranır. Qərbin çətiri altında olan təşkilatlar, fondlar Azərbaycanda kimlərə isə nəyə görə belə maliyyə yardımı etməlidirlər axı? Bu sualın fonunda onların məhz cib partiyaları və təşkilatları vasitəsi ilə ölkədəki proseslərə burun soxduqları dərhal diqqəti cəlb edir. Azərbaycanın hakimiyyət orqanlarına təsir göstərmək üçün pula satılan qruplardan istifadə etmək cəhdlərinin arxasında nələrin gizləndiyi istər-istəməz maraq doğurur, amma birmənalı şəkildə bilinir ki, bunun arxasında xoş niyyət ola bilməz. Əks halda, yardımlar da, köməkliklər də, köçürmələr də açıq-aşkar şəkildə edilər, heç bir xəlvəti yola, qanunsuz köçürmələrə, qaçaqmalçılığa əl atılmazdı.
Doğrudur, artıq hansısa Qərbyönümlü təşkilatın, Azərbaycanın daxili işlərinə burun soxmağa çalışan qurupların fəaliyyətinin nətcəsiz qalması və bundan sonra da qalacağı təkzibedilməzdir. Çünki Azərbaycan artıq çox güclü bir dövlətdir, əsən küləklər bu məmləkətin bircə daşını belə yerindən tərpədə bilməz. Müvafiq olaraq, Qərb fondlarının və dövlətlərinin rəsmi Bakının siyasətinə təsir etmək cəhdləri fiaskoya məhkumdur. İndi Azərbaycan əleyhinə olan qüvvələrə qarşı elə bir sədd çəkilib ki, onların nəyə isə, hansısa bəd niyyətlərə nail olmaq şansları sıfır həddini aşan deyil. Qrant müqavilələri çərçivəsində xaricdən ayrılan bütün vəsaitlər çox ciddi şəkildə incələnir və ciddi şəkildə də hesabat tələb olunur. Rəsmi Bakının bu istiqamətdə apardığı siyasət yerli QHT-lərin və bəzi KİV-lərin xarici donorlarının icazə verilən həddi aşaraq dövlətimizin daxili işlərinə qarışmağa başladığı məqamların qarşısını almaq istəyi ilə izah olunur.
Məsələ burasındadır ki, Qərb mərkəzləri, kəşfiyyat orqanları dönə-dönə yeni üsul və sxemlərə əl atmaqdadırlar. Elə buna görə də yeni variantlar, yeni çətinliklər ortaya çıxmaqdadır və bu baxımdan hansısa QHT-nin, medianın xaricdən qeyri-qanuni maliyyələşməsinin qarşısını hələ tam şəkildə almaq barədə qəti fikir bildirmək olmaz. Anti-Azərbaycan qüvvələr bütün gücü ilə fəaliyyət göstərirlər və bu, indi onlar üçün Qərbdə quduz, sərhədsiz bir təbliğatın aparıldığı bir vaxtda daha vacib hesab olunur. Düzdür, Qərbin çətiri altında olan qüvvələr, donor təşkilatları Azərbaycanda böyük bir ot tayasında bir saman çopü axtarışındadırlar və nəyə isə ümid etmələri xülyadır, amma etiraf etmək lazımdır ki, bu axtarışın məqsədi heç də xoş niyyətli deyil. Daha açıq şəkildə desək, onlar üçün nə isə tapmaq yox, aranı qarşıdırmaq üçün hansısa səbəb lazımdır. Onların marionetləri isə bu yolda bütün imkanlarını səfərbər etməyə çalışırlar və “Abzas Media” xəbər portalının və eləcə də Toplum TV-nin rəhbər və əməkdaşlarının nümunəsində biz bunun şahidiyik.
Artıq çoxdandır cəmiyyətimiz üçün sirr deyil ki, həm Abzas Media, həm də Toplum TV ilə bağlı aparılan araşdırma nəticəsində Azərbaycanda fəaliyyət göstərən Qərb şəbəkəsinin Gürcüstan vasitəsilə qeyri-qanuni maliyyələşdirildiyi müəyyən edilib. Görünən odur ki, Gürcüstanda özləri üçün yer eləmiş olan Qərb institutları qonşu ölkələrdə vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq üçün həmin ölkədən tramplin kimi istifadə edirlər. Ona görə ki, məhz müxtəlif Qərb fondları və qurumları, eləcə də Soros fondu agentləri Gürcüstanda sərbəst fəaliyyət göstərə bilirlər. Həm də ona görə ki, bu ölkənin, yəni Gürcüstanın banklarla bağlı maliyyə institutlarının imkanlarından rahatlıqla istifadə edilir. Ən acınacaqlı hal ondan ibarətdir ki, bütün bunlar Gürcüstanın xüsusi xidmət orqanlarının və maliyyə monitorinqi orqanlarının gözü qarşısında baş verir. Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd olduqdan sonra bu fəaliyyətlər daha da genişləndi və daha da aqressivləşməyə başladı. Bir sözlə, Gürcüstana vəd verməklə, şirnikləndirməklə çirkin oyunlar oynanılır və bu oyunlarda alət olanlar da var.
Diqqətlə nəzər saldıqda görürük ki, pul köçürmələri mexanizmində qeyri-adi nə isə yoxdur və ssenari eyni şəkildədir. Beləki, vəsaitlər Gürcüstan banklarına köçürülür, orada nağdlaşdırılır və Azərbaycana göndərilir. Eyni zamanda, anonim bank kartlarından geniş istifadə olunur və bu, artıq planlaşdırılan tədbirlərin, əslində, qanunsuz olduğunu deməyə əsas verir. Əgər çirkin niyyət olmasaydı bu qədər mürəkkəb yola, varianta əl atılmazdı. Eyni zamanda, vaxtilə “Əl-Qaidə” və “İŞİD” kimi terror təşkilatlarının geniş istifadə etdiyi nümayəndə heyəti metodundan da məharətlə istifadə olunmazdı.
Əlbəttə ki, Azərbaycan vətəndaşlarının, Gürcüstan azərbaycanlılarının avantüralara cəlb edilməsi, onların adından ictimai təşkilatların yaradılması, bu təşkilatların maliyyələşdirilməsi və fəaliyyətlərinin Azərbaycana qarşı yönəldilməsi Gürcüstan xüsusi xidmət orqanlarının gizli razılığı ilə baş verir. Təəccüb və təəssüf doğuran məqam əslində budur. Doğrudur, Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov əslən Gürcüstandandır və tez-tez bu ölkəyə səfər edir və təbii ki, o, burada öz qərbli rəhbərləri ilə görüşür, göstərişlər keçirir, lazımi vəsait və güzəştlər də əldə edə bilir. Maraqlıdır ki, görəsən həqiqətənmi Gürcüstanın müvafiq orqanları bütün bunları görmürlərmi? Çətin ki, görməmələri barədə iddia belə inandırıcı səslənməz və hər halda bu, heç də xoşagələn məqam deyil. Çünki qonşu ölkədə aranın qarışdırılması məqsədi ilə istənilən hadisəyə göz yummaq qəbuledilən deyil.
Bəli, doğrudur, Qərbin uzun illərdir Azərbaycanda qurduğu bəd niyyətli şəbəkə məhv edilib. Məhz həmin şəbəkənin məhv edilməsi ilə Azərbaycanın müstəqilliyinə, müstəqil siyasətinə, əldə edilmiş tarixi Qələbəyə, ərazi bütövlüyünün təmin edilməsinə qarşı yönəlmiş fəaliyyətə ciddi zərbə vurulub. Düşmənlərimizin də Azərbaycan barədə çirkin niyyətləri, arzuları ürəklərində qalıb və bu vaxta qədər atdıqları bütün addımlar da fiaskoya uğrayıb. Amma bu o demək deyil ki, Qərbin çətiri altında olan təşkilatlar donoruq edərək bundan sonra Azərbaycanın daxili işlərinə daha burun soxmayacaqlar və buna qətiyyən ümid etməyə dəyməz. Əksinə, ölkəmizi Suriya və ya Liviyaya çevirmək planlarının olduğu barədə də şübhə etməkdə məntiqi əsas vardır. Qərb indi sürətlə inkişaf etməkdə olan Azərbaycana qarşı bütün çirkin niyyətlərə əl atmaqdadır və çox təəssüf ki, ən yaxın qonşumuz və tərəfdaşımız olan Gürcüstan bunda iştirak edilməkdə, alət olaraq qəbul edilməkdədir.
Görəsən niyə Gürcüstanda Azərbaycana qarşı bu cür fəaliyyət azadlığına imkan yaradılıb? Görünən odur ki, Qərb Gürcüstana təbir zyiq edir ki, bu cür fəaliyyətə göz yumsun. Hətta təsir belə edir ki, buna şərait yaratsın. Bu məsələdə ABŞ-dan başqa, eyni zamanda Avropa Birliyinin də rolu danılmazdır. Lakin Gürcüstan hakimiyyəti də bilməlidir ki, Azərbaycan Tiflis üçün Avropa İttifaqından heç də az əhəmiyyət kəsb etmir. Qeyd olunanları nəzərə alaraq, Gürcüstan hakimiyyəti və bu ölkənin xüsusi xidmət orqanları Qərbin Azərbaycana qarşı təxribatlarının qarşısını almalı və bu çirkin oyunun iştirakçısına çevrilməməlidir. Ona görə ki, biz qonşu dövlətik və strateji tərəfdaşıq. Həm də ona görə ki, Azərbaycanın maraqlarına Gürcüstan barmaqarası baxmamalıdır və qonşuluq münasibətlərinin korlanmasına şərait yaradılmamalıdır.
Sözsüz ki, həm Abzas Media, həm də Toplum TV barədə cəmiyyətimiz həqiqətləri yaxşı bilir. Yaxşı bilir ki, hansısa bir media qurum kimi özünü sırımağa çalışanların külli miqdarda vəsaitlər əldə edilməsi qanuni ola bilməz və bunun arxasında çirkin niyyətlər var. Heç bir reklam gəlirləri olmayan, qanuni şəkildə əldə edilməyən külli miqdarda vəsaitləri mənimsəyən Abzas Media da, Toplum TV də ölkəmiz əleyhinə fəaliyyətdə alətə çevriliblər deyə maliyyələşdirilirlər. Əks halda, onlara nəyə görə vəsaitlər ayrılmalı idi və özü də niyə qaçaqmalçılıq yolu ilə bunu etməli idilər? Əlbəttə ki, külli miqdarda vəsaitlərə satılan vətən xainlərindən məharətlə istifadə edilib və məqsəd də onların xəyanətkarlığından maksimum dərəcədə istifadə olub. İndi bir çox xarici donor təşkilatlar daş atıb baş tutmağa çalışırlar ki, həmin o xainlərə görə Azərbaycanı hədəfə ala bilsinlər. Amma buna nail ola biləcəkləri mümkünsüzdür, çünki arqumentlər və faktlar tamamilə başqa qərar verməyi diqtə edir. İndi həmin donor təşkilatlar özləri Azərbaycan qarşısında cavab verməlidirlər, sualla çıxış etməli yox. Nəyə görə vətən xainlərini müliyyələşdirdiklərinə görə Azərbaycana cavab verməlidirlər.
Əlbəttə ki, sapı özümüzdən olan baltalar, yəni, xainlər haqqında da təəssüf hissi keçiririk və onların cəmiyyətimiz tərəfindən nə qədər nifrətlə qarşılandığını çox yaxşı görürük. Bilirik ki, Azərbaycan cəmiyyəti həmrəyliyinin sayəsində qələbələrə imza atdığının fərqindədir və bizim üçün birlik ən vacib məqam hesab olunur. Belə olan halda, həmin o xainlərin nəyə cəhd etdikləri, bilərəkdən ölkəmizi məğlubiyyətə sürükləmək cəhdləri sözsüz ki, qətiyyən xoş qarşılana bilməz. Əksinə, onların belə xəyanətkarlıqları cəmiyyətimiz tərəfindən ancaq nifrətlə qarşılanır. Bu baxımdan da ölkəmizə qarşı bununla bağlı hansısa iddia ilə çıxış edənlər belə yanılırlar, çünki belə xəyanətkar şəbəkə cəmiyyətimizin özü tərəfindən məzəmmətlə qarşılanır, barələrində hüquqi müstəvidə addımların atılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB