"Mən Əli Kərimlinin dabaqda gönünə bələdəm" - MÜNASİBƏT BİLDİRİLDİ

“Xaricdə nəsə olanda, onu dərhal arzularına calaq eləmək Əli Kərimlinin köhnə şakəridir. Məsələn, bir vaxtlar Gürcüstanda qızılgül inqilabı olanda Əli Kərimli bunu yamsılamağa çalışdı, Bakı küçələrində əllərində gül aksiya keçirirdilər. Sonra Ukraynada narıncı inqilab olanda Əli Kərimli və dəstəsi əyninə narıncı köynəklər geydilər, qalstuklar taxdılar və bu dəfə Ukraynanı yamsılamağa başlamışdılar...”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bu adamın özünü konkret bir yetkin xətti, reallıqlara uyğun davranışı yoxdur: “Ancaq gözləyirlər ki, xaricdə kimsə nəsə edəndə onu təkrarlasınlar. Eyni “məntiqlə” də xaricdə hansısa bir xoşagəlməz hadisə olanda bundan eybəcər şəkildə cəmiyyətdə xof yaratmaq üçün istifadə etməyə çalışırlar.

Diqqət edin, belə iddia yayır ki, Azərbaycanda da Navalnı faciəsinin bənzəri yaşana bilər. Əvvəla, onu qətiyyən Tofiq Yaqublu, Qubad İbadoğlu və ya digər “silahdaşlarının” taleyi narahat etmir. Əksinə, Əli Kərimli bu adamların həbsdə qalmasına sevinir, çünki bundan öz korporativ maraqları üçün istifadə edir, xaricdən pul alır və s.
Onun belə “qorxunc” şayiə yaymasının bircə səbəbi var, bunu da özü açıqlayıb. Deyir ki, “ABŞ və Avropa İttifaqının Navalnının öldürülməsilə bağlı Rusiyaya tətbiq etdiyi çoxsaylı və sərt sanksiyalar bütün avtoritar rejimlərə göndərilmiş mesajdır”.

Adam yenə də erməni siyasətinə dəstək verir. Təbii, bütün bunların səbəbi odur ki, adam tam fiaskoya uğramış bir siyasətin “lideridir”. Nə normal bir fəaliyyətləri var, nə ölkənin inkişafına hansısa töhfələr verə bilirlər. Son zamanlar varlıqlarını, mövcudluqlarını göstərmə üçün tutduqları eybəcər xətt Qərbi Azərbaycana sanksiyalar tətbiq etməyə çağırmaqdan ibarətdir. Bunu dünyada ancaq iki qüvvə edir – ermənilər və Milli Şura.

Adam məgər bilmir ki, sanksiya tətbiq ediləndə dövlətə, xalqa hansı problemlər yaranır? Məgər anlamır ki, Azərbaycan Rusiya deyil və bütün qütblərlə paralel əməkdaşlıq edir? İndiyədək Azərbaycanda hansı siyasətçi ilə istər azadlıqda, istər həbsdə qəddar davranılıb? Bütün bunları gözəl bilir. Mən Əli Kərimlinin dabaqda gönünə bələdəm, ölkədə onun özündən avtoritar, despot xarakterli heç bir siyasətçi yoxdur. Bu artıq ora qədər inkişaf edib ki, fərdi uğursuzluqlarına görə xalqa da bəlalar yaşatmaq üçün xaricdəki məkrli dairələrə çağırışlar edir. Dövlətə, xalqa bundan böyük pislik ola bilməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə