Yaxud, korrupsiyalaşmış Avropa Parlamenti erməni lobbisinndən umduğu nədir?
Avropanın sözdə olan “dəyərləri” öz əhəmiyyətini itirib, həm də çoxdan. Azərbaycandan baxsaq, Avropa bir “qoca qitə” olaraq dünya siyasətinə təsir etmək gücünü tükədib, dişlərini töküb, sadəcə son günlərini saymaqla gününü yola verir. İndi başqa qütblər meydana gəlməkdədir. Çünki Avropa ədalətli olmağı bacarmır, demokratiya, söz və mətbuat, eyni zamanda insan azadlıqları arxa plana keçib, dini və milli ayrıseçkilik bu cəmiyyəti bir neçə yerə bölüb. İkili standartlar ənənəvi “Avropa standartları”nı üstələyib.
Ermənistan-Azərbaycan münaqişəsinə ədalət prizmasından yanaşa bilməyən Avropa buna bənzər hadisələrə verdiyi fərqli reaksiya ilə özünü ifşa edib. Bu yanaşma təsadüfən baş verməyib, həm də sistematik hal alıb. Münaqişənin 25-ci ilində Avropanın məsələyə yanaşması ilə, hadisələrin ilk illərində tutduğu mövqenin heç bir fərqi olmayıb. Ermənistan-Azərbaycan münaqişəsini dini müstəviyə çıxarılmasında da Avropanın böyük “zəhməti” olub. Məsələyə “xristian Ermənistan-müsəlman Azərbaycan” çərçivəsindən baxan da Avropa olub. İkili standartlardan danışırıq, Avropada separatçı ocaqların sayı 250-yə yaxındır, amma bir separatçı təşkilatın hərəkətinə Qarabağdakı separatçılara görtərilən qayğı kimi yanaşılmır. Avropada öz haqqını, azadlığını tələb edən millətlərə terrorçu, Qarabağda Azərbaycanın ərazi bütövlüyünü təhdid edənlərə, Bakıya qarşı silahlı müharibə aparanlara, azərbaycanlıları öz yurdundan qovan, əsir və girov götürən, öldürən ermənilərə isə “azadlıq mücahidləri” damğası vuranlar da avropalılardır.
Azərbaycan bu gün ərazi bütövlüyünü tam olaraq bərpa edib, həm də dünya birliyinin qəbul etdiyi sərhədlər çərçivəsində. Bir addım da başqa ölkənin ərazilərinə girməyib. Amma bəzi beynəlxalq təşkilatlar kimi, özünü münaqişədə tənzimləyici tərəf, vasitəçi kimi uğursuz təqdim edən Avropa ədalətli sonluğu qəbul etməkdə çətinlik çəkir. Hətta buna qarşı çıxır, Azərbaycanı sanksiyalarla hədələyir. Bunun ilk siqnalları kimi nümayəndə heyətimizin AŞPA-dakı mandatını təsdiq etmir. Guya bizə dərs verir, niyə bizim dediyimizlə, göstərişimizlə hərəkət etmirsiniz, deyə bizi cəzalandırmaq istəyirlər.

“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”
Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu barədə danışarkən Avropa İttifaqı rəsmilərinin yanlış yolda olduqlarını bir daha vurğuladı. “Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.
Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Prezidentin qeyd etdiyi kimi Azərbaycan sülh prosesinə sadiqdir. Məhz ölkəmiz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edir. Azərbaycan sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdi. Biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!

Avropanın ikili yanaşması
Görəsən, işğalçı ilə işğal olunan tərəf bəlli olduğu halda Qərb Ermənistanı niyə dəstəkləməkdə davam etsin? Ən azından ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və həmin sənəddə ağ kağız üzərində qara hərflərlə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyinə dair qeydlər var. O sənədə ABŞ, Rusiya, Fransa və həmçinin Avropa ölkələri də imza atıblar. Əgər faktlar yalan idisə hələ təzə-təzə müstəqilliyinə qovuşan Azərbaycana “həqiqəti” niyə söyləmirdilər? Bəlkə qorxurdular? Yox, əslində bu sənədə imza atanların əksəriyyəti, xüsusən də Qərbin təmsilçiləri bu qətnamələrin kağız üzərində qalacağına əmin idilər. Ona görə də ATƏT-in Minsk qrupunun 12 üzvünün olmasına və həmsədrliyin növbəlilik prinsipi əsasında formalaşmasının məsələnin həllini tezləşdirəcəyinə rəğmən ABŞ və Fransa qaydaların əlehinə gedərək münaqişəni müharibəyə çevirməyi bacardılar.
Bu gün Avropa İttifaqının müxtəlif qurumlarında ermənipərəst deputatlar Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün təbliğat aparırlar. Əslində onların heç bir əhəmiyyəti və mənası yoxdur. Bu ajiotajın, səs-küyün səbəbi də bəllidir. Avropa Parlamentinə yeni seçkilər keçiriləcək. Korrupsiya bataqlığında çapalayan Avropa institutlarında, xüsusən də Avropa İttifaqının Parlament Assabmleyasında təmsil olunmaq istəyən potensial deputatlar kürsülərdən birini ələ keçirməyə çalışırlar. Bunun üçün isə maliyyə vəsaiti lazımdır. Bəs bu vəsaiti haradan və kimdən əldə etməli?
Öz maraqları naminə “kərtənkələ xidməti” göstərən Ermənistanın Avropadakı lobbisi dərhal fəaliyyətə keçir və korrupsiyaya, rüşvətə alışmış parlamentariləri yenidən o kürsülərə əyləşdirmək üçün pul xərcləyirlər. Təbii ki, əvəzində Ermənistata “ayı xidməti” göstərmək müqabilində. Bəs bu paraları verən ermənilər kimdir və onların əsl məqsədi nədir? Maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyanın dayandığı bəlli olub. K.Karapetyan haqda aparılan araşdırmalardan da bəlli olur ki, onun əsas gəlir yeri qanlı brilyant qaçaqmalçılığındandır.
…2018-ci il yanvarın 25-də separatçıların başçısı Bako Saakyan Avropa Parlamentinin üzvü Lars Adaktusonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edir. Görüşdə Qarabağ və Avropa arasında münasibətlərlə bağlı bir sıra məsələlər müzakirə olunub. Parlament əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilib. Saakyan Avropa Parlamenti və digər Avropa strukturları ilə əlaqələrin dərinləşdirilməsində və genişləndirilməsində maraqlı olduğunu qeyd edir və əlavə edir ki, bu, “respublika”nın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İclasda “Hay Dat”ın Avropa Komissiyasının rəhbəri Kaspar Karapetyan da iştirak edib.

Kaspar Karapetyan kimdir?
Avropa Parlamentində tarixin ən qalmaqallı korrupsiya faktı ortaya çıxıb. Bu məsələdə erməni izinin olması mövzunu daha da aktuallaşdırır. Belə ki, dekabrın 9-da Brüsseldə beş nəfər parlament təmsilçisinin, o cümlədən, qurumun sədr müavini, yunan mənşəli Yeva Keylinin saxlanılmasının ardınca məlum oldu ki, korrupsiya ittihamları yalnız ortada olan faktlarla başa çatmır. Aparılan istintaq araşdırmaları zamanı Avropa Parlamentinin nə az, nə də çox – düz 60 deputatının rüşvət aldığı bəlli olub.
Həbs edilmiş Kayli bu məsələlərdə “kassir” rolunu oynayıb. O, rüşvəti aldıqdan sonra əldə edilən vəsaitləri digər avroparlamentarilər, onların məsləhətçiləri və köməkçiləri arasında bölüşdürüb. Bütün bunlar öz yerində. Lakin ən maraqlı məqam Keylinin ermənipərəstlik aktivliyi ilə seçilir və bu məsələdə də şübhələr artmağa başlayıb. Məsələ ondadır ki, Keylinin həbsinə qədər o Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü olub. Həmin qrup isə Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx bağlıdır. Bu təşkilatın prezidenti isə ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır.
Beləliklə, mənbə məlumat verir ki, Karapetyan 2019-cu ilin 26 may tarixində Keyli ilə “işgüzar” əlaqələrinin olduğunu istisna etməyən çıxış səsləndirib. Onu da xatırladaq ki, Keyli kimi, Karapetyan da Yunanıstan mənşəlidir. O özünün “Facebook” səhifəsində Keyli ilə çəkdirdiyi birgə fotosunu paylaşıb. Həmin vaxtlarda isə Keyli Avropa Parlamentinə namizəd olub. Seçildikdən sonra isə onun Kaspar Karapetyanla əlaqələri daha da artmağa başlayıb. Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib!
2021-ci ilin 19 noyabr tarixində isə Keyli avrodeputatların qrup halında imzaladıqları və “Azərbaycanın Ermənistana qarşı aqressiya törətməsi” ittihamını əks etdirən bəyanatının yayılmasının əsas təşəbbüskarı kimi tanınıb. 2022-ci ilin 4 may tarixində isə Keyli Brüsseldə Ermənistan parlamentinin radikal “Daşnaksyutun” partiyasının deputatı Xaçaturyanla görüşüb. Görüşdən əvvəl isə Yeva Keylinin məhz Kaspar Karapetyanla görüşü baş tutub. Karapetyan isə, eyni zamanda, daşnakçı deputat Xaçaturyanın Brüsselə səfərini maliyyələşdirib. Kaspar Karapetyanın özünün də sosial şəbəkələrdəki səhifəsində etiraf etdiyi kimi, Brüsseldə cəmi bir axşam qala-ziyafətində o, Qarabağ separatçılarına dəstək üçün 3 milyon 800 min avro toplaya bilib.
İndi, Azərbaycanın hansı qara qüvvələrlə mübarizə apardığının fərqindəsinizmi?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB