"Əli Kərimlinin odu söndürüb külü ilə oynaması mənasızdır" - DEPUTAT SƏRT TƏNQİD ETDİ

"Əli Kərimlinin odu söndürüb külü ilə oynaması mənasızdır" - DEPUTAT SƏRT TƏNQİD ETDİ

"Baxmayaraq ki mən deputatam, partiyamızla bərabər Xocalı soyqırımının qurbanlarını yad etmək üçün getdikdə heç məni də buraxmadılar. Xalqın arasına qarışıb uzun müddət növbədə durduqdan sonra abidəni ziyarət edə bildim. İndi nə edim? Deyim ki, məni cənab İlham Əliyev və ya ümumi hökumət qoymayıb? Ümumi qanun var. Mən də xalqdan fərqlənmək istəmədim və onlarla birlikdə ziyarətimi etdim. Bir ağacda oturub, min bayraq silkələməyə ehtiyac yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

"Əli Kərimli bəlkə seçkidə az, ya çox adamın gəlməsi barədə fikir səsləndirsəydi, yenə nə isə. Amma cənab İlham Əliyevin seçkidə topladığı 92% səsin saxta olduğunu demək, nə qədər qeyri-ciddilikdir. Bəlkə də Prezident İlham Əliyev hətta 92%-dən çox səs toplayıb. Hesab edirəm ki, Əli Kərimli kimi cığallıq etmək, odu söndürüb külü ilə oynamaq mənasızdır. Bacaran idinsə, 40 min imzanı toplayaydın, öz platformanla çıxış edib xalqı maarifləndirəydin, bu seçkidən istifadə edərək öz partiyanın məramını elan edəydin, nəinki belə boykotla məşğul olardın. Sənin boykotun kimə çatdı ki? Ona görə də haqqı demək lazımdır. Mən də ölkədə müəyyən çatışmazlıqlar olanda tənqid edirəm. Amma nahaq danışmaq yaxşı iş deyil. İnsan özünü xalqın içində təsdiq etmək üçün daha dürüst yol seçməlidir, nəinki Xocalı kimi soyqırımla manipulyasiya etməlidir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə