"Türkiyə və Azərbaycan digər türkdilli dövlətlərin inkişafını istəyir" - ŞƏRH EDİLDİ
"Fevralın 7-də keçirilən prezident seçkilərində qalib gəldikdən sonra cənab İlham Əliyev ilk rəsmi səfərini qardaş Türkiyə Respublikasına etdi. Təbii ki, bu da gözlənilən idi. Çünki dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq-qardaşlıq münasibətləri var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti qardaş ölkədə səfərdə olarkən bir çox önəmli məqamlar vurğulanıb: "Diqqətçəkən məqamlardan biri də türk dövlətlərinin birlikdə addım atacaqları, münasibətlərin daha da inkişaf edəcəyi, türkdilli dövlətlərin rəhbərləri arasında qeyri-rəsmi növbəti görüşün Şuşada keçiriləcəyi təklifinin irəli sürülərək qəbul olunması idi. Bildiyiniz kimi, Şuşa türkdilli dövlətlərin mədəniyyət paytaxtıdır".
Politoloq sözlərinə davam edərək bildirib ki, bu görüşün Şuşada keçirilməsi həm Azərbaycan, həm də türk dünyası üçün böyük əhəmiyyətə malikdir: "Eyni zamanda, türkdilli ölkələrin iqtisadi inkişafı ilə yanaşı, hərbi sənayesinin də gücləndirilməsi və əməkdaşlığının artırılması üçün Azərbaycan və Türkiyənin əlindən gələni edəcəyini bildirməsi çox önəmlidir. Bütün bunlar onu göstərir ki, həm Türkiyə, həm də Azərbaycan digər türk dövlətlərinin də inkişafını istəyir. Təbii ki, bu bizi sevindirir. Hesab edirəm ki, gələcəkdə Türkiyənin inkişaf etmiş hərbi sənayesi həm Azərbaycana, həm də Mərkəzi Asiya türkdilli dövlətlərə də müsbət təsir göstərəcək".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB