İrəvanda təlatüm - ANALİTİK+ŞƏRH

Erməni analitikləri: "Ermənistan torpaqları və əhalinin taleyi onları maraqlandırmır"

"Nikol Paşinyanın Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması ilə bağlı bəyanatı ölkəmizə qarşı hərbi hücumları qaçılmaz edir".

Bu fikirlərlə Ermənistanın "Gənclərin səsi" təşəbbüs qrupunun təsisçisi, siyasətçi və hüquq müdafiəçisi Ovannes Arutyunyan Nikol Paşinyanın son günlər verdiyi bəyanatları ilə bağlı çıxış edərkən deyib.

O, baş nazirin bəyanatının KTMT və Rusiya deyil, məhz Ermənistanın əleyhinə olduğunu bildirib: "Nikol Paşinyan müharibə ehtimalından danışarkən KTMT-yə üzvlüyü dayandırır və birbaşa Rusiyanı hədəf alır. Belə davam edərsə, erməni xalqının vəziyyəti Ukraynadan daha ağır olacaq. Onun sözlərinə görə, başa düşmək lazımdır ki, Qərbin Ermənistanda tək marağı Rusiyaya qarşı yeni cəbhə açmaqdır. "Ermənistan torpaqları və əhalinin taleyi onları maraqlandırmır", - deyə Arutyunyan bildirib.

Tevos Arşakyan: "Nə Qərb Ermənistanın köməyinə gələcək, nə də Rusiya onları müdafiə edəcək"

Digər erməni analitiki, jurnalist Tevos Arşakyan isə deyib ki, Azərbaycanla yeni müharibə başlasa, nə Qərb Ermənistanın köməyinə gələcək, nə də Rusiya onları müdafiə edəcək.

O, həmçinin Fransanın da Ermənistana hərbi yardımının müsbət nəticə verməyəcəyini proqnozlaşdırıb.

"Parisin yardımı bölgədəki güc balansını heç bir şəkildə dəyişdirməyəcək", - deyən Arşakyana görə, Fransanın bütün vədləri Makronun kiçik silah müqaviləsi ilə məhdudlaşır: "Fransa, şübhəsiz ki, Ermənistana kömək üçün öz qoşunlarını göndərməyəcək".

Erməni analitiki Paşinyanın Rusiyanı Fransaya dəyişməsinə də münasibət bildirib və bu qərarı "riskli addım" olaraq adlandırıb.

Beləliklə, fakt budur ki, İrəvan hazırda çətin və qəliz geopolitik oyunlar oynayır və bu oyunlar ölkəyə nəinki səmərəli deyil, hətta Ermənistanın varlığı məsələsini gündəmə gətirir. Həmçinin, Paşinyanın məsuliyyətsiz gedişləri Cənubi Qafqaz regionunu ciddi təhlükə qarşısında qoyur. Nəticədə bu, həm də Ermənistanın özünü çıxılmaz vəziyyətə salır.

Hətta bu gün faktiki olaraq regionda baş verə biləcək ehtimal qarşıdurma zamanı İrəvanın edə biləcəyi heç nə yoxdur.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə