Fransa üçün alətə çevrilən, Ermənistanı poliqona çevirən MARİONET – TƏHLİL
Cənubi Qafqazda öz mövcudluğunu təmin etmək istəyən Fransanın bunun üçün Ermənistanı alət etdiyi heç kim üçün sirr deyil. O da sirr deyil ki, rusların bölgədən sıxışdırılıb çıxarılması üçün fransızlar əllərindən gələni etməyə hazırdırlar və bu baxımdan da Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin olmasında Parisin maraqları təkzib edilə bilməz. Heç şübhəsiz ki, Fransanın ciddi cəhdlə Ermənistana yardım göstərməsi, dəstək verməsi fonunda ermənilər məhz rusların himayəsinə artıq ehtiyac duymadıqlarını düşünürlər və 44 günlük müharibədə Moskvadan guya dəstək almadıqlarını bəhanə edərək, haylar anti-Rusiya təbliğatı aparırlar, hansıki, bu, Parisi tamamilə qane edir. Məhz erməni baş naziri Nikol Paşinyanın Münhendə Rusiya əleyhinə danışması belə təsdiq edir ki, İrəvan Paris üçün bir alət olmağı artıq çoxdan qəbul edib.
Sözsüz ki, erməni baş nazirin Münhendəki son bəyanatları, Rusiya əleyhinə danışması onun qərbyönümlü mövqeyini açıq-aşkar şəkildə ortaya qoyur və bununla yanaşı, həm də Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini daha da körükləyir. Bu, artıq Ermənistanın özündə belə açıq şəkildə etiraf olunur və həmin ölkənin mətbuat səhifələrində belə qeyd edilir. Məsələn, Ermənistana məxsus “Hraparak” qəzetində qeyd olunur ki, Paşinyanın Münhen səfərindən sonra anti-Rusiya əhval-ruhiyyəsi Ermənistanda yenidən daha güclü şəkildə formalaşmağa başlayıb. Sözügedən nəşr qeyd edir ki, Paşinyanın Münhendə rəsmi Moskvanın əleyhinə danışması, bununla da həmin ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin daha da artması onsuz da kövrək olan Ermənistan-Rusiya münasibətlərinin tamamilə məhv olmasına gətirib çıxara bilər və Rusiyanın Ermənistandan sıxışdırılaraq çıxarılması cəhdləri ümumiyyətlə, erməni cəmiyyətinə baha başa gələ bilər. Amma nədənsə, həmin nəşr tərəfindən qeyd edilmir ki, bütün bunlar Ermənistanın məhz Fransa üçün çoxdandır alət olması fonunda baş verir və artıq İrəvan Parisin, Paşinyan da Makronun marionetinə çevrilib.
Bilirik ki, Nikol Paşinyanın hakimiyyətə gətirilməsi onsuz da Qərbin layihəsidir və bu baxımdan da onun Rusiya əleyhinə olması heç də təəccüb doğurmur. Ermənilərin anti-Rusiya əhval-ruhiyyəsinin məhz 2018-ci ildə, Nikol Paşinyan hakimiyyətə gəldiyi dövrdə formalaşdığını və məhz həmin dönəmdə açıq-aşkar şəkildə ortaya çıxdığını da bütün dünya çox yaxşı bilir. Onu da bilirik ki, hayların 2020-ci ildə olan İkinci Qarabağ müharibəsindəki rüsvayçı məğlubiyyəti də bu əhval-ruhiyyənin Ermənistanda daha da kəskinləşməsinə səbəb olub. Ona görə ki, hayların revanşist qüvvələri, erməni müxalifəti çoxdandır erməni cəmiyyətində belə bir fikir formalaşdırıb ki, guya onlar Moskvanın İrəvana dəstəyi olmadığına görə müharibəni uduzublar. Ümimiyyətlə, bütövlükdə Ermənistanın qarşılaşdığı bütün bəlaların günahkarının məhz Rusiya olduğu barədə erməni cəmiyyətində fikir formalaşdırılıb və görünür, daxili auditoriyaya hesablanan çıxışları, eləcə də öz hakimiyyət kürsüsü və şəxsi təhlükəsizliyinə görən qorxusu fonunda Nikol da kimlərinsə dəyirmanına su tökməyi daha doğru yol hesab edir. Amma başa düşmür ki, bununla özü üçün də, ölkəsi üçün də daha təhlükəli vəziyyət yaradır. O, sanki dərk etmir ki, hansısa qüvvələrin təhriki ilə belə bir əhval-ruhiyyənin daha da körüklənməsinə rəvac verməklə özünü də, ölkəsini də Rusiyanın hədəfinə çevirir. Anlamır ki, İrəvan Kremlin hədəfi olduğu zaman fransızlar onları rusların əlindən qurtara bilməyəcəklər və ümumiyyətlə, buna səy belə göstərilməyəcək. Belə olan halda isə həmin o marionetə çevrilən Nikol Paşinyan da daxil olmaqla, bütün ermənilər növbəti dəfə daha böyük fəlakətlə qarşılaşmalı olacaqlar, çünki Ermənistanı nə vaxtsa Fransaya bağışlamaq, Cənubi Qafqazdakı mövqeyini fransızlara güzəştə getmək kimi Moskanın bir fikri ola bilməz.
Ruslar çox yaxşı bilirlər ki, hayların ölkəsində olan anti-Rusiya əhval-ruhiyyəsi Qərbin, ələlxüsus da Fransanın Ermənistana, xüsusən də Cənubi Qafqaza açıq-aşkar maraqlarından qaynaqlanır. Onu da yaxşı bilirlər ki, Ermənistanın Qərbə üz tutmasının belə əsas təşəbbüskarı məhz Fransadır. Anti-Rusiya əhval-ruhiyyəsinin formalaşmasında fransızların rolunu da ruslar bilirlər və hətta başa düşürlər ki, Afrikadakı rəqabətə görə Fransanın Rusiya ilə “hesablaşmaq” kimi bir niyyəti də var və bölgəyə burun soxmaları həm də buna görədir. Əsrlər boyu afrikalılara tətbiq edilən fransız müstəmləkəçiliyindən qurtulmaqda Afrika ölkələrinə fəal şəkildə kömək edən ruslar onun da fərqindədirlər ki, bütün bunların “əvəzini çıxmaq”, uğursuzluqlarını “kompensasiya etmək” məqsədi ilə Fransa da öz növbəsində Rusiya üçün maraq zonası sayılan Cənubi Qafqaza “soxulmaq” planları qurur. Məsələ burasındadır ki, Fransa kimi bir Avropa ölkəsinin planlarında, oyunlarında Ermənistan da, onun baş naziri də öz xoşu ilə alətə çevrilir və bu da Rusiya tərəfinin qətiyyən diqqətindən yayına bilməz.
Xatırladaq ki, Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi kənardan idarə edilir. Deməli, həqiqətən də rəsmi Moskva Ermənistandakı daxili siyasi prosesləri yaxından izləyir və bunu gözlətmir də. Nümunə üçün deyə bilərik ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bununla bağlı fikirlərini açıq şəkildə ifadə edib. O, məsələn, ötən ilin oktyabr ayında vurğulayıb ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi süni şəkildə həyata keçirilir və həmin əhval-ruhiyyə bilərəkdən qızışdırılır. Rusiyalı nazir xüsusi ilə vurğulayıb ki, son illər Ermənistanda yaradılan, Rusiya əleyhinə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları barədə Moskva xəbərdardır. “Bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün yaradılmayıb. Əksinə, onlar anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmaq və ilk növbədə ABŞ, Avropa İttifaqı və NATO ölkələrinin maraqlarının Ermənistan vasitəsilə bu regionda irəliləyişini hazırlamaq məqsədi daşıyır”, deyən Lavrov Kremlin hər şeyi gördüyünə, hər şeydən xəbərdar olduğuna və nəzarətdə saxladığına ustalıqla ehyam vurub. Bu ehyam əslində rəsmi İrəvan üçün bir həyəcan təbili olmalı idi, amma Nikol Paşinyanın sonuncu dəfə Münhendə sayıqlamasından da görünür ki, Ermənistan hakimiyyəti qətiyyən nəticə çıxara bilməyib. Bəlkə də Nikol Paşinyan öz hakimiyyət kürsüsünü qorumaq, hakimiyyət müddətini uzatmaq niyyəti ilə özünü nəticə çıxaran kimi deyil, marionet kimi göstərməyi daha məqbul, daha doğru hesab edir, amma bərk yanılır. Çünki ermənilərin Rusiyaya doğru demarşlarına baxmayaraq, Moskva öz forpostu ilə vidalaşmaq niyyətində görünmür və Kremlin həmin ölkə ilə münasibətlərdə balansı saxlamağa çalışması, eləcə də regionda ikitərəfli strateji maraqları vaxtaşırı haylara xatırlatması da təsadüfi hesab oluna bilməz.
Bir çox rus analitiklər belə hesab edirlər ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artması Avropanın, ilk növbədə də məhz Fransanın sistemli siyasətinin nəticəsidir. Analitiklər belə hesab edirlər ki, Ermənistanın forpost statusuna malik olmasına baxmayaraq, erməni cəmiyyətindəki anti-Rusiya əhval-ruhiyyəsinin artmasına rəsmi Moskva özünü formal olaraq guya bir dövlətin daxili işlərinə qarışmayan kimi göstərir və bu, ancaq beynəlxalq ictimaiyyətə bir mesaj kimi qiymətləndirilir. Çünki elə məhz beynəlxalq ictimaiyyət də bilir ki, Rusiyanın Afrika ölkələrini dəstəkləməsinə görə Paris bir növ “qisas” almaq arzusundadır və buna da Kreml nə etinasız, nə də hazırlıqsız ola bilməz. Heç şübhəsiz ki, rəsmi Moskvanın məhz elə Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı da, burnunu Cənubi Qafqaza soxan fransızlarla bağlı da öz planları var. Məsələ burasındadır ki, rəsmi İrəvan və şəxsən baş nazir Nikol Paşinyan Fransanın, Parisin, elə Makronun marioneti olmağı qəbul etməklə, Ermənistanı qisas meydanına çevirir və sanki haylar da bunun fərqində deyillər.
Yəni həqiqətən də haylar fərqində deyillərmi ki, məhz Qərbin hansısa oyunları onlar üçün nə böyüklükdə fəlakət vəd edir? Bəlkə, Ukrayna ilə əlaqədar hadisələr də ermənilərə dərs olmayıb? Yəni, haylar bilmirlərmi ki, Qərb Ukraynada uzun illər etdiyi kimi, Ermənistanda da anti-Rusiya əhval-ruhiyyəsini formalaşdırmaqla həmin ölkəni “poliqona” çevirə bilər? Belə olan halda nələrin baş verəcəyini başa düşmək, dərk etmək çətin deyil və ermənilər bilməlidirlər ki, marionet olaraq Qərbin, Avropanın, Fransanın alətinə, oyuncağına çevrilmək bütövlükdə Ermənistan, erməni cəmiyyəti üçün acınacaqlı sonluq deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB