"Xocalıya ədalət əslində dünyaya ədalət şüarıdır" - ŞƏRH EDİLDİ
"Soyqırım ifadəsi beynəlxalq leksikonda, hüquqda genosid, yəni bir soyun, genin məhv olması kimi təqdim olunur". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.

O bildirib ki, bir toplumun hər hansı bir millətə, yaxud dinə, sosial qrupa aid olmasından asılı olaraq fiziki cəhətdən məhv olması və yaxud iqtisadi dözümsüzlük yaradaraq o ərazini tərk etməsinə nail olmaq genosiddir: "Yəni bir toplumu bir coğrafiyada ya fiziki cəhətdən məhv edirlərsə, yaxud da iqtisadi baxımdan elə şərait yaradırlar ki, aclıq başlayır, yaşamaq mümkün olmur, o sosial, etnik, dini qrupun nümayəndələri həmin ərazini tərk etməyə məcbur olurlar. Genosid budur. Biz bunu soyqırım adlandırırıq. Bizim ədəbiyyatımızda isə daha çox etnik mənsubiyyətimizə görə hər hansı coğrafiyada türk millətinə, azərbaycanlı milli kimliyinə qarşı olan hərbi təcavüzü soyqırım adlandırırıq.
Xocalı soyqırımı tək bizdə deyil, dünyanın bir sıra dövlətlərində və beynəlxalq təşkilatlarında soyqırım nümunəsi kimi qəbul olunub. Soyqırım bir qəsəbənin etnik tərkibinin məhz Azərbaycan türklərindən ibarət olduğuna görə əhalisinin tamamilə məhv edilməsi və qovulması halıdır. Biz ona görə bunu soyqırım adlandırırıq. Üstəlik orada xüsusi amansızlıqla, vəhşiliklə törədilən böyük cinayətdir. Böyük, kiçik, qadın, kişi, uşaq, qoca bilmədən insanları gülləbaran etdilər. Yerdə qalan əhali köçüb getməyə məcbur oldu. Biz bunun səbəbləri haqqında çox fikirləşmişik. Bir neçə dəfə bu cinayətin törənmə səbəbləri haqqında danışmışam. Burada iki məqsəd güdülüb;
Birincisi, məhz Xocalı qəsəbəsi Xankəndinin yanıdır, ona bitişikdir. Azərbaycan rəhbərliyi Xocalıya o zaman xüsusi diqqət yetirirdi. Xocalının ərazidə qalmasına çalışırdı. Bu insanların Xocalını boşaltması Xankəndi və ətrafını bütövlükdə boşaltmaq demək idi. Ona görə Xocalı xüsusilə seçilmişdi. Xocalıda xeyli əhali yaşayırdı. Bu insanların fiziki cəhətdən məhv olunmasında məqsəd əvvəlcə, insanların gözünü qorxutmaq üçün idi. İnsanları inandırmaq idi ki, onlar, həqiqətən də, bu vəhşiliyi edə bilərlər və orada olan rus ordusu onları qoruya bilməyəcək. İnsanların ürəyinə xof salmaq, başqa rayonların da boşalmasına səbəb olmaq idi. Bütövlükdə Dağlıq Qarabağ ərazisini boşaltmaq üçün Xocalını bir görk etdilər. Bu barədə Ermənistan hərbi rəhbərlərinin də öz etiraf yazıları var.
İkincisi, Sovet ordusunun da şərait yaratdığı bir cinayət idi. Məqsəd həm də iki xalqın arasında o qədər böyük uçurum və qan davası salmaq idi ki, kəskin qarşıdurma, düşmənçilik yaransın, barışığa yer olmasın. Münaqişə, düşmənçilik uzunömürlü olsun. Bu düşmənçilik üzərində manipulyasiya edib öz imperiya maraqlarını həyata keçirə bilsinlər. Yəni Rus ordusunun rəhbərliyinin məqsədi bu idi. Buna nail oldular. 35 ildən artıq bir müddət keçib. İki xalqın arasında düşmənçilik davam edir. Baxmayaraq ki, ərazi bütövlüyümüzü təmin etmişik, beynəlxalq səviyyədə qəbul olunan Azərbaycan ərazisi kimi ərazilərimiz bərpa olunub, yenə də iki xalqın arasında düşmənçiliyin aradan qalxmasına çox uzun müddət var. Xocalı və Xocalı kimi hadisələr bu dərəcədə dərin düşmənçilik aşırımı açdı".
Tarixçı alim sözlərinə əlavə edərək deyib ki, Xocalı soyqırımının dünyada tanınması istiqamətində Azərbaycan dövləti xeyli işlər görüb: "Beynəlxalq təşkilatlarda çoxsaylı çıxışlar olub, sənədlər təqdim olunub. Xeyli təbliğ edib çatdırmaq imkanımız olub, fəaliyyət göstərilib. Ölkə daxilində çox geniş miqyaslı təbliğ olunub. İş görülməyib demək olmaz. Böyük işlər görülüb, abidəsi var, hər il ziyarət olunur. Bütün bunlar bəllidir. Sadəcə beynəlxalq səviyyədə Xocalı faciəsinin soyqırım kimi qəbul olunmamasının səbəbi türk və müsəlman toplumuna olan fərqli münasibətdir. Bizim coğrafiyamızda beynəlxalq təşkilatlar tərəfindən bizim xalqımıza, etnosumuza, dinimizdən olan insanlara ögey münasibət var. Beynəlxalq təşkilatlar Avropa mərkəzçiliyi üzərində qurulub. Xristian toplumuna aiddirlər. İmperialist güclərə aiddirlər. Bunların müsəlman toplumlarına yad münasibətləri var. Bundan əlavə bütün imperialist güclərin Avrasiyadakı hakimiyyətə iddia edən qüvvələrin hər birinin əsas qorxduğu, özlərinə problem saydığı türk toplumudur. Türk dünyasının birliyi istənilən imperialist gücün Avrasiyada möhkəmlənməsinə imkan vermir. Türklərə bir az da fərqli, kəskin münasibət var. Əslində dünya gücləri Xocalının mahiyyətini yaxşı anlayırlar. Məhz biz olduğumuz üçün görməzdən gəlirlər. Ermənilər bu coğrafiyada imperialist güclərin əlində maşa, oyuncaq rolunu oynayırlar. Xocalını qəbul etməmələrinin kökündə bu səbəblər dayanır.
Yoxsa tanınması üçün kifayət qədər işlər görmüşük, tanıtmışıq. Yenə də tanıtmalıyıq. Xocalıya ədalət əslində dünyaya ədalət şüarıdır. Yeni dünyanın yeni idarəetmə sisteminə ehtiyacı olduğunun təsdiqi şüarıdır. Biz şüar irəli sürürük ki, Xocalıya ədalət olsun. Bu gün dünya Xocalı kimi idarə olunur. Dünyada ədalətli idarəetmə lazımdır.
Bizim ən böyük təskinliyimiz ondadır ki, şanlı ordumuz həm 44 günlük savaşda, həm bir günlük antiterror əməliyyatında ərazi bütövlüyümüzü, suverenliyimizi öz coğrafiyamızda təmin etməklə Xocalı soyqırımını törədən güclərə ən tutarlı cavab vermiş oldu. Şəhidlərimizin qanı yerdə qalmadı. Millətimizin ruhuna olunan təcavüz cəzasız qalmadı. Ordumuz nəinki ərazi bütövlüyümüzü təmin etdi, dünya erməniçiliyinin belini qırdı, mahiyyətini aradan qaldırdı. Ermənistan dövlətinin özünü perspektivsiz quruma çevirdi. Bu coğrafiyada Ermənistan dövlətinin bütövlükdə mövcudluğunu şərtləndirən əsas səbəb Dağlıq Qarabağ münaqişəsi idi. Yəni türk dünyasının arasında bu coğrafi, fiziki bağın kəsilməsini təmin edən, türk coğrafiyasını başıaşağı, xəcalətli, natamamlıq kompleksi halında saxlayan bir münaqişənin mövcudluğu şərtləndirildi. Yoxsa Ermənistan dövləti başqa heç nə üçün heç kimə lazım deyil. O bir alətdir, Azərbaycan torpağında qurulub.
Münaqişə davam etdikcə və Azərbaycan türkləri üzərində ermənilərin gücü, təcavüzü qaldığı müddətdə, təbii ki, havadarlarının birbaşa hərbi, siyasi, iqtisadi və sair yardımı ilə, bu qaldığı müddətdə Ermənistana ehtiyac var. Yoxsa ki, Ermənistan lazımsız bir qurumdur. Dünya erməniçiliyi də bu ideyanın ətrafında birləşib. Azərbaycan ordusu dünya erməniçiliyinin ideoloji mahiyyətini məhv etdi. Bu, çox böyük hadisə idi. Biz nəzərə almalıyıq ki, ermənilər dünyanın 2-3 ən mütəşəkkil təşkilatlarından biridir. Buna dövlət demək olmaz, təşkilatdır. Milyonlarla üzvü olan, kifayət qədər təsir imkanları olan, müxtəlif dünya dövlətlərində maddi resursları olan qurumdur. Azərbaycan ordusu bu qurumun da çöküşünü təmin etdi. Azərbaycan ordusu beynəlxalq səviyyədə erməni anlayışı, erməniçilik, erməni ideolojisi və qurucusu olan dövlətlərin ideoloji xətlərini, hədəflərini məhv etdi. Bu qələbənin mahiyyətini hələ uzun müddətdən sonra anlayacağıq. Üstəlik təkcə coğrafiyanın Azərbaycan suverenliyinə qayıtması yox, seperatçı toplumun təmizlənməsi, kökünün kəsilməsi, o prosesdə iştirak edən əhalinin Azərbaycanı tərk etməsi çox böyük hadisə idi. Mən hesab edirəm ki, Xocalıda və digər torpaqlarımızda şəhid olmuş mübarək və müqəddəs şəhidlərimizin qanı yerdə qalmadı. Eşq olsun Azərbaycan ordusuna! Azərbaycan dövlətinin gələcəyi parlaqdır. Azərbaycan dövləti getdikcə böyüyəcək, türk dövlətlərinin birliyi daha artıq hiss olunacaq, daha əhəmiyyətli beynəlxalq çəkiyə malik səviyyəyə gəlib çatacaq. Gələcəkdə "biz nə dərəcədə uzağa getdik, Azərbaycanın sərhədlərini necə açdıq, necə tarixi ərazilərimizdə bərpa etdik?" sualına da, yəqin ki, cavab verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB