"Artıq gənc hüquqşünaslar bu sahədə özlərini sınaya biləcəklər" - MÜNASİBƏT BİLDİRİLDİ

“Ölkəmizdə bütün sahələrdə dərin islahatlar həyata keçirilir. Onların içərisində ən vaciblərindən biri də məhkəmə-hüquq sistemindəki islahatlardır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

O bildirib ki, bu sahədə kifayət qədər vacib işlər görülüb və görülməkdədir: “Prokurorluq orqanlarında test, müsahibə mərhələləri, hakimliyə qəbul zamanı test müsahibə mərhələlərində hər zaman çalışılır ki, şəffaflıq qorunsun. Həqiqətən də sözün əsl mənasında bu sahədə olan boşluqların aradan qaldırılması, layiqli namizədlərin hüquq sistemində çalışması üçün çox vacib kriteriyalar nəzərdə tutulub. Əsas məqsəd də şəffaflıq nəticəsində bu sahəni bilən, perspektivli insanların cəlb olunmasıdır. Çünki cəmiyyət olaraq hüquq sistemində olan boşluqlar hər birimizə toxunan sahə olduğu üçün həm məhkəmə sistemində hakimlərin, həm prokurorluqda və digər orqanlarda kadrların seçilməsi çox önəm kəsb edir. "Məhkəmələr və Hakimlər Haqqında" Qanuna təklif edilən dəyişikliyə görə, artıq hakim vəfizəsinə namizədlər üçün 30 yaş tələbinin ləğvi nəzərdə tutulub. Bu təbii ki, Milli Məclisin plenar iclasında müzakirə olunacaq. Burada təşəbbüs tərəfinin əsas məqsədi ölkəmizdə məhkəmə-hüquq sahəsində islahatların davam etdirilməsidir”.

Millət vəkilinin sözlərinə görə, dünya statistikasında baxsaq görərik ki, Azərbaycanda adam başına düşən hakimlərin sayına görə, biz hələlik yuxarı səviyyələrdə bərqərar olmamışıq: “Həqiqətən də nəzərə alsaq ki, hakimlərin iş yükü çoxdur, hakimlərin sayı ilə bağlı işlər görülməldir. Bu gün məhkəmə sistemində hakimlər kifayət qədər yüklü çalışırlar. Bunun üçün də artıq çox mütərəqqi qanunlar qəbul edilir. Elə mövzular və işlər var ki, iş məhkəməyə gedənə qədər mübahisələr mediasiya və digərləri tərəfindən həll edilə bilər. Bu da özlüyündə hakimlərin iş yükünün azaldılmasına hesablanıb. Yaş tələbinin götürülməsi, gənclərin bu sahəyə stimullaşdırılması, gənc hakimlərin olması işlə bağlı məsələdir. Artıq gənc hüquqşünaslar bu sahədə özlərini sınaya biləcəklər. İkinci məsələ odur ki, təklif qəbul edilərsə bu hakimlərin sayında da özünü göstərəcək. Bunların hər biri ölkəmizdə məhkəmə-hüquq sahəsində islahatların bir hissəsidir. Düşünürük ki, cəmiyyətin hüquq sahəsində olan işlərin görülməsi bu sahənin tamamilə sağlamlaşdırılması istiqamətində atılan növbəti müsbət addımdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə