Paşinyan devrilərsə… - BAXIŞ BUCAĞI

Ermənistandakı radikallar, daha doğrusu Paşinyan və onun komandası ilə kürsü davası aparan müxalifət “Qarabağ hərəkatı”nın küçələrə tökdüyü etirazçıların çoxluğundan, səsli-küylü çıxışlarından cuşa gələrək yenə “istefa” sədaları altına hakimiyyətdən getməsini tələb edirlər. Düşünürlər ki, bütün bu hadisələrin, Qarabağın itirilməsinin baiskarı Paşinyandır və əgər o Xankəndidə Azərbaycanı qıcıqlandıracaq “Qarabağ Ermənistandır, nöqtə” deməsəydi, Şuşada konyakdan vurub “həbəş yallısı” getməsəydi II Qarabağ müharibəsi başlamayacaqdı. Təbii ki, sonrakı hadisələri də bunun məntiqi davamı kimi baş nazirin ayağına yazırlar. Radikalların məntiqinə görə, Nikol Paşinyan istefa versə, yaxud Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklər. Amma ermənilər anlamaq istəmirlər ki, İkinci Qarabağ müharibəsi bütün hallarda başlamalı idi, çünki, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu, 25 il aparılan danışıqlar bir nəticə vermirdi, Ermənistanın kompromisə gəlməsi üçün şansı olsa da, bu imkanı əldən vermişdi. “Qanla alınan torpaq, qanla verilər” ifadərini də Ermənistana 10 il rəhbərlik etmiş “bəbək qatili” Serj Sarkisyan demişdi.

Bu gün şərtlər dəyişib, Azərbaycan Ermənistanın işğalçı ordusunu öz yuvasına qədər qovub, Qarabağ separatçılardan təmizlənib, Ermənistan-Azərbaycan şərti dövlət sərhədinə Azərbaycan silahlı qüvvələri tam nəzarət edir. Əslində Ermənistan 33 il bundan əvvəl dayanmalı olduğu, lakin bəlli səbəblərdən pozduğu sərhədlərində dayansaydı, torpaqlarımızı işğal etməsəydi, başqasının torpaqlarını beynəlxalq qanunların tələb etdiyi şərtlərdən kənara çıxaraq öz ərazilərinə qatmağın hansı fəsadlara yol aça biləcəyini dərk etsəydi bu gün Ermənistan indiki miskin duruma düşməzdi. Paşinyanın yerində kim olursa-olsun Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru nəzarətə götürmək siyasətindən imtina edəsi deyildi. Bu, yaxın 35 ildə separatizmlə mübarizədə minlərlə vətəndaşını itirən, qətliamlar görən Azərbaycan cəmiyyətini sifarişi idi.
Hər kəsi bir sual düşündürür, Paşinyan devrilsə, yaxud hakimiyyətdən öz ərizəsi ilə getsə nə baş verər? Onun yerinə gələnlər Paşinyanın başlatdığı işlərdən imtina edə biləcəklərmi? Əgər bu baş versə yeni hakimiyyət Azərbaycana qarşı siyasətində hansı yolu tuta bilər. Başlayaq sülh müqaviləsindən, bundan imtina edilsə, alternativ variant nə ola bilər? Əlbəttə, sülhün alternative müharibədir, məgər Ermənistanın müharibə aparmaq, həm də Azərbaycanla, imkanı varmı? Cavab mənfidir. Ermənilərin dediyi kimi, “itirilmiş torpaqları” geri almaq da müşkül məsələdir. Ola bilsin ki, revanşist deyilən kəsim xarici qüvvələrin imkanlarını, yaxud onlara verilən hərtərəfli dəstəyi nəzərdə tutaraq Paşinyana buynuz göstərirlər. Belə olan halda yenə müharibə variant önə çıxır.

Revanşistlər Ermənistanda hakimiyyətə gəlsə, hər şeydən imtina edəcəklər ki, bu da Azərbaycanın maraqlarına cavab verməyəcək. Onların gücü boğazdan yuxarıdır, bunu erməni cəmiyyətində çox yaxşı bilirlər. Siyasətlə də qarın doymaz. Azərbaycanla yeni müharibə aparmaq istəsələr, yeni torpaqlar da itirəcəklər. Keçmiş prezidentlər Köçəryan və Serj Sarkisyan ağalarının məsləhəti ilə aranı qarışdıra bilərlər, amma erməni cəmiyyəti “Qarabağ klanı”nından, hər iki banda başçısından o qədər çəkiblər ki, çətin ki, Paşinyanın əvəzinə ondan daha betərini hakimiyyət kürsüsündə görsünlər. Qeyd etmək yerinə düşər ki, bu gün Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında ciddi bir uçurum, ixtilaf, hətta düşmənçilik var. Qarabağ müharibəsi erməni xalqına yalnız bəlalar gətirib, müstəqilliyin ilk günündən başlayaraq bütün gəlirlərini Qarabağ erməniləri üçün xərcləyiblər. Yeni torpaq iddiası bu xalqa bəladan başqa heç nə verməyib. İndi bu bəlanı yaradanları yenidən hakimiyyətə gətirmək olarmı?

İndi Ermənistanda nə qədər ara qarışsa da, bu Azərbaycanın həyata keçirmək istədiyi planlara təsir edə bilməyəcək. Paşinyan bu təzyiqlərə tab gətirə bilməyib istefa versə və yaxud dediklərindən geri dönsə, bu, Azərbaycan və Ermənistan arasında yeni müharibə deməkdir. Onsuz da iki ölkə arasında sərhədlər demarkasiya-delimitasiya olunmayıb. Əsgərimizin ayağı hara dəysə, sərhəddi də oradan çəkmək olar. Bu səbəbdən də, əgər Ermənistan yenidən müharibə istəyirsə, bədəlini də özü ödəməli olacaq.

"Edam divarında dayanan" Nikol

Baş nazir Nikol Paşinyan və arvadı Anna Akopyan iki günlük işgüzar səfərlə Fransaya gediblər. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. Baş nazirin nümayəndə heyətinə icra və qanunvericilik orqanlarının üzvləri daxildir. Baş nazir Paşinyanın Fransa prezidenti Emmanuel Makronla görüşəcəyi planlaşdırılıb. Baş nazir işgüzar səfəri çərçivəsində Fransa Senatının sədri Jerar Larşe, baş nazir Qabriel Attal və Paris meri Ann Hidalqo ilə də görüşəcək.

Hakim “Mülki müqavilə” fraksiyasının deputatları Nikol Paşinyanla gündəlik birbaşa təmaslardan yayınaraq, icra hakimiyyətinə keçməkdən imtina edirlər. Nikol Paşinyan icra hakimiyyətini “təmizləmək” və bir sıra səmərəsiz nazirlərdən yaxa qurtarmaq niyyətindədir, lakin Paşinyanın kadr potensialı o qədər tükənib ki, təcrübəli mütəxəssislər yoxdur ki, o, əvəzləyici tapa bilmir. Əldə etdiyimiz məlumatlara görə, Paşinyan deputatları, belə desək, “qala” etmək və qanunvericilikdən icra hakimiyyətinə keçirmək istəyib, hətta onlara bu və ya digər nazir vəzifəsini təklif edib, lakin deputatlar müxtəlif təkliflərdən imtina ediblər. Həm də bunu Paşinyanı qəzəbləndirmədən etməyə çalışıblar. Onu da bildiriblər ki, buna səbəb deputatların birbaşa Paşinyanın nəzarətində olmaq istəməməsi və onunla gündəlik birbaşa əlaqədən yayınmaqdır. Belə ki,deputatlar parlamentdə özlərini rahat hiss edirlər, deputat vəzifəsini daha “prestijli” hesab edirlər və buna görə də icra hakimiyyətinə keçmək istəmirlər.

“Ümumerməni Cəbhəsi” hərəkatının lideri, keçmiş müdafiə naziri Arşak Karapetyan sülh müqaviləsi və Azərbaycana qarşı mübarizə imkanlarından danışıb. Sabiq nazir baş nazir Nikol Paşinyanın tezliklə gedəcəyinə, ölkədə hakimiyyətə real milli qüvvələrin gələcəyinə əmin olduğunu bildirib. Bundan sonrasını izah edə bilməyib. Keçmiş müdafiə nazirinin müharibə mövzusundan yayındığı açıq-aşkar hiss edilib. Deməli, paşinyansız hakimiyyət olsa da vəziyyəti dəyişmək, qələbə əhval-ruhiyyəsi yaratmaq heç kimə müyəssər olmayacaq, bunu hər kəs bilir, avropapərəst də, rusiyapərəst də.

Bütün bunlara rəşmən Ermənistanın baş naziri sonunun pis olacağını hiss edir. Buna görə də o, tez-tez Markesin məşhur romanından edam divarında dayanma mövzusunda bir ifadəni təkrarlayır. İndiki populyar olmayan baş nazir Nikol Paşinyan kimin aqibətini yaşayacaq? Belarus prezidentliyinə namizəd Tixanovskayanın bəxti gətirib. Onu kənar qüvvələrə istifadə edirdi, amma bacarmadığını görüb başqa ölkəyə qaçdı. Tixanovskayanın bəxti qaçdığına görə yox, sağ qaldığına görə olub. Qərb öz müştərilərini müdafiə edir, lakin bəzən o da geri çəkilir. Hamısı şəraitdən asılıdır. Məsələn, Navalnının bəxti gətirmədi.

Baxmayaraq ki, burada şansdan söhbət gedə bilməz. Burada seçim var idi. Navalnı öz taleyini seçdi. Qərbin Rusiyaya və şəxsən Putinə qarşı istifadəsinə qərar verdi. Siyasətdə qəddar oyun qaydaları var. Onlar cəngəllik qanunlarından çox da fərqlənmirlər. Fərq insanların xeyrinə deyil. İnsanlar heyvanlardan daha çox yırtıcıdırlar. Əks halda, hər şey eynidir - zəiflər üçün həmişə güclülər günahkardır. Saakaşvilinin də bəxti gətirmədi. Düzdür, o, Navalnıya bənzəmir - o, hələ də sağdır, amma "canlı cəsəd"ə bənzəyir. Saakaşvili Rusiyaya qarşı da istifadə olunub. Ona görə də Gürcüstan Qərbin Rusiyaya qarşı mübarizəsində alət oldu. Nəticədə Abxaziya və Cənubi Osetiya ondan ayrıldı. Bundan sonra Saakaşvili hakimiyyəti itirdi və Ukraynaya göndərildi. Sonra Gürcüstanda şansını yenidən sınadı. O, hazırda səhhətində ciddi problemlər olduğu üçün həbsdədir.

Nikol Paşinyan xarici qüvvələrin Rusiyaya qarşı istifadə etdiyi növbəti marionetdir. Sonunun pis olacağını bilir, amma başqa çarəsi yoxdur, hər an gedə bilər. Nikol sonunun pis olacağını hiss edir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə