Bir neçə ay idi ki, Ermənistanla şərti sərhəddə atəşkəsin olduğuna təkcə biz yox, elə bütövlükdə dünya ictimaiyyəti də şahid idi. Daha dəqiq desək, ötən ilin 19-20 sentyabr tarixli anti-terror tədbirlərindən sonra iki ölkənin şərti sərhəddində atəşkəsin, sakitliyin hökm sürürdüyünü bütün dünya müşahidə edib. Amma indi bütün dünya onu da müşahidə etdi ki, bu vaxta qədər davam edən həmin sakitliyi də həmişə olduğu kimi, yenə Ermənistan tərəfi pozdu, hansı ki, bunu sübut edən faktlar, vodeo materiallar var.
Bəli, haqqında qeyd olunan məlum anti-terror tədbirlərindən sonra Ermənistanla şərti sərhəddə atəşkəs, sakitlik var idi və bu barədə bütün dünyaya bəyan edilirdi də. Bəyan edilirdi ki, həqiqətən də indi iki ölkə arasında, eləcə də sərhəddə hansısa bir qarışıqlıq, yaxud təxribat yoxdur. Hətta qeyd edilirdi ki, bu hal sülh təşəbbüsünün tezliklə reallaşması üçün müsbət haldır. Təbii ki, belə bir vəziyyətin, yəni atəşkəsin, sakitliyin olması məhz Azərbaycanın apardığı doğru, düzgün, məqsədyönlü siyasət və dövlətimizin uğurlu addımları, dövlət rəhbərimizin siyasi zəkası, qətiyyəti, iradəsi sayəsində reallaşmışdı. Bunu bütün dünya etiraf etmək məcburiyyətində idi, çünki heç kimə sirr deyildi ki, Ermənistan bunun öhdəsindən gəlmək imkanına, potensialına və hətta istəyinə belə sahib deyil. Bu imkana, bu potensiala kimin sahib olduğunu məhz Azərbaycan dövləti, Ali Baş Komandan cənab İlham Əliyev sübut etdi və göstərdi ki, sülh prosesi üçün vacib olan atəşkəsin də, sakitliyin də təmin olunmasına rəsmi Bakı nail oldu. Amma görünür, belə bir vəziyyət, belə bir mənzərə kimləri isə qane etmirmiş və son hadisələr, yəni Ermənistan tərəfinin yenə də təxribata əl atması, erməni snayperin azərbaycanlı hərbiçini yaralaması bunu təsdiq etdi. Təsdiq etdi ki, istər Ermənistanın öz daxilində, istərsə də xaricində, atəşkəsin, sakitliyin olması və sülh təşəbbüsü kimləri isə qane etmirmiş.
Dəfələrlə qeyd edilirdi ki, Ermənistan ilə Azərbaycan arasındakı mövcud vəziyyətə müdaxilə etmək, aranı qızışdırmaq istəyən qüvvələr var. Bəli, həmin ölkənin revanşistləri xüsusi ilə qeyd edilməlidir və bilirik ki, onlar hər zaman sülh təşəbbüsünün əleyhinə çıxış ediblər və məqsədləri də münaqişəni bir daha qışızdırmaqdır. Amma etiraf etmək lazımdır ki, həmin revanşistləri də qızışdıran və beləliklə də onları münaqişəyə sövq edən daha təhlükəli qüvvələr var. Azərbaycanın uğurlarını, qələbələrini həzm edə bilməyən əmin o qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək, reallaşdırmaq üçün bu vaxta qədər ümumiyyətlə bölgədə qarışıqlıq yaratmağa çalışıblar. Son hadisə, Ermənistan tərəfinin yenidən təxribata əl atması bunu bir daha təsdiq edir.
Rəsmi Bakı beynəlxalq platformalarda dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülh danışıqlarının tərəfdarıdır. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edib və bu gün sülh daha çox Ermənistana, bölgədə marginallaşmış vəziyyətdə qalan, bütün regional və beynəlxalq layihələrdən kənarda qalan ölkəyə lazımdır. Bununla belə hələ də işğalçı ölkə bunun üçün ciddi addımlar atmaqdan çəkinir. Hətta erməni baş nazir Nikol Paşinyan belə qorxur. Kimdən qorxur, kimdən çəkinir, hamıya bəllidir. Bəllidir ki, o, həmin ölkənin müxalifətindən qorxur və öz vəzifəsini, hakimiyyət kürsüsünü itirəcəyinə görə ehtiyatlanır. Belə bir vəziyyətdən də, əlbəttə ki, xarici qüvvələr, regionla bağlı öz maraqları, hətta çirkin niyyətləri olan qüvvələr istifadə edirlər. İlk baxışdan ermənipərəst kimi görünən həmin qüvvələr əslində, ermənilərdən, Ermənistan kartından istifadə edərək bölgədə qarışıqlıq salın öz planlarını germəkləşdirmək niyyətindədirlər.
Mütəmadi şəkildə Ermənistan tərəfinə xatırladılıb ki, etdiklərinə görə cəzasız qala biləcəkləri mümkün deyil. Dəfələrlə də ermənilər şahidi olublar ki, hərbçilərimizin qanı yerdə qalmayıb və dərhal qisası da alınıb. Bunun təkcə Vətən Müharibəsi illərində deyil, “Fərrux”, “Sarıbaba-Qırxqız” və başqa əməliyyatlar zamanı da şahidi olublar. Şahidi olublar ki, ordumuza qarşı, Azərbaycan Ordusuna qarşı törətdikləri təxribatın ardınca dərhal artıqlaması ilə cavablarını alıblar. Son eskalasiya belə bir daha sübut etdi ki, ermənilər cəzasız qalacaqlarını ağıllarına belə gətirə bilməzlər. Çünki Dəmir yumruq öz yerindədir və istənilən anda onların başlarına endirilə bilər, istənilən anda hər bir hərbiçimizin qisasını alar. Həm də bir daha sübut olundu ki, bu barədə deyilənlər, rəsmi Bakının xəbərdarlıqları heç də boş sözlər deyildi və hər bir söz tam yerinə yetiriləndir.
Sözsüz ki, sonuncu eskalasiyaya görə məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Əldə olan faktlar, video görüntülər, erməni əsgərinin atəş açdığını sübut edir. Qarşı tərəfdən, yəni Ermənistan tərəfindən atəş açıldığı an da daxil olmaqla, həmin hadisə müşahidə kameraları tərəfindən anbaan lentə alınıb. Kadrlarda erməni snayperinin Ermənistan Silahlı Qüvvələrinin döyüş postlarından irəliləyərək orada atəş mövqeyi tutduğu, pusquda durduğu və Azərbaycan əsgərinə atəş açdıqdan sonra öz yerini tərk etdiyi öz əksini tapır. Bir sözlə, fakt və arqument lentə alınıb və buna görə hansısa təkzib belə mümkün deyil. İstənilən halda həmin görüntülər Ermənistanın əleyhinədir və indi hansısa təşkilat, hansısa beynəlxalq qurum belə bunun əksini iddia edə, İrəvanı müdafiə edə bilməz. Əksinə, gözlənilən odur ki, beynəlxalq təşkilatlar, həmişə yuyulmamış qaşıq kimi ortaya düşərək ağız dolusu sülhdən, əmin-amanlıqdan, insan azadlığından, insan haqlarından danışanlar indi ortaya çıxsınlar və Ermənistanı heç olmasa qınasınlar. Amma bunu görən, müşahidə edən, hələki olmayıb və hadisələrin səssizliyi onu göstərir ki, heç biri səsini çıxaran deyil və ermənilərin günahını deməyi yox, ağızlarına su alıb susmağı üstün tuturlar, hansıki buna görə utanmaq belə niyyətində görünmürlər.
Doğrdur, Azərbaycan tərəfi öz hərbçisinin erməni snayperi tərəfindən yaralanmasına görə dəfələrlə artıq qisas aldı və fevralın 13-də Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistan silahlı qüvvələrinin bir gün əvvəlki təxribatına cavab olaraq, əsgərimizə atəş açılan Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi yaxınlığındakı Ermənistan Silahlı Qüvvələrinin döyüş postu tamamilə məhv edildi. Dağıdılmış döyüş postunun şəxsi heyəti arasında ciddi itkilər olduğu artıq etiraf edilir. Ermənistan tərəfinin rəsmi məlumatına görə 4 nəfər erməni hərbçisi həlak olub və yaralananlar da var. Bir sözlə, Azərbaycan tərəfinin cavab tədbirləri nəticəsində ermənilər ciddi canlı qüvvə itkisinə məruz qalıblar. Azərbaycan növbəti dəfə asimmtrik cavabı ilə qarşı tərəfi yerinə oturtdu.
Hadisənin Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyəti gərginləşdirmək məqsədi daşıdığı heç kimdə şübhə doğurmur. Onsuz da Azərbaycana qarşı ərazi iddialarından heç vaxt əl çəkməyən Ermənistan uzun müddət idi ki, revanşist planlar qururdu, baxmayaraq ki, yalançı dinc ritorika ortaya qoyurdu və həmin ritorikanın pərdə arxasında da belə məkrli niyyətlər gizlənirdi. Sonuncu eskalasiya da, yəni erməni snayperinin açdığı atəş bunun üçün təkzibolunmaz sübut oldu. Bu həm də onun sübutu oldu ki, Aİ-nin Ermənistandakı missiyası heç də sülh niyyətli deyil. Bir daha bəlli oldu ki, həmin missiya Ermənistanda kəşfiyyat və müşahidə missiyası həyata keçirir, işğalçı ölkədə münaqişəni qızışdırmağa, bununla da öz niyyətlərini həyata keçirməyə çalışır. Ermənistan isə bu missiyanı monitorinq missiyası kimi dünyaya sırımaq istəyir. Amma neytral pərdə altında casus təşkilatı monitorinq missiyası adlana bilməz. Bu barədə hətta erməni ekspertlərin özləri də dəfələrlə bildiriblər. Onlar tam aydın şəkildə dəfələrlə qeyd ediblər ki, monitorinq missiyası deyilən, Ermənistanda cəsusluq edən Avropanın desant qüvvələridir. Məsələ burasındadır ki, onlar da, yəni casus təşkilatı kimi Ermənistanda vurnuxanlar da öz cavablarını aldılar. Burunlarını iki ölkə arasındakı məsələlərə soxanlar və bununla da Ermənistanı münaqişəyə təhrik edənlər, təxribatlara sövq edənlər gördülər ki, Azərbaycan hər an cavab vermək əzmindədir və onların istənilən fəaliyyətləri heç bir nəticə verə bilməz. Yəni, bir zamanlar bölgəyə, daha dəqiq desək, Ermənistana Avropa missiyası adı altında hansısa qüvvələrin yerləşdirilməsinin lazımsız, yersiz və mənasız olduğunu bəyan edən Azərbaycan elə onların özlərinə də asimmtrik cavab vermiş oldu və bu cavab bütün ermənipərəst ədalətsizlər üçün belə yetərlidir.
Bir-birinin ardınca müşahidə olunanlar və hadisələrin gedişi onu deməyə əsas verir ki, Azərbaycan sərhədçisinə snayper hücumu Ermənistan və onun müttəfiqlərinin regionda gərginliyi artırmaq üçün daha geniş strategiyasının tərkib hissəsidir. Beləki, həmin təxribat ona hesablanmışdı ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab atəşi açılsın və bundan sonra da rəsmi Bakı beynəlxalq təşkilatkar tərəfindən belə atəşkəsi pozmaqda, bir sözlə, “aqressiv hərəkətlərdə” ittiham olunsun. Sözüz ki, bununla da əvvəla Azərbaycana qarşı iddia irəli sürülməsi, “günahkar” qələminə verilməsi nəzərdə tutulurdu, amma ən əsası bununla Avropa İttifaqının Ermənistanda kəşfiyyat və müşahidə missiyasının gücləndirilməsi üçün bir bəhanə qazanmış olacaqlarını düşünürdülər. Yəni, mövcudluqlarını və hətta daha da gücləndirilmələrinin vacibliyini əsaslandırmış olacaqları qənaətində idilər. Amma kamera görüntüləri, bir gün sonra qisas tədbiri ilə onlar da öz layiqli cavablarını aldılar, arzuları da ürəklərində qaldı. Başını kola soxub quyruğunu çoldə qoyan quş misalında elə bilirdilər ki, görünmürlər və elə zənn edirdilər ki, gizlənə bilərlər. Lakin biz çox yaxşı bilirik ki, Ermənistan hakimiyyətinin onların əsl niyyətlərini gizlətməyə çalışması həmin ölkəyə bir neçə erməni əsgərinin qanı bahasına başa gəldi. Artıq erməni cəmiyyəti, Ermənistan ictimaiyyəti, həyatlarını itirən erməni əsgərlərin anaları bilməlidirlər ki, itgilərinə, öz oğullarını itirdiklərinə görə məsuliyyət rəsmi İrəvanın, eləcə də Avropa hərbçilərinin və kəşfiyyatçılarının üzərinə düşür.
Əlbəttə ki, Fransa kimi, Hindistan kimi ölkələrin hərbi yardımından, sınıq-salxaq silah-sursat göndərməsindən erməni cəmiyyətinin ruhlanması, şəxsən baş nazir Nikol Paşinyanın başını itirməsi və təribatlara rəvac verməsi ən böyük axmaqlıdır və bunu, bu axmaqlığın nəticəsini müşahidə də etmiş oldu. Əslində, gec də olsa Vovayeviç bilməli idi ki, arxalanmaq istədiyi qüvvələr heç nəyə yaramayacaqlar və itirən yenə də Ermənistan, ölən də təxribat edən erməni hərbçisi olacaq. Ola bilsin ki, o Ermənistanı vəsaitlərlə və vədlərlə qidalandıranlara qarşı çıxmaqdan qorxur və regionda vəziyyəti gərginləşdirmək tələbləri qarşısında susmalı olur. Amma Paşinyan əmin olsun ki, xaricdən gələn göstərişlərə, əmrlərə kor-koranə boyun əyməklə özünü də, ölkəsini də daha dərin quyuya, daha ağır fəlakətlərə sürükləyir. Mütləq şəkildə əmin olsun ki, şərti sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar baş verəcəyi təqdirdə, Ermənistanın köməyinə havadarlarından biri də gəlməyəcək. Doğrudur, Azərbaycan məsələni diplomatik yolla həll etməyə çalışır, danışıqlar təklif edir, sülh təşəbbüsü ilə çıxış edir, amma ölkəmizin qətiyyətinə az da olsa şübhə edənlər üçün xatırlatmaq istərdik ki, Dəmir Yumruq öz yerindədir və hazır vəziyyətdədir, istənilən anda əleyhimizə baş qaldıranların başına endirilə bilər. Əgər Nikol Paşinyan bunu hələ də başa düşməyibsə, son eskalasiya fonunda həlak olan erməni hərbçilərilə bağlı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı məlumatı gözdən keçirə bilər. İstənilən halda bu, asimmetrik cavab olaraq Paşinyanın özü üçün də ən yaxşı xatırlatma kimi qəbul oluna bilər. Ümumiyyətlə, Azərbaycan hər dəfə nəinki adekvat, hətta artıqlaması ilə cavab verməyə hazır olduğunu göstərir, yetər ki, bunu görsünlər və anlasınlar...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB