“Sülhün ləngidilməsi üçün həm Qərb, həm də Ermənistan əlindən gələni edir” - ŞƏRH EDİLDİ

“Sülhün ləngidilməsi üçün həm Qərb, həm də Ermənistan əlindən gələni edir” - ŞƏRH EDİLDİ

“Ermənistan növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Onsuz da 2023-cü ildən ötən zaman ərzində bütün şərtlərin və şəraitin Azərbaycan tərəfindən yaradılmasına baxmayaraq, Ermənistan hər vasitə ilə Azərbaycanla sülh sazişi imzalamaqdan yayındı. Onun bütün davranışlarından aydın görünürdü ki, Ermənistan ağır, məğlub durumda sülh sazişi imzalamaq istəmir və özü üçün hansısa münbit şəraitin yaranmasına ümid edir. Bu istiqamətdə də Qərb ona dəstək olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Ermənistan regionda gərginlik yaradılması istiqamətində reallaşdırılan çox təhlükəli geosiyasi planların içərisində yer alır: “Paşinyan rejimi Qərbdən aşkar şəkildə idarə olunur, Ermənistan bir alət rolunda çıxış edir.

Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi də əslində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə heç bir halda əlaqəli deyil. Bu Qərbin Ermənistan ərazisində əsasən hərbi və siyasi mövcudluğuna xidmət edir. Azərbaycan üç il ərzində Ermənistanı sülhə məcburetmə strategiyasını uğurla həyata keçirib. Bu strategiyanın mühüm komponentlərindən birini də elə hərbi kampaniya təşkil edir.

Ermənistan cəhdlər etsə də, bütün hallarda Azərbaycanın formalaşdırdığı reallıqların ruhu ilə ayaqlaşmaq məcburiyyətində olur. Qərb Ermənistanı çox təhlükəli oyunlara çəkir. Çünki Ermənistanın istənilən təxribatının qarşısını Azərbaycan qətiyyətlə, sərt bir şəkildə alır. Hər Ermənistan təxribatından sonra Azərbaycan öz mövqelərini daha da gücləndirir. Hesab edirəm ki, Qərbin və Ermənistanın hazırki yanaşması fonunda sülh sazişi ilə bağlı gözləntilər haqqında nikbin danışmaq mümkün deyil. Çünki sülh gündəliyinin ləngidilməsi üçün həm Qərb, həm də Ermənistan əlindən gələni edir. Azərbaycan isə öz güc mövqeyini davamlı olaraq daha da möhkəmləndirəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə