"Biz tarixi günün şahidiyik" - SORĞU

"Biz tarixi günün şahidiyik" - SORĞU

Bu gün 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 namizəd mübarizə aparır. Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi, 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. Seçkiləri 90372 müşahidəçi izləyir. Bunlardan 790-nı 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçidir. 50 mindən çox müşahidəçi məhz 14 siyasi partiyanın mənsubudur.

SİA olaraq seçki məntəqələrindəki vəziyyətlə bağlı sədrlər, müşahidəçilər və seçicilər arasında sorğu keçirdik.

37 saylı seçki məntəqəsinin sədri Könül Təhməzova: "1130 seçicimiz var. 08:00-dan etibarən bütün seçicilər yüksək ruhla seçkilərdə iştirak edirlər. Bu, çox sevindirici haldır. Biz tarixi günün şahidiyik".

Seçici Fuad Bədəlov: "Qarabağ qazisiyəm. Fəxr edirəm ki, bu seçkidə iştirak edirəm. Qalib ölkənin bayrağı altında səs verməyə gəlmişəm".

Seçici Fəridə Familova: "Mən tək iştirak edirəm. Şəffaflıq qorunur. Mənə heç bir müdaxilə olmadı".

Seçici Ağca Kərimova: "Mən qazi yoldaşıyam. Razıyıq seçkilərdən, prezidentimizdən. Hər zaman bizə qayğı göstərir. Seçkilərin keçirilməsində şəffaflıq təmin olunur".

37 saylı seçki məntəqəsinin müşahidəçisi Afət Əsgərova: "Seçki çox şəffaf, operativ keçirilir. Heç bir neqativ hal müşahidə olunmur".

36 saylı seçki məntəqəsinin sədri Vurğun Məmmədov: "Bu gün növbədənkənar prezident seçkiləri çox aktiv və şəffaflıqla başladı. Özünüz də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 36 saylı seçki məntəqəsində oldunuz və prosesləri yaxından izlədiniz. Seçki xarici və yerli müşahidəçilərin iştirakı ilə böyük coşqu ilə başladı. Əvvəlki seçkilərdən fərqli olaraq aktivlik müşahidə olunur. Hələ ki, insident baş verməyib. Seçki davam edir".

36 saylı seçki məntəqəsinin müşahidəçisi Xalidə Əliməmmədova: "Heç bir insidentə yol verilməyib. Hamı səliqə ilə gəlib səslərini verir. Çaxnaşma düşməyib. Çox şadam ki, hamı istəyilə gəlib səs verir, öz seçicilərini seçirlər. İnşallah ki, belə davam edər".

35 saylı seçki məntəqəsinin sədri Faina Ələkbərova: "23 saylı Nəsimi-Səbail dairəsinin 35 saylı məntəqəsinin sədriyəm. Seçki çox yaxşı davam edir. Seçicilər fəaldır. Bizim siyahıda 1065 nəfər seçici var. 24 ərizə yazılıb ki, yaşlı insanlar üçün evdə səsvermə təşkil olunacaq. Saat 11:00-dan sonra iki qrup evlərə gedəcək. İndiyə kimi 130 nəfər səs verib".

Seçici Zakir Həsənov: "Seçki normal keçir, yaxşıdır. Mən sərbəst şəkildə, heç bir müdaxilə olmadan səsimi verdim".

Seçici Cahan Məmmədova: "Bütöv Azərbaycanda ilk dəfə növbədənkənar Prezident seçkiləri keçirilir. Çox gözəl, sevincliyik. Şükür Allaha bu günü gördük. Çox şəffaf keçir, hamı gəlib səs verir, mən də həmçinin vətəndaş borcumu yerinə yetirirəm".

35 saylı seçki məntəqəsinin müşahidəçisi Xalidə Şərifova: "Gənc Tamaşaçılar teatrının aktrisasıyam. Müşahidəçi kimi təəssüratım çox yaxşıdır. Hələ ki, narazılıq yoxdur, hər şey qaydasındadır".

35 saylı seçki məntəqəsinin müşahidəçisi Sevda Hüseynqulu: "Könüllü müşahidəçi kimi iştirak etməyə qərar verdim. Bu proseslər məni maraqlandırır. Hər şey qaydasındadır, yaxşı keçir. Heç bir problem yoxdur. Ümidvaram ki, sona kimi də belə olacaq".

19 saylı seçki məntəqəsinin sədri İlhamə Zalova: "Seçki çox sakit və gözəl keçir. Əminik ki, seçicilərimizin hamısı iştirak edəcəklər. 841 nəfər seçicimiz var. Bülletenlərimizin hamısı normal paylanılıb. Olmayanlara zəng edib xəbər vermişik, gəlib götürüblər".

19 saylı seçki məntəqəsinin müşahidəçisi Gülnar Padarova: "Böyük Quruluş Partiyası"nın müşahidəçisiyəm. Seçki prosesi çox aydın və şəffaf keçir. Səhər saat 08:00-dan vətəndaşların axını başlayıb".

Seçici Elmira Hüseynova: "Martda 70 yaşım olacaq. Ədalətli və düzgün seçki keçirilir. Mən həmişə seçkilərdə iştirak etmişəm. Azad fikirli qadınam. Sovet dağılandan sonra seçkilərdən narazılığım çox olub. Adi vətəndaş kimi də müşahidə etmişəm. Referendum vaxtı da razı qalmamışam. Seçkidə iştirak etməməyi düzgün hesab etmirəm. İndiyə kimi Prezidentimizə səs verməmişəm. 44 günlük Qarabağ müharibəsində çox stres keçirdim. Torpaqlarımızın azad olunmasında Prezidentimizin böyük rolu olub. Mən Allah qarşısında əhd etdim ki, seçki olsun İlham Əliyevə ikiəlli səs verəcəyəm. Söz ağzımdan çıxmamış onun ağasıyam, ağzımdan çıxdı quluyam. Həm də İlham Əliyevdən başqa prezidentliyə layiq heç kimi görmədim. İkiəlli səs vermişəm".

Seçici Surqut Əliyeva: "Çox obyektiv, yüksək səviyyədə keçirilir. Tək iştirak edirəm. Ailə üzvlərim başqa seçki dairəsində səslərini verirlər. Biz neçə vaxtdır izləyirik gedişatı. Həmişəki kimi öz Prezidentimizə, Dəmir yumruğa, cümləsinin sonunda "!" işarəsi qoymuş, bizi vicdan əzabından xilas edən İlham Əliyevə səs vermişik. Uğurlu olsun".

12 saylı seçki məntəqəsinin müşahidəçisi Mehriban Abbasova: "YAP-ın nümayəndəsiyəm. Seçicilərimiz çox aktivdir. Hamısı gəlir. Bizdə aydın və şəffaf seçki gedir".

Seçici Kərəm Hüseynov: "Seçki çox demokratik və yaxşı keçir. Azərbaycanın 100%-lik torpaqlarında növbədənkənar seçkilərin keçirilməsi ən çox arzuladığımız şey idi. Bizə qismət oldu".

12 saylı seçki məntəqəsinin sədri Aytən Baxışova: "Seçicilərimiz çox aktivdir. Özünüz də görürsünüz. Saat 10-a kimi 150 nəfər səs verib. 988 seçicimiz var".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə