Dost sayılan ölkələrdən QEYRİ-DOST MÜNASİBƏT - TƏHLİL

Dost sayılan ölkələrdən QEYRİ-DOST MÜNASİBƏT - TƏHLİL

Azərbaycan nümayəndə heyətinə qarşı, ümumiyyətlə, ölkəmizə qarşı Avropa Şurası Parlament Assambleyasının ədalətsiz qərar qəbul etməsi bizə qarşı qərəzdən başqa bir şey deyildi. Amma belə bir qərəz avropalılar tərəfindən ilk dəfə ortaya qoyulmamışdı deyə, xalqımız üçün də, dövlətimiz üçün də bir o qədər əhəmiyyətli dərəcədə təsirli olmadı. Rəsmi Bakının həmin təşkilatdan bu vaxta qədər gördüyü ədalətsizliklərdən növbəti ədalətsizlik, növbəti qərəz də bu oldu, deyə düşündük. Yəni, AŞPA tərəfindən ölkəmizə qarşı sərgilənən mövqe bizə qarşı ədalətsiz, qərəzli yanaşma fonunda bir o qədər də təəccüblü olmadı. Məsələ burasındadır ki, sözügedən qurum Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul edərkən dost, tərəfdaş saydığımız ölkələrin sərgilədiyi mövqe təəccüb doğurmaya bilməzdi və elə belə də oldu. Nəinki təəssüf, həm də təəccüb doğurdu.

AŞPA ölkəmizə qarşı, həmin qurumda təmsil olunan nümayəndə heyətimizə qarşı qərəzli və ədalətsiz mövqe sərgiləyən zaman Gürcüstanın, Ukraynanın və Moldovanın nümayəndə heyətlərinin mövqeləri rəsmi Bakı üçün sözün əsl mənasında, gözləmilməz oldu. Ona görə gözlənilməz oldu ki, Azərbaycan döst ölkə hesab etdiyi həmin ölkələrdən tamamilə başqa bir addımı gözləyirdi. Axı öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı AŞPA-nın açıq şəkildə qisas cəhdindən, həmin təşkilatın ancaq ermənipərəst, islamofob mövqeyindən fərqli olaraq, həmin o dost saydığımız ölkələr fərqli mövqe sərgiləmələri idilər. Ümumiyyətlə, AŞPA-nın insan hüquqları ilə əlaqəsi olmayan məlum qərarı nə Gürcüstan, nə Moldova, nə də Ukrayna tərəfindən belə qarşılanmalı deyildi. Moldovanın məhz Azərbaycan əleyhinə səs verməsi, Ukraynanın və Gürcüstanın isə ümumiyyətlə, səsvermədə iştirak etməməsi heç də ölkəmiz, cəmiyyətimiz tərəfindən xoş qarşılanmadı. Əksinə, cəmiyyətimizdə də çox böyük təəssüf hissinin olduğunu görürük və əlbəttə ki, bunun da bir çox səbəbləri var.

Əvvəla diqqətə çatdıraq ki, təkcə bizim üçün deyil, ümumiyyətlə, bütün dünya ictimaiyyəti üçün də sirr deyil ki, hər üç ölkə separatizmdən əziyyət çəkib və məhz Azərbaycanın da separatizmdən nələr çəkdiyini və nəyə qarşı mübarizə apardığını daha yaxşı başa düşürlər. Daha doğrusu, həmin ölkələrin nümayəndə heyətləri bunu başa düşməli idilər. Nəinki başa düşməli, hətta həm separatizm, həm də işğal faktoru baxımdan Azərbaycana dəstək olmalı, həmrəylik nümayiş etdirməli idilər. Amma biz bunu müşahidə etmədik. Müşahidə etdiyimiz o oldu ki, hər üç ölkə sanki nə separatizmdən, nə işğaldan əziyyət çəkib və ümumiyyətlə, guya bunun nə olduğunu başa da düşmür. Halbuki, Gürcüstan 2008-ci ildə bununla qarşılaşıb, Ukrayna isə illərdir Rusiya işğalına məruz qalmaqdadır və hələ həmin işğalın nə qədər davam edəcəyini proqnozlaşdırmaq da qətiyyən mümkün deyil. Elə isə, sual olunur ki, həmin ölkələr AŞPA tərəfindən qəbul edilən məlum həmin o qərəzli və ədalətsiz qərara qarşı nəyə görə mövqe sərgiləmədilər? Qeyd etdiyimiz kimi, həmin ölkələr bizim üçün həm dost ölkə sayılıb, həm də bizim separatizmlə, işğal faktı ilə mübarizə apardığımızın nə demək olduğunu öz təcrübələri baxımandan da anlamalı, başa düşməli idilər. Amma, təəssüf ki, belə olmadı.

Hər üç ölkə Azərbaycana qarşı ədalətsizlikdə iştirak etmiş oldu. Bu zaman ölkəmizlə yüksək səviyyədə olan əlaqələrini belə həmin ölkələrin heç biri nəzərə almadı. Nə Gürcüstanın, nə də Moldovanın nümayəndə heyəti nəzərə almadı ki, Azərbaycan bu ölkələrə ucuz mavi qaz satır. Bu iki ölkədən birinin də nümayəndə heyəti nəzərə almadı ki, Azərbaycanın bir çox ölkələrə tətbiq etdiyi qaz tarifi onların heç birinə şamil olunmur. Nəzərə alınmadı ki, Avroa onlara ucuz qiymətə qaz vermir, bunu verən Azərbaycandır və bu baxımdan da olsa ölkəmizin mənafeyini müdafiə etmək lazım gəlirdi. Gürcüstan və Moldova bir tərəfə, Ukraynanın da mövqeyi təəccüb doğurmaya bilməzdi. Bu həmin Ukraynadır ki, illərdir işğalla üz-üzədir və böyük itgilər bahasına həmin işğalla mübarizə aparmaqdadır. Əvvəla, ölkələrinin hazırki vəziyyətini də olsa gözü önünə gətirərək, Ukraynanın AŞPA-dakı nümayəndə heyəti birmənalı şəkildə, Azərbaycanın erməni təcavüzünə, Ermənistanın işğalına, erməni separatçıları ilə mübarizəsinə, öz ərazi bütövlüyünü təmin etməsinə, suverenliyini bütün ərazisi boyunca bərpa etməsinə haqq qazandırmalı idi. Digər tərəfdən də Ukraynanın nümayəndə heyəti unutmamalı idi ki, Azərbaycan dövləti onlara hər zaman yanacaq və humanitar yardımlar göndərib. Bu gün AŞPA-da təmsil olunan Ukraynanın nümayəndə heyəti həmin qurumun “məzəmmətindən” qorxursa, bilsin ki, Azərbaycan onlara yardım göstərərkən regionda Rusiya faktorunu belə nəzərə almadan yardım göstərib və döst ölkə olduğunu sübut edib. Görünür, bunu, yəni dostluğu subut etməkdə hər üç ölkə acizdir.

Ən maraqlı, təəccüblü və təəssüf doğuran məqam ondan ibarətdir ki, həmin o “dost sayılan”, amma qeyri-dost münasibət sərgiləyən üç ölkə, yəni Gürcüstan, Ukrayna və Moldova Azərbaycanın da yer aldığı GUAM təşkilatının üzvləridir. Tutaq ki, dost saydığımız bu üç ölkə dostluğu subut etməkdə acizdir və özlərini dostluğa layiq bilmirlər. Bəs yaxşı, Azərbaycanla eyni bir təşkilatda olduqlarını, GUAM adlı təşkilatın üzvləri olduqlarını da bilmirlər? Bu ölkələr eyni bir təşkilatda olmalarını da olsa nəzərə almadılar? Yəni, hər üç ölkənin AŞPA-dakı nümayəndə heyəti başa düşmədi ki, eyni təşkilatın üzvü olan ölkələrin ədalətsiz qərara, qərəzli mövqeyə etiraz etmədən rəsmi Bakını dəstəkləməməsi GUAM-dakı münasibətlər baxımından nə deməkdir? Dosluqları, dost münasibətləri, onlara edilən yardımların, dəstəyin adekvad qarşılığı bir tərəfə, GUAM adlı bir təşkilatın üzvü olaraq Azərbaycanı dəstəkləməyəcəkdilərsə, o zaman niyə eyni təşkilatın üzvü olmağı qəbul ediblər? Sualla olduqca çoxdur. Özü də bunlar ritorik suallardır və cavabı da hər kəsə bəllidir. Amma bizim bununla bağlı cavab haqqında qətiyyən danışmaq niyyətimiz yoxdur və hər halda, həmin ölkələr özləri bununla bağlı cavab versələr daha yaxşı olar. Bu, daha məntiqlidir. Əslində, cavab verməli də olacaqlar, çünki eyni təşkilatda təmsil olunan ölkələr üçün bu, qaçılmazdır.

Daha bir diqqətçəkən məqam isə, AŞPA-nın məlum ədalətsiz və qərəzli qərarı ilə qarşılaşdıqları zaman, Gürcüstan, Ukrayna və Moldova olmaqla, həmin o üç ölkənin dəstəkləməkdən imtina etdiyi Azərbaycanın bu il, 2024-cü ildə GUAM-a sədrlik etməsi məsələsidir. Hər üç ölkənin məhz təmsil olunduqları təşkilatın üzvünü də yox, sədrini dəstəkləməməsi onların hər biri üçün çox utancvericidir. Əvvəla, ona görə ki, sədr seçdikləri ölkə AŞPA tərəfindən qərəzli və ədalətsiz şəkildə hədəfə alındığı zaman həmin ölkəyə dəstək nümayiş etdirmirlər və belə çıxır ki, xəyanətkarlıq edirlər. Bir sözlə, Gürcüstan, Ukrayna və Moldova olmaqla, GUAM təşkilatının həmin o üç ölkəsi özünə sədr seçdiyi ölkəyə, Azərbaycana arxadan zərbə vurmağı özlərinə rəva bilirlərsə, bunun xəyanətkarlıqdan başqa adı yoxdur və bu ölkələr dost deyil, qeyri-dost münasibət sərgiləyən ölkələrdir.

Etiraf etmək lazımdır ki, Gürcüstan, Ukrayna və Moldova olmaqla, sözügedən təşkilatın həmin o üç ölkəsinin sərgilədiyi mövqe GUAM üçün qətiyyən təsirsiz ötüşə bilməz. İstənilən halda rəsmi Bakının dost adlandırdığı, amma qeyri-dost münasibət, daha dəqiq desək, xəyanət gördüyü ölkələrlə bağlı, ələlxüsus da xarici siyasəti ilə əlaqədar məsələləri yenidən nəzərdən keçirməsi zərurətə çevrilir. Gürcüstan, Ukrayna və Moldova ilə münasibətləri pozmaqdan və ya pisləşdirməkdən söhbət getmir, amma heç şübhəsiz ki, AŞPA adlı qurumun Azərbaycana qarşı ədalətsiz, qərəzli qərarlar qəbul etdiyi zaman dost saydığımız ölkələrin qeyri-dost münasibəti, arxadan vurulan zərbə, xəyanət mütləq şəkildə nəzərə alınacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə