"Daşaltı xəyanəti" - Qarabağın işğalının ƏSAS SƏBƏBİ - MÜNASİBƏT BİLDİRİLDİ
"Daşaltı əməliyyatı haqqında Azərbaycan ordu tarixini yazan bir sıra hərbiçi dostlarımız müfəssəl məlumat veriblər". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.
Tarixçi alim bildirib ki, Daşaltı əməliyyatı Şuşa və bütövlükdə Dağlıq Qarabağın gələcək işğaldan qurtulması, xilas olunması istiqamətində atılmış böyük addım idi: "Öz strateji əhəmiyyətinə görə Daşaltı kəndi ermənilərin əlində idi. Erməni hərbi birləşmələri həmin kənddə birləşmişdi. Strateji mövqeyinə görə olduqca əhəmiyyətli yerdə yerləşirdi. Həm Şuşa, Laçın, həm də Şuşa-Laçın yolu o kənd vasitəsilə atəşə tutula bilirdi. O kənddən Şuşaya təhlükə var idi, ətrafındakı erməni kəndlərinə dəstək olunurdu. Eyni zamanda Şuşa ilə Laçının arasındakı rabitə də təhdid altında idi. Birgə əməliyyatların keçirilməsində böyük problemlər yaranırdı. Azərbaycan ordusu təzə yaranmışdı, gücü, qüvvəsi yox idi. Ancaq azsaylı könüllülərdən ibarət ordu idi. Lazım olan silah, texnika da yox idi. Ermənilərin arxasında xeyli planlı, uzun illər hazırlaşdırılan güc var idi. Əsas da imperiyanın qoşunları, Rus hərbi birləşmələri həmin planlı arxa idi ki, sonralar da Qarabağın işğal olunmasında rolu oldu. Xocalı faciəsi də rusların bilavasitə iştirakı və rəhbərliyi altında həyata keçirilmişdi.
Rəsmi qüvvələr ermənilərin tərəfində idi. Azərbaycanın isə belə bir gücü yox idi. Şuşada özünümüdafiə batalyonu fəaliyyətə başlamışdı. Bu batalyon Şuşanın özünü saxlamağa çalışırdı. Sovet ittifaqının uzun illər yaratdığı agentura şəbəkəsi hərbi əməliyyat keçirilən ərazilərdə fəaliyyət göstərirdi. Bu şəraitdə Azərbaycanın müdafiə naziri Tacətdin Mehdiyev qarşıya məqsəd qoymuşdu ki, Şuşa-Laçın yolunun təhlükəsizliyini təmin etmək üçün Daşaltı kəndindəki ermənilərin atəş nöqtələri susdurulmalı və bu kənd alınmalıdır. Strateji baxımdan arzuolunan hadisə ola bilərdi. Ermənistanla Qarabağ separatçılarının əlaqəsi bu yolla təmin olunurdu. Şuşa və Laçının alınması Ermənistanla Qarabağı birləşdirirdi. Bu şəraitdə Daşaltı əməliyyatı 25 yanvar 1992-ci ildə keçirildi. Uğursuzluqla nəticələndi. Bunun da bir sıra səbəbləri var idi. Ordumuzun tam hazır olmaması, texnikanın zəif olması səbəblərə aid idi. Nə qədər texnika zəif olsa da, qəhrəman əsgərlərimiz var idi. Daşaltı əməliyyatında 90 nəfərdən artıq şəhid verildi. İtkin düşmüş hesab olunanların da bir hissəsi yəqin ki, şəhid olmuşdular. O dövrdə baş qərargah rəisi Şahin Musayev idi. Şuşa alınandan sonra bu faciədə onun rolu sübut edildi, xüsusi təyyarə ilə Moskvaya uçdu. Şuşanın rəsmi idarəetməsində, polisində, İcra Hakimiyyətində də rusların agentura şəbəkəsi fəaliyyət göstərirdi. Yerli bələdçilərin içində xainlər olmuşdu. Böyük xəyanət nəticəsində Daşaltı əməliyyatına gedən əsgərlərimiz pusquya düşüb məhv olmuşdu. Xain addımların olmasını əməliyyatın gedişatına baxdıqda dərhal görünür. Bu bir xəyanət idi.
Xəyanət ən strateji yüksəkliklərin birində ermənilərin möhkəmlənməsinə səbəb oldu. Ermənilərin ruh yüksəkliyinə gətirib çıxardı. Şuşa qalasının işğalına yol açdı. Şuşa və Laçının işğalı isə Dağlıq Qarabağın işğalını tamamladı. Tarixi baxımdan bu əməliyyat strateji yerinə, sonrakı nəticələrinə görə Azərbaycanın son yeni tarixinin ən böyük faciələrindən biri idi. 30 il sonra da işğalda qalmasının əsas səbəblərindən biri həm də daşaltı xəyanəti idi".
"Əməliyyatda adı keçən bir sıra insanlar var ki, onların adları araşdırılmalıdır. Əsas da bələdçilər araşdırılmalıdır. Postlardakı bələdçilərdən iki nəfər gəlməmişdi. Sonra da onlar axtarıldı, amma tapılmadı. Niyəsi məlum deyil. Şuşa polisinin o zamankı rəisinin rolu nə idi, bilinmir. Həmin bələdçiləri də o tapmışdı. Şahin Musayevin xəyanəti məlum idi.
Tacəddin Mehdiyevin bu əməliyyatı həyata keçirib Daşaltı kəndini tutması və Şuşa-Laçın yolunun təhlükəsizliyini təmin etmək istəməsi hiss olunur. Yenə də proses tam halda araşdırılmalıdır. Buradan çox sayda çıxarılmalı dərslər var. Hər bir dövlət o zaman dövlət olar ki, onun qapıları yaxşı qorunsun, güclü ordusu olsun. Bu gün də içimizdə Sovet dövründən rus xüsusi xidmət orqanları tərəfindən formalaşdırılmış şəbəkələrin mövcudluğu heç kimə sirr deyil. 5-ci kalon adlandırdığımız kalonlar Rus, İran, Avropa dövlətlərinə məxsusdur. Bunların mövcudluğu yenidən ölkəmizi hansısa faciələrə gətirib çıxara bilər. Azərbaycan elə strateji bölgədə yerləşir ki, bölgə daim dünya qüvvələrinin zərbəsi altında olacaq. Qafqaz, Anadolu, Yaxın Şərq dünyanın ürəyi olan ərazilərdir. Daim bizim üzərimizdə təhdid və təhlükə olacaq. Daşaltı kimi digər faciələrimiz də var. Nəticə çıxarıb cəmiyyətimizin və dövlətimizin təhlükəsizliyini təmin etmək istiqamətində düşünməliyik. Güclü, yüksək peşəkarlığı olan, texnologiya ilə təchiz olunmuş orduya malik olmağımız vacibdir. Ən əsası arxa cəbhəmizi, daxilimizi, həm də casus şəbəkəsindən təmizləmək üzərində fikirləşib qəti addımlar atmalıyıq. Dövlətimizin, xalqımızın, ordumuzun monolitliyini təmin edib dövlət təfəkkürünü bütün kadr potensialımıza oturtmalıyıq. Keçmişi, bu günü, hədəfləri bəlli, məlum olmayan insanlardan dövlətimizin rəhbər strukturlarını tamamilə təmizləməliyik. Məncə, Daşaltı əməliyyatının bizə verdiyi ən böyük dərs budur. Əməliyyat bilavasitə xəyanətin nəticəsində uğursuzluğu düçar olmuşdur. Xəyanətin nəticəsində əmələ gəlmiş dərslər qələbə nəticəsində əmələ gəlmiş dərslərdən qat-qat dərin və genişmiqyaslıdır" - deyə tarixçi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB