Avropa institutları iki standart, milli və dini ayrıseçkilik girdabında
Avropa İttifaqı bir xristian təşkilatı, birliyidir. Nəzərə alsaq ki, bu coğrafiyada qeyri-xristianlarla yanaşı əsasən müsəlmanlar yaşayır, deməli dini ayrı-seçkilik deyiləndə dərhal islam dininə sitayiş edənlər yada düşür. Səhv də etmirik, “qoca qitə”də xristianların din problem yaşanır. Bu yanaşma bütün sferalarda özünü büruzə verir, cəmiyyət arasında da, müxtəlif dövlət qurumlarında da. Fərq etməz təhqirə, ayrı-seçkiliyə məruz qalanlar həmin ölkənin vətəndaşları da ola bilərlər. Yəni diskrinimasiyadan heç bir müsəlman sığortalanmayıb. Xristiansansa səhv addımın, hətta cinayətin bağışlanacaq, müsəlmansansa haqqını qorumaqda problemlər yaşayacaqsan.
Türkiyə 50 ildən artıq idi ki, Avropa İttifaqına üzv olmaq üçün qapıda gözləyirdi. Ankara qarşısında hər il yeni tələblər qoyulurdu. Türkiyə nə qədər Avropa kriteriyalarını qəbul etsə də, yenə gözləmədə saxlayırdılar. Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra məsələyə yenidən baxıldı və İttifaqa qoşulmaqdan imtina edildi. Bu, tam düzgün qərar idi. “Avropa kriteriyaları” deyilən cəfəngiyyatın əslində bəzi dövlətlər üçün baryer rolunu oynadığı bəlli oldu. Bu gün nə Türkiyədə, nə də Avropada qardaş ölkənin üzvlüyə qəbul olunması artıq gündəmdən çıxarılıb. Avropa qitəsinin tam göbəyində yerləşən Bosniya və Hersoqovinaya da münasibət eynidir, yenə din məsələsi. Halbuki, Avropa əlində olan din adlı silahla, “insan haqları”, “demokratiya”, “söz və mətbuat azadlığı” adlı dəyənəklə çox ölkələrə hədə-qorxu gəlir, hətta bəzilərini sındıra da bilir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul ediləndə Brüssellə Bakının məqsədləri fərqli idi. Bakı “Dağlıq Qarabağ” probleminin həlli naminə Ermənistanın da üzv olduğu bu təşkilatda olmaq, müzakirələrdə yaxından iştirak etmək və lazımi anda cavab reaksiyası vermək niyyətində idi. Nəzərə alsaq ki, Avropanın başqa bir institutu – ATƏT-də Minsk qrupu yaradılmışdı ki, bu qurum da Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı idi. Yəni bütün platformalar Avropanı göstərirdi. Azərbaycan Ermənistanın “oynadığı meydançada” olmağı lazım bilirdi və vacib hesab edirdi. Brüsselin isə niyyəti tam fərqli imiş, Bakını Qarabağın itirilməsinə razı salmaq. Əslində üç həmsədr ölkənin – Rusiya, Fransa və ABŞ-ın fəaliyyətində başqa çalarlar tapmaq da mümkün deyildi. Belə olmasaydı 3 nəhəng dövlət, dünyanın supergücləri Ermənistanın əlində “aciz duruma düşməzdilər”. Yəni görüntü də, nəticə də bunu deməyə əsas verir. Hər üç dövlət beynəlxalq nüfuzunu Ermənistanın, erməni lobbisinin utopiyasına, mifinə, fərziyyəsinə, uydurmasına qurban verirdi. Amma illər keçəndən sonra anlaşıldı ki, həmsədr ölkələrin məqsədi nə insan haqlarının, nə ərazi bütövlüyünün, nə də beynəlxalq qanunların qorunması deyilmiş, bu niyyətin arxasında hələ XI əsrdən başlanan və bu gün də davam edən səlib yürüşünü davam etdirmək, yeni məkanlar ələ keçirmək və Şərqə doğru genişlənmək dayanıb. Ermənistan adlı qondarma dövlət bu missiyanı yerinə yetirmək üçün hər şeyini ortaya qoyub.

Bir müddət Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaqla özünü “ağalarının” yanında etibarlı nökər kimi təsdiq edə bildi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, prinsipiallığı, milli maraqları qorumaq istəyi və xalqı bir yumruqda birləşdirməsi təkcə Ermənistanın yox, Avropanın da məkrli və çirkin niyyətlərini puça çıxardı. 44 günlük müharibə işğalçı ordunu torpaqlarımızdan qovmaq üçün bəs etdi. Azərbaycan bu müharibədə avropalıların bacarmadığı humanizm prinsiplərinə əməl etdi. Mülki vətəndaşlara qarşı həssaslıqla yanaşdı, itkilərin az olması üçün daha dəqiq silahlardan və həssas üsullardan istifadə etdi. Ötən ilin sentyabr ayında isə separatçılığın kökünü kəsməklə suverenliyini tam şəkildə bərpa etdi.
Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdiyini müxtəlif tribunalardan səsləndirdi, onların Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda bu torpaqlarda digər etnik xalqlar kimi yaşaya biləcəkləri xüsusi olaraq qeyd edildi. Amma, separatçılar ən son anda da çirkin oyunlarını bu dəfə ermənilər üzərində qurmağı bacardılar. Qarabağda yaşayan ermənilər, Azərbaycan hakimiyyətinin çağırışlarına baxmayaraq, öz istəkləri ilə Ermənistana köçmək qərarına gəldilər. Laçın sərhəd keçid məntəqəsində jurnalistlərin apardığı sorğu zamanı da məlum oldu ki, erməniləri Qarabağdan köçməyə separatçılar məcbur edir. Deməli, köçən bəlli, köçürən bəlli, “köçmə” deyən də bəlli və bütün bunları isbat edəcək sübutlar da ortada, onda Avropa Şurasının, Fransanın, Brüsselin, Almaniyanın Azərbaycanı insan haqlarını pozmaqda ittiham etməsi hansı faktlara söykənir. Əlbəttə, “fakt”lar yoxdur.

AŞPA-dan çirkli oyunlar
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Belə ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Diqqət edin, əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib. Absurd yanaşmadır, beynəlxalq təşkilatın münayəndəsi müstəsna səlahiyyətlərə malik bir persona deyil. Əlbəttə, monitoriq aparmaq üçün hakimiyyət qurumları ilə birgə işləmək lazımdır və həm də bütün ölkələrə yanaşmada fərqlilik olmamalıdır. İkili standartların olduğu yanaşma qərəzlidir, ona görə də əvvəlcə avropalılar fəaliyyətlərində obyektivliyi qorumağı bacarmalıdırlar. Avropa Şurasının nümayəndələri minadan hələ tam təmizlənməmiş ərazilərə daxil olmağa çalışır, təbii ki, buna icazə verilməyəcək. Digər tərəfdən AŞPA üzvləri Laçın sərhəd keçid məntəqəsinin işini təftiş etməyə gedərkən ermənilərin qarşı tərəfdən atəş açmayacağına zəmanət yoxdur.
Qaldı, “siyasi məhbus” məsələsinə, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, ölkəmizdə siyasi məhbus yoxdur, Avropa təşkilatlarının kürəyinə “siyasi məhbus” “peçat”ı vurduğu şəxslərə gəlincə, onlar konkret cinayət törətmiş şəxslərdir və cəzalarını da alacaqlar. Avropalıların narahat volması da təbiidir, çünki, həmin “siyasi məhbuslar” elə bəlli dairələrə çalışan marionet ünsürlərdir. Məhz onların “fəaliyyəti” sayəsində avropalılar az qala bizi soyqırımı törətmiş bir dövlət kimi təqdim etməyə hazırlaşırlar. İnsan haqlarının “pozulması”nı isə heç demirəm.

İslamofoblar, türkofoblar
Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir ki, Azərbaycanın AŞPA-da səsini dondursun. Olsun, Azərbaycan Avropa ilə nəfəs almır, bu qurum onsuz da əhəmiyyət kəsb etmir. Məsələ ondadır ki, bu, Azərbaycana qarşı atılan ilk belə addım deyil, böyük ehtimalla son da olmayacaq. Çünki sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrin, o cümlədən almaniyalı deputat Frank Şvaben kimilərin düşərgəsinə çevrilib. Sosial Demokrat Partiyasının üzvü olan və Kansler Olaf Şoltsa yaxınlığı ilə bilinən F.Şvaben Cənubi Qafqazla xüsusi maraqlanır. Bir çox AŞPA nümayəndəsi kimi F.Şvabenin də erməni lobbisi və diasporu ilə yaxın əlaqələri var. Digər diqqətçəkən məqam isə onun neonasist Pegida hərəkatının üzvləri ilə münasibətinin olmasıdır. Bütün bunları ümumiləşdirdikdə F.Şvabenin də islamofob, türkofob olduğu üzə çıxır. F.Şvaben faktoru həm də başqa bir məsələni gündəmə gətirir: söhbət Fransa və Almaniyanın tandem şəklində çıxış etməsindən gedir. Aydın məsələdir ki, Fransa bir çox hallarda öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Fransa AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə edir. Bakının cavabı sərt olacaq. Azərbaycanın təşkilata etirazı nümayəndə heyətimizin qurumdakı fəaliyyətinin dayandırması ilə nəticələnə bilər. Bu gün Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur. Bakı Qarabağ probleminin həllinə görə AŞPA-ya üzv olmuşdu. Artıq bu problem həll olunub.

Ermənistan+Azərbaycan=sülh?
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda səfərdə olub, yanvarın 22-də o, azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşüb. Səfərin ikitərəfli olduğu görünür. Amma xatırlamaq lazımdır ki, Overçuk və Mustafayev Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması üçün yaradılmış Rusiya-Azərbaycan-Ermənistan işçi qrupuna rəhbərlik edirlər. Overçuk Mustafayevlə danışıqlar apararaq “Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair 2024–2026-cı illər üçün Yol Xəritəsi”ni imzalayıb. Rəsmilər müxtəlif sahələrdə uğurları qeyd edərək, eksklüziv olaraq ikitərəfli gündəmdən danışıblar.
Azərbaycanla Ermənistan arasında kommunikasiyaların blokdan çıxarılması Bakı üçün son dərəcə vacibdir. Çünki bu, Azərbaycandan-Azərbayycana prinsipinin həyata keçirilməsini, yəni Ermənistan ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni nəzərdə tutur. Xatırladırıq ki, kommunikasiyaların açılmasına dair razılaşmanın özü Rusiya Federasiyası, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci ilin noyabrında üçtərəfli bəyanatında qeyd olunub. Sənədin 9-cu bəndində deyilir: “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Azərbaycan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir”.
Ermənistanın təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsi isə reallıqla uzlaşmadığı üçün havadan asılı qalıb. Əksinə, “Zəngəzur dəhlizi” layihəsi həm də bütün növ logistik marşrutların açılmasından bəhs edir. Bu arada, Ermənistanın Tətbiqi Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi Sergey Melkonyan qeyd edir ki, İrəvanın bu gün ona uyğun olmayanı dəyişmək imkanı yoxdur. “9-cu bənd Ermənistanın maraqlarına əsaslanmayıb, lakin o, buna imza atıb. Nəyisə dəyişmək mümkün idi, lakin bunun üçün başqa formatlar lazımdır, lakin onlar işləmir”, - ekspert qeyd edib.
Azərbaycan və Ermənistan nümayəndələri 2023-cü ilin birinci yarısında Aİ və ABŞ-da görüşərək bir-biri ilə fəal qarşılıqlı əlaqədə olublar. Hətta bəzi məqamlarda belə görünməyə başladı ki, tərəflərin müzakirə etdiyi sülh müqaviləsi Qərbdə hardasa imzalana bilər, bu da Moskvanın narazılığına səbəb oldu. Ancaq ilin sonuna qədər hər şey dağıldı. İlham Əliyev Qərbi İrəvanla yanaşı oynamaqda ittiham etdi və Bakının Qərb vasitəçiləri ilə danışıqlarda iştirakını qəfil məhdudlaşdırdı. Aİ və ABŞ hələ də Azərbaycan nümayəndələrini müzakirələrə dəvət edə bilməyib.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB