Bir atalar sözünün tez-tez yada düşməsi, daha dəqiq desək, “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarırlar”, zərb məsəlinin son zamanlar vaxtaşırı xatırlanması heç şübhəsiz ki, səbəbsiz deyil. Ona görə səbəbsiz deyil ki, son vaxtlar bir çoxları, ələlxüsus da avropalı siyasətçilər elə məhz həmin atalar misalında olduğu kimi, başqalarının gözündə tük axtardıqları halda, qətiyyən öz gözlərində tiri görmürlər. Belələrindən biri də Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko imiş və belə çıxır ki, onun da öz gözündə tiri görə bilməmək kimi bir çatışmamazlığı varmış və yəqin həmin tiri ona göstərmək gərəkirmiş.
Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı guya alçaldıcı rəftar barədə xəbərlərdən sən demə şoka düşübmüş həmin bu Mixalko. O, bu barədə özünün X platformasındakı hesabında yazıb. Maraqlıdır, görəsən Aİ-nin Azərbaycandakı missiyasının rəhbərini şoka salan nə imiş? Sual oluna bilər ki, o haradan və hansı əsasa görə belə qənaətə gəlib ki, Azərbaycanda bəzi jurnalistlərə qarşı alçaldıcı rəftar olunub? Hansı alçaldıcı rəftardan söhbət gedir? Qanun pozuntusuna yol verən şəxsin bir ölkənin qanunları ilə mühakimə edilməsi nə vaxtdan alçaldıcı rəftar hesab olunub? Daha bir sualımız da var həmin o Mixalkoya. “Azərbaycanın jurnalistlərini və media işçilərini peşə bayramları münasibətilə təbrik edirik! Azad və müstəqil media müasir cəmiyyətin təməlidir və mühüm işlərinə görə qorunmağa, dəstəklənməyə və tanınmağa layiqdir!”, deyə ötən il özünün müvafiq tvitində qeyd edən həmin o Mixalko deyildimi və indi birdən-birə nə dəyişdi ki, rəftar “alçaldıcı” oldu? Yəqin ki, elə Peter Mixalko da avropalı siyasətçilərə qoşulub Azərbaycanda ‘tük axtarmaq” fikrindədir. Amma belə bir halda, biz ona öz gözündə tiri göstərməli oluruq ki, onun da, ona oxşarların da ağlı başına gəlsin.
Mixalkonun bu vaxta qədər dediklərindən, tvitindən belə qənaətə gəlinir ki, o, Azərbaycanda azad və müstəqil medianın mövcudluğunu artıq tanıyıb və bunu qəbul da edib. Ən azından ifadə etdiyi fikirlər barəsində təkcə bizdə yox, elə Avropada da, hətta dünyada da belə məlumatlı şəxslər kifayət qədərdir. İndi həmin şəxslər özləri də ona sual edə bilərlər ki, bir neçə yerli jurnalistin həbsi faktlarına əsaslanaraq, Azərbaycanda mətbuatın ümumi durumu ilə bağlı hansı haqla və hansı əsasla qeyd olunan yanlış nəticəni çıxarmaq olar? Onun özünə bu barədə xatırladıla bilər axı. İlk növbədə biz özümüz ona xatırlatmaq istərdik ki, yanaşması heç də dürüst və obyektiv yanaşma deyil. Əksinə, daha çox qərəzli yanaşma olduğu və ilk baxışdan belə, kimlərinsə dəyirmanına su tökdüyü təəssüratı bağışlayır. Əgər bir ölkədə jurnalistin işinə məhkəmədə baxılırsa, buna, onun təbirincə desək, “alçaldıcı rəftar” adını necə qoymaq olar? Jurnalist də ölkənin bir vətəndaşıdır və ölkənin Konstitusiyasını rəhbər tutaraq, onun işinə məhkəmədə, ölkənin qanunları çərçivəsində baxılmasında qeyri-adi nə var ki, Mixalko buna təcili şəkildə “rəy bildirməli” olub və hətta çox qərəzli yanaşma ortaya qoyub?
Maraqlıdır, Peter Mixalko kimiləri bir dəfə də olsun Ermənistan tərəfinin jurnalistlərə qarşı etdikləri uyğunsuz əməllər barədə nə tvitində, nə də fikirlərində bir kəlmə də qeyd etmirlər. Bəlkə o özü, yaxud da bütövlükdə Avropa məhz rəsmi İrəvanın jurnalist hüquqlarını necə pozduğunu, azad sözün həmin ölkədə necə boğulduğunu bilmir? Bilir. Özü də hər biri çox yaxşı bilir, amma onlar bu barədə bir kəlmə də qeyd etmirlər və ağızlarına su alıb susurlar. Tutaq ki, Mixalko Ermənistanda jurnalist hüquqlarının, söz azadlığının pozulduğuna burnunu soxmur, qarışmır. Erməni jurnalist David Sarkisyanın Ermənistan hakimiyyətini tənqid edən bircə reportajına görə məsuliyyətə cəlb olunması, mövcud hakimiyyətə müxalif mövqedə olan 168.am müstəqil xəbər saytının işinə rəsmi İrəvanın müdaxilə etdiyinə, belə zənn edək ki, o qarışmaq istəmir. Əvvəla, sual oluna bilər ki, niyə məhz Azərbaycanın işlərinə, özü də məhkəmə yolu ilə, qanun çərçivəsində aparılan işlərə burun soxulur? Həm də soruşula bilər ki, bəs Mixalko həmin işğalçı ölkənin apardığı siyasət sayəsində Azərbaycan jurnalistlərinin hətatını itirməsini də bilmirmi? 2021-ci ilin iyununda 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətinə qayıdan Kəlbəcər rayonunda AzTV telekanalının operatoru Sirac Abışovun və AZƏRTAC xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun məhz Ermənistan tərəfinin basdırdığı mina partlayışı səbəbindən həyatını itirdiyini də bilməyə bilərmi? Əlbəttə ki, bilməyə bilməz, çünki iki jurnalistin məhkəməyə cəlb olunmasından dərhal sonra xəbər tutub dırnaqarası “münasibət” bildirən birinin bu barədə, jurnalistin öz peşə fəaliyyətini yerinə yetirərkən mina terroru səbəbindən dünyasını dəyişdiyini bilməyə bilməz. Onu da bilməyə bilməz ki, Azərbaycan öz ərazində mina basdırmayıb və minalar erməni işğalçıları, Ermənistan tərəfindən basdırılıb. Deməli, Konstitusiyaya istinad edilərək, qanuni şəkildə jurnalistin məhkəmədə işinə baxılması deyil, onun mina terroru səbəbindən dünyasını dəyişməsi müzakirə mövzusu olmalı idi və Mixalko bu barədə çağırış etməli, mina terrorunu həyata keçirən, həmin terror səbəbindən də jurnalistlərin qətlinə səbəbkar olan Ermənistan rəhbərliyini qınamalı idi. Amma biz bunu müşahidə etmədik və gördük ki, o, bu terrorun qurbanlarına yalnız başsağlığı verməklə işini bitmiş hesab edib. Belə çıxır ki, Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalkonun tir olan gözündə problem var imiş. Təbii ki, Qərbin, Avropanın ikili standartları, ikili yanaşması, ədalətsiz mövqe sərgiləməzi və ölkəmizə qarşı qərəzli yanaşması yenilik deyil. Biz belə halların dəfələrlə şahidi olmuşuq və indi Mixalko kimi birinin dediklərinin, ittihamlarının boş və mənasız söz yığınından başqa bir şey olmadığı göz önündədir.
Biz Mixalkoya daha bir misal, daha bir nümunə çəkmək istərdik və bu nümunə təkcə onun üçün yox, birbaşa Avropa üçün deyilməli olan nümunədi. Məsələn, jurnalist Culian Assanj ətrafında yaranmış vəziyyəti xatırlatmaq yerinə düşər. Londonda həbs edilən “WikiLeaks” saytının yaradıcısı Culian Assanj barəsində Mixalko çox yaxşı bilir, amma görünür, ona bu barədə də xatırlatmaq, yaddaşını təzələmək gərəkirmiş. Hətta sual da etmək lazım gəlir ki, görəsən, o bilmirmi ki, indi həmin jurnalist haradadır? Bilmirmi ki, o, səfirlikdə nə qədər vaxt keçirib? Xəbəri yoxdurmu ki, 47 yaşlı Avstraliya vətəndaşı Culian Assanj 2012-ci ildən siyasi sığınacaq tələbi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənirdi? Onu da bilmirmi ki, Assanj məhz jurnalist fəaliyyətinə görə girov saxlanılmışdı? Bəlkə onun vəkili Cennifer Robinzonun məhz Assanjın ABŞ-a ekstradisiya tələbinə qarşı mübarizə aparacaqlarını da, həmçinin Ekvador prezidenti Lenin Moreno tərəfindən məhz Assanjı edam cəzasının qüvvədə olduğu bir ölkəyə göndərməyəcəyinə dair İngiltərənin zəmanət verdiyi barədə açıqlamasını da bilmir? Bilmirsə, bunu ona xatırlatmaq tam yerinə düşür və istərdik ki, ilk növbədə öz gözündə tiri görsün və başqalarının gözündə tük axtarışına çıxmasın. Birdəfəlik dərk etsin ki, onun özünün də, təmsil etdiyi Avropanın da azad mətbuatdan danışmağa mənəvi haqqın yoxdur və yaxşı olar ki, öz gözlərini vaxtaşırı təmizləsin.
Həqiqətən də Azərbaycanın daxili işlərinə, özü də hüquqi müstəvidə, həm də qanuni şəkildə apardığı işlərə burun soxan Qərbin, Avropanın öz daxilində yetərincə problemləri var və bu barədə kəskin şəkildə müxtəlif mənbələr də qeyd edir. Məsələn, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyi məhz Afrika əsilli insanların demək olar ki, yarısının Avropa Birliyində müntəzəm olaraq irqi ayrı-seçkilik və zorakılıqla üzləşdiyini müəyyən edib. Avroa İttifaqına üzv olan 13 ölkədə təxminən 6750 qaradərili arasında keçiriən sorğu bunu təsdiq edib. Euronews-un məlumatına görə, Avstriyada 67%, Almaniyada 65% olmaqla, qaradərililərin demək olar ki, üçdə ikisi həyatlarının müxtəlif sahələrində irqi ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. Məlumatda həmçinin bildirilir ki, irqçilik halları 2016-2022-ci illər arasında yalmız artmaqdadır. Son araşdırmalar da təsdiq edir ki, iqçilik, irqi ayrı-seçkiliklə bağlı hallar hələ də artmaqdadır. Amma Mixalko və onun kimi avropalı ağızbüzənlər, öz gözündə tiri görməyənlər bunu görməməzliyə vurur. O, vətəni Slovakiyada baş verənlərə görə də ağına su alıb susur. Xüsusən də 2023-cü ilin yanvarında Slovakiya parlamentində hökumətin kibertəhlükəsizlik qanun layihəsinə baxılması ilə əlaqədar Slovakiyada və Avropada yaranan tənqid dalğasını guya ya görməyib, ya da bu barədə bilmir. Guya onu da bilmir ki, öz ölkəsində Ali İnzibati Məhkəməyə saytları bloklamaq təşəbbüslərini təmin etmək hüququnun verilməsi təklif edilib və orada partiya sədri Pavol Slota öz müsahibəsində saytların bloklanması hərəkətlərini “totalitar təcrübə” adlandırıb. “Mən əmin idim ki, azad ölkədə yaşayıram. Heç bir AB rəsmisinin mənim üçün hansı məlumatı əldə edə biləcəyimi və nəyi əldə edə bilməyəcəyimi seçmək hüququ yoxdur”, deyə bəyan edən Slota əslində, vəziyyətin necə olduğunu açıq şəkildə ortaya qoyub və məlumat, mətbuat azadlığı baxımından məhdudiyyətlərə məruz qaldığını etiraf edib. İndi ağız dolusu danışan Mixalko bax bunları bir gözdən keçirmiş olsa, gözündəki tir də düşər və ətrafına qüsurlu şəkildə baxmaz.
Avropa İttifaqı ərazisində bir dənə də olsun məscid olmayan yeganə ölkənin Slovakiya olduğunu da guya Peter Mixalko bilmirmi? Onu da bilmirmi ki? Slovakiyada İslam dini tanınan və ya dövlət qeydiyyatına alınmış din deyil? Bilir, çox yaxşı bilir. Hətta onu da bilir ki, Slovakiya konstitusiyası din azadlığına zəmanət verdiyi halda, ölkəsində islamafobiya geniş yayılıb. Bilir ki, Etnik Mənsubiyyətlər və Mədəniyyətlər üzrə Araşdırmalar Mərkəzinin məlumatına görə, Slovakiya sakinlərinin 70%-dən çoxu ölkədə İslamın mövcudluğunun kökündən əleyhinədir və hətta müsəlmanların öz dinlərinə etiqad etməsinə və İslam mərkəzləri tikməsinə icazə verilməsinin əleyhinədir. Yaxşı bilir ki, bu, dini və milli dözümsüzlük, ksenofobiya, eləcə də irqçilikdir. Dərk edir ki, bu irqçilik ölkəsində geniş yayılmışdır və slovakların böyük əksəriyyəti tərəfindən də dəstəklənir. İndi ondan sual oluna bilər ki, onun öz ölkəsi, məhz slovaklar üçün belə biabırçı mövzu olduğu halda, hansı üzlə Azərbaycan barədə hədyan danışır? Öz ölkəsində, öz cəmiyyətində bu boyda iyrənc vəziyyəti görməyən, daha doğrusu görməməzliyə vuran birisi, hamı üçün gülünc görünən səbəbləri Azərbaycanda axtarmaqla onu təsdiq edir ki, başqasının gözündə tük axtardığı halda, sadəcə olaraq, öz gözündə tiri görmür. Bəli, Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko və onun kimiləri öz gözündə tiri görməyənlərdirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB