“COP29-un keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana verdiyi dəyərdir” - POLİTOLOQ ŞƏRH ETDİ
“2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə həyata keçiridyi fəaliyyətin bundan sonra da davam etdirəcəyini göstərir. Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamında Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub. Sənəddə, eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyi bildirilib. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb və artıq bu istiqamətdə bir sıra işlər görülüb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub: “İqlim dəyişiklikləri ilə mübarizədə qlobal fəaliyyətə töhfə kimi bir neçə öhdəlik götürülüb. 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 35, 2050-ci ilə qədər 40 faiz azaldılması hədəf kimi qəbul edilib. Eyni zamanda yaşıl enerjiyə keçid istiqamətində bərpa olunan enerji mənbələrindən istifadə həcminin 2030-cu ilə kimi 30 faizə qədər qaldırılması hədəflənib.
Hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. Ümumiyyətlə isə ölkəmizin alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür.
Ölkəmizdə bərpaolunan enerji potensialının yüksək olması isə təbii olaraq istər Qarabağda, istərsə də Naxçıvan Muxtar Respublikasında yaşıl enerji layihələrinin həyata keçirilmsinə beynəlxaq marağı daha da artıracaq. Məlumdur ki, Respublikamız artıq 3 əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisin istehsal ediləcəyi, bu həcmin 10 qiqavatının “Masdar” şirkəti, 12 qiqavatının “Fortescue” şirkəti üzərinə düşdüyü nəzərdə tutulub. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb.
Göründüyü kimi həm artıq görülmüş işlər, həm də qarşıya qoyulan hədəflər ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı davamlı mübarizə apardığını əyani şəkildə sübut edir. Bu isə təbii olaraq beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Bu qərar dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB