"Prezident İlham Əliyev favoritdir və açıq şəkildə qalib gələcək" - ŞƏRH EDİLDİ
“7 fevral seçkiləri Azərbaycan tarixində izi qalacaq seçkilərdəndir. Məsələ ondan ibarətdir ki, bu seçki ilk olaraq torpaqlarımız işğaldan azad edildikdən sonra və bütün ölkə ərazisində keçiriləcək”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Onun sözlərinə görə, istər seçki prosesinin özü, istərsə də iştirak edən namizədlər tarixə düşəcək şəxslərdir: “Seçki prosesi qanunvericiliklə tənzimlənir və Azərbaycan Konstutisiyasında göstərilən müvafiq tədbirlərin görülməsinə, habelə seçki kampaniyasının təşkilinə icazə verilib. Bu bütövlükdə demokratik dəyərlər əsasında şəffaflıq ön planda olmaqla təklif edilir. Təsadüfi deyil ki, ötən gün İctimai TV-də təşviqat kampaniyası çərçivəsində namizədlər və onların səlahiyyətli şəxsləri ilk çıxışlarını etdilər”.
T.Rzayev bildirib ki, bütün namizədlərin təşviqat kampaniyaları və vədləri olduqca maraqlı və diqqətçəkəndir: “Prezident İlham Əliyev favorit kimi öndə və qalibiyyətə daha yaxın olsa da digər namizədlər də ictimai nüfuz baxımından elə də zəif deyillər, kifayət qədər tanınan və hörmət görən insanlardır. Onların hər birinin həm daşıdıqları ideologiya, həm də ümumi mənada fəaliyyətləri əsasında seçki kampaniyası yaratdıqlarını demək olar”.
Müsahibimiz sonda qeyd edib ki, təşviqat kampaniyaları o baxımdan əhəmiyyətlidir ki, namizədlər burada vədlərini, seçiləcəyi təqdirdə nələr edəcəklərini vurğulayırlar: “Seçki öncəsi səs toplamaq baxımından bu tipli kampaniyalar olduqca vacib və əhəmiyyətlidir. Faktiki olaraq istər bundan öncəki, istərsə də indiki seçkilərdə Azərbaycan bu tip məsələlərlə yaxından maraqlanır. Namizədləri bu şəkildə daha yaxından tanımağa nail olurlar. Onsuz da namizədlərin əksəriyyəti sosial şəbəkələrdə aktivdirlər. Bu və ya başqa formada seçicilər onları tanıyır. Amma seçki prosesində onların artıq bir prezident namizədi kimi nələr vəd edəcəyi məsələsi aktualdır. Bir daha qeyd etmək lazımdır ki, seçkilərdə vətəndaşların səsinin 50%-nin əldə edilməsi istiqamətində təşviqat kampaniyaları olduqca vacibdir. Bütün namizədlərə uğurlar arzulamaq lazımdır, amma mənim subyektiv görüşüm bu yöndədir ki, Yeni Azərbaycan Partiyasının namizədi, Prezident İlham Əliyev favoritdir və inanıram ki, açıq şəkildə qalib gələcək. Çünki Qarabağ zəfərini bizə bəxş edən müzəffər Ali Baş Komandan İlham Əliyevin seçki öncəsi etdikləri və xalqa verilən sözləri yerinə yetirməsi onu digər namizədlərdən açıq-aşkar öndə aparır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB