“Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır” - ŞƏRH EDİLDİ

“Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır” - ŞƏRH EDİLDİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibə nəinki ölkəmizdə, dünya ictimaiyyətində də geniş əks-səda doğurub. Çünki ölkə rəhbəri yeni dövrün yeni reallıqlarını ortaya qoymuş və onun gələcək perspektivlərini, yollarını şərh edib. Əlbəttə bu ölkənin müstəqilliyinin təmin olunması, onun qüdrətinin yüksəldilməsindən və Azərbaycan xalqının həmrəyliyindən keçir. Bu yol asan qazanılmayıb, bu yolda Azərbaycan xalqı ağır məhrumiyyətlərə düçar olub. Bu yol bizi qələbələrə aparıb və biz bu yolda düşmənin başının əzildiyini, uzun illər işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasını, Xankəndində hərbi paradın keçirilməsini görmüşük”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, yolumuz çətin olsa da, müdrik rəhbərimiz, Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində xalq bugünkü qələbələrə çatıb: “Buna görə də müsahibəsi zamanı ölkə rəhbəri xatırladıb ki, bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Biz əsas məsələni bir neçə ay bundan əvvəl həll edib, suverenliyimizi bərpa etmişik. Bu qürurla, iftixarla səsləndirilən ifadələrdir və hər bir Azərbaycan vətəndaşının qəlbini riqqətə gətirir. Çünki ölkə rəhbərinin xatırlatdığı kimi yeni dövr 20 sentyabrdan başlayıb. Təbii ki, bu suverenliyimizin tam bərpa olunmasıdır. Ölkə başçısının bu fikirləri həm də dünyaya bir mesajdır. Bütün dünya görür ki, Azərbaycan öz gücü, qüdrəti və ordusu ilə həll olunması məsələləri həll etməyə, düşmənə qalib gəlməyə, beynəlxalq təşkilatların, aparıcı dövlətlərin edə bilmədiklərini yerinə yetirməyə qadirdir.

Son 20 ildə Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət ölkəni iqtisadi, hərbi, siyasi baxımdan yüksək inkişaf mərhələsinə çatdırıb. Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı və davamlıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə